İranlı rejissor Əsgər Yusifinejadın Azərbaycan türkcəsində çəkdiyi «Ev» adlı film Rumıniyada keçirilən «Transilvania» Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, mayın 25-dən iyunun 3-dək keçirilən festivalda «Ev» filmi orqan bağışlamaq problemini işıqlandırdığına görə «Münsiflər heyətinin xüsusi mükafatı»na layiq görülüb.
Rejissor Əsgər Yusifinejadın filmində azərbaycanlı ailədə baş verən hadisələrdən bəhs olunur. Ailə başçısı vəsiyyət edir ki, öləndə onun orqanları ehtiyacı olanlara bağışlanılsın. Ancaq ölümündən sonra onun qızı atasının orqanlarının bağışlanmasının əleyhinə çıxır.
«Ev» filmi bu il Tehranda keçirilən 35-ci «Fəcr» Film Festivalında da mükafata layiq görülüb.
Tanınmış rejissor bildirib ki, ana dilində çəkdiyi ilk filmin uğur qazanması onu daha böyük işlər görməyə həvəsləndirib.
Hazırda rejissor «Evlilik otağı» adlı yeni film üzərində çalışır. Bu film də Azərbaycan türkcəsində çəkilir və yaxın aylarda tamaşaçılara təqdim ediləcək.