Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:54

Azərbaycanda müasir heyvan kəsimi məntəqələri yaradılır


Bu gün, iyunun 11-də prezident İlham Əliyev Azərbaycanda müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı sərəncam verib.

Bu sərəncam ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, stasionar, modul və mobil tipli kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması və istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə verilib.

Sənəd qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsinə xidmət etməlidir.

Prezident Qida Təhlükəsizliyi Agentliyinə tapşırır ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı tədbirlər görsün. Bu zaman sakinlərin sıxlığı və onlara əlverişli sahələr nəzərə alınmalıdır.

Həmçinin, yeni yaradılacaq heyvan kəsimi məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunmasına dair təkliflər iki ay müddətində prezidentinə təqdim edilməlidir.

Habelə, sərəncama görə, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi ilə heyvan kəsimi hallarının qarşısı alınmalıdır.

Bundan başqa, prezident sərəncamın yerinə yetirilməsi ilə bağlı Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə də bir sıra vəzifələr tapşırır.

Xatırlatma

Qida Təhlükəsizliyi Agentliyi ötən il prezidentin sərəncamı ilə yaradılıb və bu ildən fəaliyyətə başlayıb.

Ancaq yeni fərmanı heç də bütün ekspertlər birmənalı olaraq müsbət qarşılamayıblar.

Onların fikrincə, bununla mərkəzləşdirlimiş “sallaqxanalar” yaradılır. Bəzi ekspertlər hesab edirlər ki, bu kiçik sahibkarlığın inkişafına müəyyən maneyə də yarada bilər.

Həmin ekspertlər deyirlər ki, bundansa indiki kəsim yerlərinə vaxt verib həmin yerləri sanitar-gigenik tələblərə uyğunlaşdırmaq mümkün idi.

XS
SM
MD
LG