Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:21

ZTE bir milyard dollar da ödəməli olacaq


Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatlarla Çin ZTE Corp. telekommunikasiya nəhənginin biznesdə qalması üzrə razılaşma əldə ediblər. Ancaq bundan ötrü şirkət 1 milyard dollar da əlavə cərimə ödəməli olacaq. ZTE Birləşmiş Ştatların İran və Şimali Koreyaya sanksiyalarını pozmaqda ittiham olunur.

Cərimələrin məbləği iyunun 7-də açıqlanıb. İndiyədək ZTE sanksiyaları pozduğuna görə 892 milyon dollarlıq cərimə ödəyib.

Ticarət Departamentinin bildirməsinə görə, ZTE 400 milyon dollarlıq da girov qoymalıdır. Son razılaşmanı pozarsa, bu məbləğ batacaq.

ŞƏRTLƏR

Razılaşmaya görə, ZTE-nin Birləşmiş Ştatlardakı təchizatçılardan avadanlıq almasına qadağa da aradan qaldırılıb. ZTE həmin qadağanın onu çökdürdüyünü bildirmişdi.

ZTE-nin şərtlərə necə əməl etdiyini yoxlamaq üçün Birləşmiş Ştatlar şirkətə xüsusi komanda təhkim edəcək. Şirkət direktorlar şurasını, icraedici komandasını da dəyişməlidir.

Donald Trump
Donald Trump

ABŞ prezidenti Donald Trump-ın Çin şirkətini xilas etməyə girişməsi bəzi konqresmenlərin tənqidinə səbəb olub, çünki şirkətin yol verdiyi pozuntuları “təhlükəli” sayırlar.

Sərt danışmasına baxmayaraq, ZTE ilə razılaşma prezidentin boşuna güllə atdığını göstərir”, – Senatda demokrat çoxluğunun lideri Chuck Schumer deyib.

Ticarət Departamenti apreldə ZTE-nin ABŞ-dan mobil telefon hissələri və digər kommunikasiya avadanlığı idxal etməsini yasaqlayıb. ZTE isə bu qərarın ondan ötrü ölüm hökmünə bərbər olduğunu və əməliyyatları dayandırdığını bildirib. Bu qadağa ZTE-ni təchiz edən Qualcomm kimi ABŞ şirkətlərinə də ziyan vurub.

Trump ZTE işinə ötən ay müdaxilə edib, tvitində yazıb ki, Çin prezidenti Xi Jinping-lə birlikdə ZTE-ni “tezliklə biznesə qaytarmaq”, Çində on minlərlə iş yerini xilas etmək üçün işləyir.

O, daha sonra ZTE danışıqlarının Çinlə “daha böyük ticarət sazişinin bir hissəsi” olduğunu yazdı.

ZTE razılaşması iki ölkənin ticarət danışıqlarında irəliləyişə yol aça bilər. Tərəflər bir-birinin 200 milyard dollarlıq məhsuluna tarif qoymaqla hədələyiblər. Çin ABŞ şirkətlərinin öz bazarına buraxılması əvəzində onlardan ticarət sirlərini tələb edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG