Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 23:43

Rusiya ABŞ-ın ‘faydasız sanksiyalarını’ kəskin tənqid edir


Rusiya Xarici İşlər Nazirliyi

Rusiyanın Xarici işlər Nazirliyi ABŞ-ın Rusiya şirkətlərinə və fərdlərinə qarşı son sanksiyalarına kəskin reaksiya verərək onları ölkə üzərinə təzyiq göstərmək məqsədilə edilən “faydasız cəhd” adlandırıb.

Nazirliyin iyunun 12-də yaydığı bəyanatda deyilir: "Vaşinqtondakılar heç cür sakitləşə bilmirlər və vətəndaşlarımızın və təşkilatlarımızın üzərinə sanksiyalar qoymaqda davam edirlər. Nəticə həmişəki kimi yenə də sıfır olacaq…”

Bəyanatda bu da vurğulanır ki, Rusiyaya qarşı sanksiyalar uğur gətirməyəcək və “ölkəni beynəlxalq meydandakı müstəqil kursunu dəyişməyə vadar edə bilməyəcək”.

Nazirlik Birləşmiş Ştatları “terrorla və başqa real təhlükələrlə ciddi mübarizə aparmaq əvəzinə düşmənləri onların olmadığı yerlərdə yaratmaqda” ittiham edib.

Bəyanatda xəbərdarlıq edilir ki, Moskva Vaşinqtonun son sanksiyalarını iyunun 12-də “Rusiya günü” ərəfəsində elan etməsini də yaddan çıxarmayacaq.

***

Dünən – iyunun 11-də ABŞ Xəzinədarlığı Rusiyadan üç şəxsə və beş şirkətə sanksiya elan edib. Onların Birləşmiş Ştatlar və müttəfiqlərinə qarşı kiber hücumların gerçəkləşdirilməsində Moskvanın hərbi və kəşfiyyat xidmətləri ilə işlədiyi bildirilir.

Maliyyə naziri Steven Mnuchin deyib ki, “Birləşmiş Ştatlar Rusiya Federasiyası adına çalışan məkrli oyunçulara qarşı səylərini davam etdirir”. Xəbəri “Reuters” informasiya agentliyi yayıb.

Sanksiya tətbiq olunan subyektlərin ABŞ yurisdiksiyasındakı əmlakına blok qoyulur, ABŞ vətəndaşlarının onlarla iş görməsi qadağan olunur.

Moskva sanksiyaları, hələlik, şərh etməyib.

Xəzinədarlığın bildirməsinə görə, Rusiyanın “məkrli və sabitsizlik yaradan kiber fəaliyyətinə” ötənilki NotPetya hücumu da daxildir. Həmin hücumdan Avropa, Asiya və Amerikalar ziyan görmüşdü. Fevralda Ağ ev hücuma görə Rusiyanı suçladı, ona milyardlarla dollar ziyan dəydiyini açıqladı, həm də bunu Kremlin Ukraynada sabitsizlik yaratmaq cəhdinin tərkib hissəsi adlandırdı.

Steven Mnuchin
Steven Mnuchin

O zaman ABŞ-ın enerji infrastrukturuna, internet xətlərinə də ziyan dəymişdi.

SUALTI KOMMUNİKASİYA XƏTLƏRİ

Xəzinədarlıq bildirib ki, yeni sanksiyalar Rusiya hökumətinin sualtı imkanlarını da hədəfləyir. “Rusiya fəal şəkildə sualtı kommunikasiya xətlərini izləyir, bu xətlərdə qlobal kommunikasiya datasının əsas hissəsi yerləşir”, – məlumatda vurğulanır.

Sanksiya qoyulan qurumlar Digital Security, ERPScan, Embedi, Kvant Elmi Tədqqat İnstitutu və Divetechnoservices-dir.

Fərdlərsə Divetechnoservices ilə əlaqəsi olanlardır – baş direktoru Aleksandr Lvovich Tribun, proqram meneceri Oleg Sergeyevich Chirikov və şirkətin sahibi Vladimir Yakovlevich Kaganskiy.

Bazar ertəsi açıqlanmış sanksiyalar Rusiyanın kəşfiyyat xidmətlərini hədəfləyən son addımlardır. Hələ Obama administrasiyası 2016-cı ilin dekabrında Rusiyanın FSB təhlükəsizlik qurumuna sanksiya tətbiq etmişdi. O zaman Rusiya hökumətinin ABŞ rəsmilərinə qarşı aqressiv qısnaması və 2016-cı il prezident seçkisini hədəfləyən kiber əməliyyatlar əsas gətirilmişdi.

Martda isə Donald Trump administrasiyası kəşfiyyat xidmətlərinə əlavə sanksiyalar qoydu, 19 fərd və beş quruma sanksiyalar açıqlandı.

Trump Rusiyanı seçkiyə müdaxilə və başqa hərəkətlərinə görə yetərincə cəzalandırmamasına görə ölkəsində sərt tənqidlə üzləşir. Hazırda xüsusi prokuror Robert Mueller Trump-ın seçki kampaniyası ilə Rusiyanın mümkün əlbirliyini araşdırır.

Həm Trump, həm də Rusiya bu iddiaları təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG