Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:24

Miqrantlar dənizin ortasında qalıb


İtaliyada miqrantlar, arxiv fotosu
İtaliyada miqrantlar, arxiv fotosu

İçində 600-dən çox miqrant olan xilasedici gəmi hazırda beynəlxalq sularda yırğalanmaqdadır, miqrantlara yiyə duran yoxdur. İtaliyanın daxili işlər naziri bir daha bildirib ki, ölkə limanını gəminin üzünə bağlayacaq.

İfrat sağçı Liqa partiyasının rəhbəri Matteo Salvini seçki kampaniyası zamanı Afrikadan miqrant axınını önləyəcəyini vəd edirdi. O, ötən həftəsonu SOS Mediterranee və Sərhədsiz Həkimlər Təşkilatının idarə etdiyi gəminin sahilə buraxılmayacağını bildirib.

Həyatları xilas etmək bir vəzifədir, ancaq İtaliyanı böyük qaçqın düşərgəsinə çevirə bilmərik. İtaliya daha başını əyib tabe olmayacaq. Bu dəfə ‘yox’ deyən birisi var”, – nazir bu gün – iyunun 11-də Facebook-da yazıb.

Aquarius xilasedicisi gəmisində 629 miqrant var, onların 123-ü kimsəsiz azyaşlılar, 11-i başqa uşaqlar, yeddisi hamilə qadındır.

Matteo Salvini
Matteo Salvini

SOS Mediterranee-nin yaydığı fotolarda yüzlərlə afrikalının gəminin göyərtəsinə toplaşdığı görünür, bir xilasedici ədyala bürünmüş qızı qucağına alıb. Xeyriyyə təşkilatı bildirib ki, gəmidə miqrantları azı bir gün də doyuracaq ərzaq var.

Qanunla, İtaliyanın gəmiyə sığınacaq verməməsi çətin olacaq, xilasetmə işlərini onun Sahil Mühafizə xidməti koordinasiya edib. Sərhədçilər 280-dən çox miqrantı müxtəlif əməliyyatlar zamanı gəmiyə götürüblər.

Salvini deyir ki, Şimali Afrikadan gələn qayıqları təkcə İtaliya qəbul etməməlidir. O, Liviyaya daha yaxın olan Maltanı gəminin lövbər salmasına icazə verməyə çağırıb.

MESAJ

Maltanın baş naziri Joseph Muscat-ın deməsinə görə, italyan həmkarı Giuseppe Conte-yə gəmini qəbul etməyəcəyini söyləyib.

Joseph Muscat
Joseph Muscat

İtaliya hakimiyyətinin Aquarius-la bağlı göstərişlər verməsindən narahatıq. Onlar nümayişkaranə şəkildə beynəlxalq qaydaların əleyhinə gedir, tərəflər üçün təhlükəli durum yaradırlar”, – Muscat Twitter-də yazıb.

Malta xilasetmə gəmilərindən azsaylı təxliyələrə icazə verir, amma böyük sayda miqrantları rədd edib.

Əhalisi yarım milyondan az olan Malta bildirir ki, İtaliyada adambaşına düşəndən daha çox qaçqın qəbul edir. İtaliya 2014-cü ildən bəri qayıqla gələn 600 mindən artıq miqrantı qəbul edib.

Liqa partiyasından deputat Nicola Molteni-nin deməsinə görə, gəminin bloklanmasının məqsədi Avropa Birliyinə mesaj göndərməkdir – blok miqrant böhranında İtaliyaya kömək göstərməyib.

Aydın mesaj göndərmək istəyirik. Ya başqa limanlar da miqrantlara açılsın –– Barselona, Marsel, Maltanı nəzərdə tuturam, – ya da bu çıxılmaz vəziyyət davam edəcək”, – Molteni bir qəzetə müsahibəsində deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG