Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 03:53

Kərə yağını bahalaşdıran səbəblər...-Media icmalı


Yağ

Ərzaq təhlükəsizliyi təminatı, kərə yağının bahalaşmaqda davam etməsinin səbəbləri, sosial təbəqələşmə ilə bağlı rəsmi təhlillərin aparılmaması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Qiymətlər ucuzlaşmayıb»

Azadliq.info saytında «Yağsız ölkə» sərlövhəli yazı oxumaq olar.

Sayt bəzi ərzaq mallarının ucuzlaşması ilə bağlı Dövlət Statistika Komitəsinin (DSK) məlumatları kontekstində iqtisadçı-ekspert Qubad İbadoğlunun düşüncələrinə yer verib.

Yazıda vurğulandığına görə, DSK iddia edib ki, may ayı ərzində mal və qoyun ətinin, yumurtanın, şəkərin, şəkər tozunun, şokolad məmulatlarının qiymətlərində ucuzlaşma baş verib. Amma toyuq ətinin, zeytun və kərə yağlarının, qəhvənin, çayın qiymətlərinin isə bahalaşdığı açıqlanıb.

Ekspert DSK-nın məlumatını şübhə altına alır: ​«Mənim müşahidələrimə görə, mal və qoyun ətinin, yumurtanın, şəkərin, şəkər tozunun qiymətlərində də bahalaşma davam edib...».

Q.İbadoğluna görə, bu məlumatda ikinci maraqlı məqam isə kərə yağlarının qiymətinin artmaqda davam etməsinin etirafıdır.

Ekspert vurğulayıb ki, 2017-ci ilin dekabrında Nazirlər Kabineti Azərbaycana gətirilən kərə yağı və digər süddən hazırlanmış yağlara tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyən edib. Əvvəl isə bu rəqəm 15 faiz idi və bu qərarın 2019-cu ilin dekabrın 31-dək qüvvədə olacağı açıqlanıb: «Göründüyü kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə rüsumun dərəcəsi 3 dəfə endirilsə də, kərə yağının qiymətində ucuzlaşma qeydə alınmayıb, əksinə, bahalaşma müşahidə olunub. Bu isə onu deməyə əsas verir ki, kərə yağının qiymətinin bahalığı idxal rüsumun dərəcəsinin yüksək olması ilə deyil, başqa səbəblərlə bağlıdır».

Ekspert deyib ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur, amma bunun 85 faizi Yeni Zelandiyanın payına düşür. İqtisadçı vurğulayıb ki, bu ölkədən gətirilən kərə yağı bazarı bölüşdürən bir neçə şirkətin nəzarətindədir: «Onlar isə öz aralarında qiymət razılaşmasına getməklə, kərə yağının nəinki ucuzlaşmağa qoymur, əksinə, daha da bahalaşdırırlar».

Manat
Manat

«Azərbaycanda sosial təbəqələşməyə aid rəsmi təhlillər aparılmır»

«Novoye Vremya» qəzetində «Sosial qeyri-bərabərlik yoxdur? Statistikanın olmamasına qarşı istənilən ehtimal faydasızdır» sərlövhəli yazı yer alır.

Müəllif cəmiyyətdə təbəqələşmə prosesini iqtisadçı-ekspert Rövşən Ağayevlə müzakirə edib.

Ekspert deyib ki, Azərbaycanda insanların gəlirləri arasında gözlə görünən qədər fərq mövcuddur: «Buna baxmayaraq, nə üçünsə dövlət statistikası sosial təbəqələşmə və milli gəlirin bölünməsi məsələsində susur. Elə buna görə də, ölkədə sosial bərabərsizliyin hüdudlarını müəyyən etmək mümkün olmur».

R.Ağayev deyib ki, rəsmi hesablamalar olmamasa belə, ölkə vətəndaşlarının maddi və sosial vəziyyətindəki gözqamaşdırıcı fərqi görməmək mümkün deyil: «Gəlirlərin bölüşdürülməsində qeyri-bərabərlik artdıqca, «ədalətlilik indeksi» mütləq bərabərsizlik mənzərəsi yaradaraq azalır. Azərbaycanda isə belə ölçmələr aparılmır. Cəmiyyətin təbəqələşməsi dərəcələri barədə göstəricilər isə ümumiyyətlə, mövcud deyil».

Ekspert vurğulayıb ki, sosial qeyri-bərabərlik haqda təhlilin olmaması əhalinin sosial müdafiəsi və cəmiyyətin maraqlarına cavab verən səmərəli sosial siyasət sferasına qeyri-peşəkar yanaşmanın nəticəsidir.

Müəllif isə yazıb ki, qeyri-bərabərlik cəmiyyətdə təbəqələşmənin mənbəyidir...

Şəmkir Aqroparkı
Şəmkir Aqroparkı

Aqroparklar- ərzaq təhlükəsizliyi təminatçıları

«Azərbaycan» qəzetində «Dövlətin dəstəyi və kəndlinin əməyi ölkənin ərzaq təhlükəsizliyinə təminat verir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, ölkədə həyata keçirilən aqrar islahatların təməli XX əsrin 90-cı illərində Heydər Əliyevin Naxçıvandakı torpaq islahatı ilə qoyulub: «Ölkəmizdə aparılan torpaq islahatları tarixə «Heydər Əliyevin torpaq islahatı» kimi təsadüfən düşməyib. Məhz bu islahat dünən kolxozçu olmuş kəndlinin sabahın fermerinə çevrilməsinə zəmin yaratmışdır».

Yazıda iddia edilir ki, Heydər Əliyevin prezident olduğu 1993-2003-cü illərdə kəndlinin mənafeyinə hesablanmış 50-dən çox fərman, qanun və ya digər hüquqi normativ aktlar imzalanıb.

Müəllif hesab edir ki, kəndlilərin uzun illər ərzində qazandığı böyük təcrübə və biliklər artıq onlara ən yeni aqrar strukturları yaratmağa imkan verir: «Belə ki, yaradılması nəzərdə tutulan 45 aqroparkdan 4-ü istifadəyə verilmişdir. Əraziləri 191 min hektar olan aqroparkların yaradılmasına 1.4 milyard manat sərmayə qoyulması nəzərdə tutulmuşdur».

Yazıda vurğulanır ki, bu cür aqroparkların yaradılması nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapır, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılır, yerli istehsal inkişaf edir və ixrac imkanları genişlənir: «Aqroparkların üstünlüklərindən biri də onların kiçik pay torpaq sahələrinə malik kəndlilər üçün böyük əhəmiyyətə malik olmasıdır. Yaradılacaq aqroparkın hər biri ətraf kəndlərdəki fermerlər üçün sözün əsl mənasında bir universitet olacaq...».

Günün bütün mövzuları

XS
SM
MD
LG