Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:04

İ.Məmmədovun vəkili Nazirlər Komitəsinə müraciət edəcək


F.Ağayev

REAL Partiyasının həbsdəki rəhbəri İlqar Məmmədovun vəkilləri Avropa Şurasının Nazirlər Komitəsinə (AÇNK) müraciət edəcək.

Bu haqda vəkil Fuad Ağayev bildirib.

REAL Partiyası liderinin müdafiə tərəfi onunla bağlı Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarının icra edilməməsindən narahatdır. Söhbət AİHM-in İ.Məmmədovla bağlı çıxardığı ikinci qərardan gedir. Həmin qərarın bu ilin martında qüvvəyə mindiyi bildirilir.

«Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı qəti olduğu andan 3 ay ərzində icra olunmalıdır. İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarından keçən 3 aylıq müddət iyunun 5-də bitib. Amma həmin qərarın icrası ilə bağlı heç bir hərəkət edilməyib», - F.Ağayev vurğulayıb.

Vəkil deyir ki, qanunvericiliyə görə, AİHM-in qərarı ilə bağlı məsələyə Ali Məhkəmənin plenumu baxmalıdır. Bu il mayın 25-də Ali Məhkəmənin plenumunun iclası olub.

«Həmin plenumda İlqar Məmmədovla bağlı məsələyə baxılıb-baxılmaması barədə nə mənə, nə də İlqar Məmmədova hər hansı məlumat verilib. Mediada plenum haqqında dərc edilmiş xəbərlərdə İlqar Məmmədovla bağlı ikinci iş üzrə AİHM-in qərarına dair məsələyə baxılması barədə məlumat yoxdur. Hakimiyyət bu cür hərəkətlərə yol verirsə, növbəti dəfə beynəlxalq hüquq pozuntusuna imza atmış olur», - vəkil vurğulayıb.

İ.Məmmədov
İ.Məmmədov

Bundan sonrakı hüquqi addımlara gəlincə, F.Ağayev bildirib ki, ilk iş kimi Avropa Şurasının Nazirlər Komitəsinə (AŞNK) müraciət etməyi planlaşdırır. AŞNK AİHM-in qərarlarının icrasına nəzarəti həyata keçirən orqandır.

«AİHM-in İ.Məmmədovla bağlı ikinci qərarı qətidir. Azərbaycan dövləti icra etməlidir», - deyən vəkil AİHM-in hazırda İ.Məmmədovun birinci işi üzrə qərarla bağlı AŞNK-in verdiyi sorğuya baxdığını ifadə edib.

AİHM indiyədək İ.Məmmədovun işi üzrə iki qərar verib. İkinci qərar REAL Partiyası sədrinin 2013-cü il İsmayıllı hadisələri ilə əlaqədar 7 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmlə bağlıdır. İ.Məmmədov kütləvi iğtişaşların təşkilində və polisə qarşı zorakılıq tətbiq etməkdə təqsirli bilinmişdi.

Bu iş üzrə qərarı AİHM 16 noyabr 2017-ci ildə elan edib, qərar martın 6-da qüvvəyə minib.

İ.Məmmədovun vəkilinin bu açıqlamasına Ali Məhkəmənin və başqa rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmayıb.

Ancaq bundan əvvəl Azərbaycan prezidentinin köməkçisi (hazırda baş nazir) Novruz Məmmədov demişdi ki, qanunvericiliyə edilən dəyişikliklə İ.Məmmədov cəzasının 2/3-sini çəkdiyinə görə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılma hüququ əldə edib. N.Məmmədov vurğulamışdı ki, İ Məmmədov bu hüquqdan yararlana bilər. Vəkil F.Ağayev də cavab olaraq bildirmişdi ki, İ.Məmmədov bəraət istəyir, o, şərti olaraq azadlığa buraxılmasını xahış etmək niyyətində deyil.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

AİHM hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, azadlığa buraxılmayıb.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İ.Məmmədovla bağlı qərarının icra edilməməsinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Ardınca AİHM Avropa Şurasının Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL Partiyasının lideri İ.Məmmədova məktub göndərib. Məktub AŞNK-in Azərbaycan tərəfinin İ.Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilib-edilməməsi məsələsinə dair sorğusuna cavabdır. Məktubda tərəflərdən məsələ ilə bağlı mövqeləri soruşulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG