Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 19:03

'Tikinti materialları bahalaşıb'-Media icmalı


Vəkillər Kollegiyası

«Azəri-Çıraq-Günəşli» yataqlarından əldə edilən gəlirlər, tikinti materiallarının bahalaşması, vəkilliyə qəbul və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Vəkilliyə qəbulda narazılıq

Azadliq.info saytında «Vəkillik: imtahanlar və imtinalar» sərlövhəli yazı oxumaq olar. Yazıda vəkilliyə qəbulun növbəti kampaniyası dəyərləndirilib.

Müəllif Ənnağı Hacıbəyli yazıb ki, ölkə tarixində ilk dəfə vəkillərin ümumi sayı, nəhayət, min nəfər həddini aşıb. Bunu yaxşı hal kimi dəyərləndirən müəllif habelə vurğulayıb ki, bu addımlarla yanaşı, vəkilliyə hörmət gətirmiş bəzi şəxslərin vəkillikdən çıxarılması və ya fəaliyyətlərinin dayandırılması bu sahənin «yaralarının qaysaqlarını bir daha qopardı»:

«Təbii ki, istənilən yeni qüvvə gəldiyi mühitə təzə nəfəs verməyə bilməz. Vəkilliyə yeni gəlmiş adamlar, özəlliklə gənclər arasında vəkilliyə hörmət gətirəcək şəxslər var. Hətta bu hörmət yetərli olmayacaqsa, bunda ən az günah elə onların payına düşəcək. Çünki Vəkillər Kollegiyasının yeni rəhbərliyi bəzi kosmetik dəyişikliklərlə daha çox ənənəvi idarəçilik metodlarına üstünlük verir...».

Müəllif yazıda daha sonra vəkilliyə qəbul zamanı hüquqlarının pozulduğunu iddia edən şəxslərdən bəhs edib:

«Məqsəd müstəqil insanları, şəxsiyyətləri sındırmaq, boyunlarını boyunduruğa qoymaqdısa, ünvan düzgün seçilməyib. Artıq gecdir. Bu insanlar formalaşmış şəxsiyyətlərdi və onlar cəmiyyəti dəyişmək gücünə sahib, bu iddiada olan insanlardı...».

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə vəkilliyə qəbul zamanı bəzi şəxslərin hüquqlarının pozulması haqqında deyilənlərə münasibət bildirib. O həmin şəxsləri müxalifyönlü partiya mənsubiyyətli hüquqşünaslar kimi dəyərləndirərək bunları deyib:

«Vəkilliyə qəbul imtahanlarından kəsilənlər arasında dövlət qulluğunda çalışanlar və YAP-ın üzvləri də var. Bəs onların imtahandan kəsilmələrinə nə bəhanə edirlər?».

Karxana
Karxana

«Karxanalar bağlandı, ...»

«Yeni Müsavat» qəzetində «Torpaq fonduna ciddi ziyan vuran 250 karxana bağlanıb» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Azərbaycanda bəzi tikinti materiallarının qiymətində artım baş verib. Xüsusilə armaturun, ağac materiallarının, daşın və qum-çınqılın qiymətlərində artım müşahidə edilir:

«Qiymətlər xüsusilə bölgələrdə daha çox artıb. Məsələn, taxtanın 1 kubunun qiyməti 340-360 manata yüksəlib. Ən çox bahalaşma daşın qiymətindədir. Belə ki, mişar daşının bir ədədinin qiyməti Bakı şəhərində 36-42, Qaradağ daşı isə 60-65 qəpiyə satılır. Regionlarda Qaradağ daşı 70-80 qəpiyə, digər daşlar isə 55-60 qəpiyə qədər bahalaşıb».

Halbuki, ötən il regionlarda Qaradağ daşının 60 qəpiyə satıldığı açıqlanıb.

Yazıda vurğulandığına görə, bahalaşmaya əsas səbəb kimi tikinti mövsümünün başlanması göstərilir. Müəllifin fikrincə, amma daşın qiymətindəki kəskin bahalaşmada təkcə bu amil qeyd edilmir. Yazıda bildirilir ki, bəzi iddialara görə, mişar daşının kəskin qiymət artımı ölkədə xeyli sayda daş karxanalarının bağlanması ilə əlaqədardır.

Müəllif vurğulayıb ki, ölkədə fəaliyyət göstərən daş, qum və çınqıl karxanalarının monitorinqini aparan Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyətdə olan 585 karxana müəyyən edib, onların elektron məlumat bazası yaradılıb.

«Aparılmış təhlillər və monitorinqlər nəticəsində 250 belə karxananın torpaq qanunvericiliyinin tələblərinin pozulması halları əsasında fəaliyyət göstərdiyi müəyyən edilib. Qanunsuz fəaliyyət göstərən bu karxanaların fəaliyyəti dayandırılıb», - rəsmi açıqlamada bildirilir.

Hərçənd, rəsmilər tikinti materiallarının bahalaşmasının bəzi karxanaların bağlanması ilə izah edilməsi ilə razılaşmırlar. Bağlanmış müəssisələrin rəhbərliyinin isə rəsmi açıqlamaya münasibətini öyrənmək mümkün olmayıb.

Xəzərdə neft platforması
Xəzərdə neft platforması

«Davamlı gəlir mənbəyi»

«Azərbaycan» qəzetində dərc edilən «Hasilatın sabit olması mənfəətin davamlılığını təmin edir» sərlövhəli yazıda «Azəri-Çıraq-Günəşli» yataqlarından ölkənin əldə etdiyi gəlirlər dəyərləndirilir.

Yazıda Dövlət Neft Fonduna (DNF) istinadən bildirilir ki, bu ilin ilk 4 ayında Xəzərin Azərbaycan sektorundakı «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarından 2 milyard 823 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.

Müəllif vurğulayır ki, AÇG yataqlar blokunda 8 platforma fəaliyyətədir, bunlardan 6-sı hasilat, 2-si texnoloji platformadır:

«AÇG-dən əldə olunan gəlirlər bu qurğuların hamısının etibarlı şəkildə işləməsinin bariz nümunəsidir. Bunu AÇG layihəsinin əməliyyatçısı olan BP şirkətinin verdiyi son məlumatlar da təsdiqləyir. Belə ki, 2018-ci ilin birinci rübündə AÇG-dən hasilat sabit və təhlükəsiz şəkildə davam edib. Ümumi hasilat gündə orta hesabla 597 min barrel olub, rüb ərzində ümumilikdə təqribən 54 milyon barrel, yəni 7 milyon ton neft alınıb».

Yazıda daha sonra bu yataqlar üzrə sazişin 2050-ci ilə kimi uzadılmasından bəhs edilir.

Müəllif sonda da yazıb: «Bu il yanvarın 29-da DNF-yə AÇG üzrə imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.... 2001-ci ildən bu il mayın 1-dək AÇG layihəsindən 131 milyard 309 milyon dollardan çox ümumi gəlir əldə edilib».

Günün bütün mövzuları

XS
SM
MD
LG