Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 11:47

Cəmil Həsənlinin kitablarının aeroportda saxlandığı bildirilir


C.Həsənli

İyunun 7-də Bakı aeroportunda gömrükçülərin Milli Şuranın sədri, professor Cəmil Həsənlinin «Stalin və Soyuq müharibənin Türkiyə böhranı» adlı kitabının 4 nüsxəsini saxladıqları bildirilir.

Bu barədə C.Həsənlinin özü danışıb. Onun bildirdiyinə görə, ABŞ-ın Harvard Universitetində ingilis dilində dərc edilmiş monoqrafiyada 1945-1953-cü illərin siyasi prosesləri araşdırılıb.

«Kitab dəfələrlə müxtəlif dillərdə dərc edilib. Ancaq kitabların saxlanmasının səbəbini izah etmədilər», - professor vurğulayıb.

C.Həsənli qeyd edib ki, kitab ilk dəfə 2011-ci ildə dərc edilib. 2013-cü ildə həmin monoqrafiya təkrar nəşr edilib. Bundan başqa, o, Moskvada və Ankarada da dərc edilib.

Üstəlik, C.Həsənlinin deməsinə görə, bu kitabın nüsxələri Azərbaycana göndərilib və ölkənin əsas kitabxanalarının fondlarında var.

Sözügedən 4 nüsxəni naşirin müəllifə sürətli poçtla göndərdiyi bildirilir.

C.Həsənli vurğulayıb ki, normal vəziyyətdə kitablar onun evinə çatdırılmalı idi, ancaq onları Bakı aeroportunun karqo terminalında «həbs ediblər».

C.Həsənli deməsinə görə, aeroporta gəldikdə və izahat istədikdə ona bildiriblər ki, kitabın məzmunu tədqiq ediləcək, ondan sonra onları buraxıb-buraxmayacaqlarına qərar verəcəklər.

Müəllif gömrükdə ingilis dilində 500-səhifəlik kitabı tədqiq edib rəy verə biləcək mütəxəssis tapılacağına şübhə etdiyini gizlətməyib.

«Hesab edirəm ki, baş verənlər Azərbaycanda avtoritar, totalitar sistem qurulmasının daha bir əlamətidir. Onlar elmdən, ədəbiyyatdan, real tarixdən qorxurlar. Onlar Qərbdən daxil olan kitablara şübhə ilə yanaşırlar», - deyə Həsənli bildirib.

C.Həsənlinin bu açıqlamasına Dövlət Gömrük Komitəsindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Milli Şuranın sədri C.Həsənli 2013-cü ildə prezident seçkisində hazırkı dövlət başçısı İlham Əliyevin rəqibi olub. O, seçkinin total şəkildə saxtalaşdırıldığını bəyan edərək nəticələri tanımayıb. Onun rəhbərlik etdiyi qurum bu il keçirilən növbədənkənar prezident seçkisini isə boykot edib. Milli Şura Azərbaycanda seçkinin demokratik şəkildə keçirilməsinə imkan olmadığını açıqlayıb.

Hərçənd, rəsmilər belə fikirləri qəbul etmirlər. Prezident İ.Əliyev də xalqın iradəsi ilə qələbə əldə etdiyini açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG