Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:58

Azərbaycan rəqəmsal tərəqqiyə hazırdırmı


2015-ci ilin noyabrında Azərbaycanda bir günlük internet kəsilmişdi
2015-ci ilin noyabrında Azərbaycanda bir günlük internet kəsilmişdi

Uzunmüddətli perspektivdə texnoloji dəyişiklik qaçılmazdır. İnnovasiyalar mümkün hər şeyi irəli aparır, getdikcə qloballaşan dünya isə yeni ideyaların yayılmasını daha səmərəli edir. Buna görə də hökumətlərin, şirkətlərin, fərdlərin rəqəmsal tərəqqiyə hazırlıq səviyyəsi getdikcə daha çox əhəmiyyət kəsb edir.

“Economist Intelligence Unit” dünyanın 82 ölkəsi üçün orta və uzunmüddətli proqnozlar hazırlayıb. Bu ölkələrin əsas üç kateqoriya üzrə texnoloji dəyişikliyə hazırlığı təhlil olunub.

3 KATEQORİYA

Birinci kateqoriya internetə çıxışdır. Burada internetdən istifadə və mobil telefon abunəçiliyi öyrənilib.

İkinci kateqoriyada rəqəmsal iqtisadiyyat infrastrukturu – elektron ticarət, elektron hökumət və kibertəhlükəsizlik məsələləri yer alıb.

Üçüncü kateqoriya isə innovasiyaya açıqlıqdır ki, burada beynəlxalq patentlər, tədqiqat və inkişafa xərcləmələr, tədqiqat infrastrukturu analiz edilib.

Azərbaycanın elektron hökumət portalı
Azərbaycanın elektron hökumət portalı

Azərbaycan 2013-17-ci illərdə 82 ölkə içində 64-cü olub. 2018-22-ci illərdə isə bir pillə geriləyərək 65-ci yerə düşəcəyi proqnozlaşdırılır.

2013-17-ci illərdə texnoloji hazırlıq üzrə ilk yerləri Finlandiya və İsveç tutub. Onlardan sonra Avstraliya, Avstriya və Almaniya gəlir.

Proqnozlaşdırılan 2018-22-ci illərdə isə Avstraliya, Sinqapur və İsveçin önə çıxacağı, sonrakı yerləri ABŞ və Finlandiyanın tutacağı gözlənir.

İndeksin dibində Liviya və Anqola yer alıb. Bu ölkələrdə korrupsiya və institutların zəifliyi infrastruktura sərmayəni əngəlləyib. İndeksin axırındakı onluqda Latın Amerikası, Asiya və Afrikanın digər yerlərindən bir sıra inkişaf etməkdə olan ölkələr də var.

VENESUELA İSTİSNADIR

Növbəti beş ildə ən pis göstəriciləri olan ölkələrdə də müəyyən irəliləyiş gözlənir. Bircə Venesuela istisna sayılır. Belə ki ölkədə dərinləşən iqtisadi böhranın rəqəmsal iqtisadiyyatının inkişafını da əngəlləyəcəyi qeyd olunur.

Venesuelada mayın 20-də keçirilən seçkidə Nicolas Maduro yenidən prezident seçilib
Venesuelada mayın 20-də keçirilən seçkidə Nicolas Maduro yenidən prezident seçilib

Vyetnam, Şri lanka, İndoneziya, Slovakiya, Serbiya və İordaniyada ciddi irəliləyiş proqnozlaşdırılır.

Hazırda 29-cu yerdə olan Rusiyanın 2018-22-ci illərdə 32, Azərbaycanla birlikdə 64-cü yeri paylaşan İranın 67-ci yerə keçəcəyi gözlənir.

Qeyd edək ki, Azərbaycan rəsmiləri ölkə əhalisinin 80 faizinin internet istifadəçisi olduğunu vurğulayır. Hökumət elektron hökumətin inkişafının və rəqəmsal hökumətə keçidin ölkənin əsas hədəflərindən biri olduğunu bildirir. Bu ilin martında prezident İlham Əliyev fərman imzalayaraq ASAN xidmətə elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini gerçəkləşdirməyi, “Rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planı”nın layihəsini hazırlamağı tapşırıb. Müstəqil iqtisadçılar isə bu sahədə indiyədək daha çox iş görmək mümkün olduğu halda, vəsaitlərin düzgün xərclənmədiyini qeyd edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG