Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 16:51

Nazirlər Komitəsi İlqar Məmmədov işi üzrə qərar verməyib, amma...


Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa Şurası Nazirlər Komitəsinin iyunun 5-7-də keçirilən toplantısında REAL sədri İlqar Məmmədovun işi üzrə qərar verilməyib. Ancaq komitə Avropa İnsan Haqları Məhkəməsinə sual ünvanlayıb.

Komitə Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını icra etmək öhdəliyini, yəni Avropa İnsan Haqları Konvensiyasının 46-cı maddəsini yerinə yetirib-yetirmədiyini soruşur. Avropa Şurasından verilən məlumatda bu məsələnin hələ də məhkəmə tərəfindən nəzərdən keçirildiyi bildirilir.

Qafqaz Məmmədov, Mahmudov və Ağazadə işlərinə gəlincə, deputatlar hakimiyyəti bu işlər üzrə yubanmadan informasiya verməyə, hərtərəfli tədbirlər planı təqdim etməyə çağırırlar.

***

İyunun 5-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) rüblük iclası başlayıb. Toplantı iyunun 7-dək davam edəcək.

Bu haqda Avropa Şurasının (AŞ) məlumatında bildirilir.

İclasda AŞ üzvü olan ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını yerinə yetirməsi məsələsi müzakirə olunur.

Toplantıda müzakirə edilən qərarların üçü Azərbaycanla bağlıdır. Həmin qərarlar vətəndaş Qafqaz Məmmədovun (nümayişlərdə iştiraka görə həbs), REAL Partiyasının lideri İlqar Məmmədovun (həbs) və jurnalistlər Rövşən MahmudovYaşar Ağazadənin (ədalətsiz mühakimə) şikayətləri ilə bağlıdır. Qeyd olunan işlər üzrə verilən qərarların icralarının yubanması səbəbindən AŞNK-nin müzakirəsinə çıxarıldığı bildirilir.

Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, AŞ ölkələri AİHM qərarlarını icra etməlidir.

Nazirlər Komitəsi müvafiq milli hakimiyyət orqanları, qeyri-hökumət təşkilatları (QHT) və digər əlaqədar tərəflərin təqdim etdikləri informasiyanın əsasında qərarların icrasına nəzarəti həyata keçirir.

İ.Məmmədov
İ.Məmmədov

Azərbaycanın icra etmədiyi bildirilən qərarlardan biri yazılarına görə cinayət cəzası alan jurnalistlər Rövşən Kəbirli (Məmmədov)Yaşar Ağazadə haqqında 2008-ci ildə çıxarılıb. AİHM-in həmin qərarında vurğulanır ki, jurnalistlərə yazılarına görə cinayət cəzalarının tətbiqi Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinə sığmır. Məhkəmə böhtan və təhqirə görə cinayət cəzalarının ləğv edilməsini istəyir.

AİHM vətəndaş Qafqaz Məmmədovun şikayəti üzrə qərarı isə 2015-ci ildə elan edib. Qərara əsasən, hökumət icazəsiz mitinqdə iştiraka görə 5 sutka həbsdə olmuş vətəndaşa 18 min 50 avro məbləğində kompensasiya ödəməlidir. Bu qərarın da tam icra edilmədiyi bildirilir.

AŞNK-nın müzakirə etdiyi digər qərar REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovla bağlıdır. İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

AİHM 2014-cü ilin mayında onun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, azadlığa buraxılmayıb.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İ.Məmmədovla bağlı qərarının icra edilməməsinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi də qəbul edib.

AŞNK-in iclasındakı müzakirələrə hələlik Azərbaycan rəsmilərinin münasibətini almaq mümkün olmayıb.

F.Məmmədov
F.Məmmədov

Xatırlatma

Ancaq Azərbaycan rəsmiləri buna qədər, bəzi məqamları çıxmaqla, AİHM qərarlarının Azərbaycanda yerinə yetirilməməsindən edilən şikayətləri qəbul etməyiblər.

Bir müddət öncə ədliyyə naziri Fikrət Məmmədov AZƏRTAC-a müsahibəsində deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına xüsusi önəm verilir.

«Bu qərarlar, ilk növbədə, hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ da məhz buna xidmət edir», - deyə o vurğulamışdı.

Sözügedən qərarlardan daha çox İ.Məmmədovun məsələsi cəmiyyətdə müzakirə edilir. Bu məsələ ilə bağlı rəsmilər bəyan ediblər ki, İ.Məmmədov məsələsi ölkə daxilində də həll edilə bilər. Onların deməsinə görə, REAL Partiyasının sədri cəzasının 2/3-sini çəkdiyinə görə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılma hüququ qazanıb, müraciət edib bu hüquqdan yararlana bilər. REAL Partiyasının sədri isə bəraət istəyir.

Bununla belə, son illər bir neçə dəfə Milli Məclis deputatları «İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında» Konstitusiya qanunu layihəsini gündəmə gətiriblər. Ancaq həmin layihə Milli Məclisdə hələlik geniş müzakirəyə çıxarılmayıb. Müstəqil ekspertlər hesab edirdilər ki, belə bir layihəni qəbul etməklə Azərbaycan hökuməti AİHM-in bəzi qərarlarını yerinə yetirməkdən yayına bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG