Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 16:46

Prezident iftar süfrəsində Qarabağdan danışıb


Şeyxülislam Allahşükür Paşazadənin açdığı iftar süfrəsi. Foto arxiv

«Hər il olduğu kimi, biz bu il də mübarək Ramazan ayında iftar məclisində görüşürük. Bu gözəl ənənə yaşayır və yaşamalıdır…».

AZƏRTAC-ın xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev iyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin açdığı iftar süfrəsindəki çıxışında bildirib.

Prezident çıxışında Qarabağ münaqişəsinə də toxunub. İ.Əliyev deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və bu problem yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır.

«Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur», - dövlət başçısı bildirib.

İ.Əliyev daha sonra deyib: «Bu gün Azərbaycanda dini zəmində heç bir problem, heç bir anlaşılmazlıq yoxdur. Ancaq biz istəyirik ki, dünyada da olmasın və bundan sonra da öz töhfəmizi verməyə hazırıq. Bu gün dünyada Azərbaycan multikulturalizmin mərkəzi kimi artıq özünü təsdiqləyib».

Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı cədvələ əsasən, Azərbaycanda Ramazan ayı milad təqvimi ilə mayın 17-də başlayıb. Ramazan bayramı isə iyunun 15-i və 16-na təsadüf edir.

İslam dininə görə, «Quran-i-Kərim» Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. «Quran-i-Kərim»də həmin ayda oruc tutmaq vacib sayılır.

Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla bütün müsəlmanlara tövsiyə edilib.

Bu ayda mömin müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar.

Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG