Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:39

Erməni politoloq: Danışıqlar ‘Rusiyanın meydançasında’ aparılmamalıdır


Ruben Mehrabian
Ruben Mehrabian

Erməni politoloq: Danışıqlar ‘Rusiyanın meydançasında’ aparılmamalıdır

Azərbaycanlı politoloq: “Danışıqlara ehtiyac yoxdur...”

Azərbaycan və Ermənistan başçıları Moskvada dünya futbol çempionatının açılışında iştirak etmək üçün bugünlərdə Rusiyaya gedəcəklər. Onların görüşüb-görüşməyəcəyi hələlik konkretləşməyib.

AzadlıqRadiosuna danışan erməni politoloq Stepan Grigorian hesab edir ki, indi Ermənistanda “yeni reallıq hökm sürür, hakimiyyətə yeni qüvvə, yeni baş nazir gəlib və ölkə başçılarının görüşməsinin yeri var”.

“Ermənistanda hakimiyyət dəyişikliyi imkan yaradıb ki, Qarabağ danışıqları mahiyyət üzrə aparılsın. 2012-ci ildən sonra real danışıq aparılmır. Amma indi danışıqları bərpa etməyə şans yaranıb”, - Grigorian söyləyir.

“Danışıqlar Rusiyanın meydançasında aparılmamalıdır”

Başqa bir politoloq Ruben Mehrabian Azərbaycan və erməni toplumlarının indi fərqli ovqata kökləndiyini, amma rəsmilərin bunu nəzərə almadan beynəlxalq öhdəliklərə sadiq qalaraq danışıqları davam etdirməli olduqlarını söyləyir. O bugün-sabah olmasa da, yaxın zamanlarda belə görüşü mütləq sayır. Üstəlik də politoloq danışıqların Rusiyada aparılmasının əleyhinədir.

“Biz görürük ki, Rusiya meydançasında aparılan danışıqların məqsədi münaqişəni ATƏT-in Minsk Qrupunun nəzarətindən çıxarmaqdır. Bu da erməni tərəfini qane etmir. Bu, elə Azərbaycan tərəfini də qane etməməlidir. Ancaq deyə bilmərəm ki, rəsmi Bakının hansı hesablamaları var. Sadəcə, mən əminəm ki, Rusiyadakı danışıqlar effektiv deyil, üstəlik də danışıqlar dalana dirənib. Biz Rusiyanın marağını görməliyik. O münaqişənin həllində maraqlı deyil. Onu birdəfəlik sülh ya da genişmiqyaslı müharibə qane etmir, qalan hər şey qane edir, xüsusən də vəziyyətin bu şəkildə davam etməsi. Ona görə də danışıqları “restart etmək” zamanıdır. Artıq seçki geridə qalıb, yeni cəhdlər edilməlidir, xüsusən də birinci düymə düzgün bağlanmalıdır ki, qalan hər şey yerinə otursun”.

“Bu kisə deyil çiyninə atıb gedəsən”

Politoloqlar Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi ətrafında baş verənlərə diqqət çəkirlər.

Bakıda erməni qüvvələrinin nəzarətində olan 11 min hektarlıq ərazinin - Günnütün və başqa ərazilərin geri alındığı deyilsə də, Yerevanda bu təkzib olunur və sadəcə, “qarşılıqlı razılaşma” əsasında azərbaycanlıların doğmalarının qəbrini ziyarət etmələrinə şərait yaradılması kimi təqdim olunur.

Politoloq Ruben Mehrabian erməni rəsmilərinə istinadla deyir ki, Günnüt kəndində hər hansı dəyişiklik baş verməyib, o fikrini əsaslandırmaq üçün əlavə edir: “11 min hektar geniş əraizidr. Onu səssiz-küysüz, döyüşsüz, heç nəsiz almaq imkansızdır. Bu kisə deyil çiyninə atıb gedəsən”.

O Azərbaycan hakimiyyətinin daxili auditoriya üçün belə bir məlumat yaydığını güman edir, bunun toplumda maraq yaratmadığını söyləyir.

Başqa politoloq Stepan Griqorian da Günnüt kəndi ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumata istinad edir:

“İndi bu mövzuda yoxlanılmış, yoxlanılmamış məlumatlar getməkdədir. Mənim üçün vacib olan budur ki, Azədrbaycan vətəndaşlarının doğmalarının qəbrini ziyarət etmək müraciətinə - hər halda, bizə verilən məlumat belədir – Ermənistan tərəfi pozitiv reaksiya verib. Bu, məncə, pozitiv impulsdur”.

Tofiq Zülfüqarov: “Danışıqlara ehtiyac yoxdur”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovsa Günnütün və ətraf ərazinin geri qaytarılmasına şübhələri gərəksiz sayır:

“Günnüt dağlıq ərazidə yerləşir və orda müdafiə nöqtələri Azərbaycan silahlı qüvvələri tərəfinfən gücləndirilib. Təbii ki, Azərbaycan tərəfi həmin nöqtələri indi öz əlinə alıb. Bu da böyük ərazini əhatə edir”.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Zülfüqarovun qənaətincə, Bakı bu şəkildə Ermənistana bir neçə mesaj çatdırır:

“Birinci mesaj budur ki, Azərbaycan öz sərhədlərini tam nəzarətə götürmək niyyətindədir. Bu niyyət də bəyanat şəklində yox, konkret addımla göstərilir. Hesab edirəm, Ermənistan bu mesajı lazımi şəkildə qəbul edəcək. İkincisi, bu gün – iyunun 11-də Azərbaycan prezidenti yeni silahları nümayiş etdirdi. Bu ciddi silahdır, bu Rusiya istehsalı olan və Ermənistanda yerləşdiriıən “İskander” raket komplekslinin analoqudur, amma ondan daha güclüdür. Azərbaycan da gələcək danışıqlarda siyasi iradəsini ortaya qoyacaq. Bu iradə də ya torpaqların azad edilməsidir, ya da müharibənin qaçılmazlığıdır”.

“Azərbaycan rəhbərliyi də müsbət impuls göndərməlidir”

Grigorian “mühüm” bir məqama diqqət çəkir. Onun sözlərinə görə, Ermənistanın yeni baş naziri Nikol Pashinan toplumun “böyük etimadına malikdir. Ona görə də hökumətin indi atacağı istənilən addımın toplumda “rəğbət qazanacağını” güman edir.

“Məsələn, Naxçıvandakı kəndlə bağllı addım mənfi qarşılanmadı, əksinə müsbət yanaşıldı. Bu da o deməkdir ki, Pashinana etimad var, amma bu addımı keçmiş prezident Serzh Sarksian atsaydı hamı ona şübhəylə yanaşardı ki, “nəyisə düz etmir”. İndi Azədrbaycan rəhbərliyi də müsbət impuls göndərməlidir. Ermənistandakı yeni situasiyadan yararlanmaq lazımdır. Yəni hələlik erməni tərəfi Pashinianı sui-qəsddə, xəyanətdə ittiham etmir. O, yüksək reytinqə, etimada malikdirsə, bundan tərəflər yararlanmalı, bir-birinə doğru müsbət addımlar atmalıdır”.

Yeri gəlmişkən, Tofiq Zülfüqarov bu qənaətdədir ki, Azərbaycan rəhbərliyinə də Qarabağ məsələsində dəstək böyükdür.

Stepan Grigorian isə Azərbaycanın dövlət başçısı İlham Əliyevin bir neçə gün öncə bəyan etdiyi bir fikri də pozitiv dəyərləndirir: “O dedi ki, Azərbaycan hazırdır. Bu çox yaxşıdır. Bir də, bu müddətdə tərəflər, xüsusən də Azərbaycan tərəfi snayperlərdən istifadə etməməlidir. Təəssüf ki, snayper atəşi nəticəsində baş verən əsgər ölümləri bizi geri atır. Tərəflər bunu mütləq nəzərə almalıdırlar”.

Bəs toplumun göstərdiyi “yüksək etimad” Pashiniana güzəştlərə getməyə imkan yaradırmı?

Erməni politolq suala belə cavab verir: “Mən düşünürəm ki, indiki durumda kompromis sözünün hər iki toplumda işlədilməsi arzuolunan deyil, yaxşısı qarşılıqlı kompromis, qarşılıqlı güzəştlər ifadəsidir. Qaldı kompromisə, məncə, bu mümkündür. Biz praqmatik yanaşmalıyıq. Bu gün danışıqları bərpa etməkdən ötrü şans var. Bu, vacib şansdır. Sonrasa iş gedəcək, qarşılıqlı kompromislər müzakirə ediləcək”.

Azərbaycanlı politoloq Tofiq Zülfüqarov Bakının yetərincə güzəştə getdiyini bildirir.

“Azərbaycanın bundan artıq güzəştini təsəvvür edə bilmirəm. Bundan artıq güzəşt Azərbaycanın ərazi bütövlüyünə qarşı olacaq. Güzəşt mümkün deyil. Vəziyyətin məntiqi ortadadır. Danışıqlar nəticə vermir. Ermənistan vaxtı uzatmaq istəyir. Azərbaycan isə buna əhəmiyyət vermir. Danışıqlar olmasa iki siyasət var: ya gücün tətbiqi təhlükəsi və ya gücün tətbiqi faktı. İndi Azərbaycan göstərir ki, güc tətbiq edə bilər. Bu danışıqlarda çatdırılmalıdır”.

Tofiq Zülfüqarov hesab edir ki, indiki halda danışıqlara ehtiyac yoxdur. Onun sözlərinə örə, “müxtəlif sxemlər hazırlanıb, indi sadəcə, onlardan birinə razılıq verilməlidir”.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib.

1994-cü ildə atəşkəs razılaşması imzalanıb.

Münaqişənin nizamlanması ilə ABŞ, Rusiya və Fransanın sədrlik etdiyi ATƏT-in Minsk Qrupu məşğuldur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG