Azərbaycanda «dərman mafiyası», təhsil sistemində mümkün yeniliklər, iqtisadi, siyasi durum və başqa məsələlər medianın aparıcı mövzularındandır...
«Azərbaycan təhsilini gözləyən üç dəyişiklik»
«Exo» qəzetində «Azərbaycan təhsil sistemini qarşıda dəyişikliklər gözləyirmi?» sualı gündəmə daşınır.
Müəllif təhsil sahəsindəki mümkün dəyişikliklərlə bağlı Azərbaycan Diplomatiya Akademiyasının prorektoru Fariz İsmayılzadənin fikirlərini təqdim edib.
«Azərbaycanda ümumtəhsil sisteminə bəzi dəyişiklərin edilməsi artıq zərurətdir», - bunu Bakıda «Global Shapers» cəmiyyəti iştirakçılarının Azərbaycanın və region ölkələrinin təhsil məsələlərinə həsr edilən toplantısında F.İsmayılzadə deyib.
F.İsmayılzadəyə görə, Azərbaycan və regionda tətbiq etmək istədikləri üç başlıca dəyişiklik var: «Bunlardan birincisi informasiya və faktların yadda saxlanmasından onun analitik düşüncəyə çevrilməsidir».
F.İsmayılzadənin vurğulamasına görə, internetdə böyük həcmdə informasiya var ki, saniyələr içində ora çatmaq mümkündür. Amma indi əsas məsələ bu faktlardan necə istifadə etmək məsələsidir.
Prorektor bildirib ki, ikinci dəyişiklik istiqaməti təhsil sisteminin daha çevik qurulmasıdır. Söhbət sürətlə dəyişən dünya təhsili ilə ayaqlaşa bilməkdən gedir.
F.İsmayılzadəyə görə, üçüncü mümkün dəyişiklik təhsil metodunda ənənəvi təzyiqlərdən kənara çəkilərək onlayn kurslar tətbiq etməkdir.
Müəllif xatırladıb ki, «Global Shapers» cəmiyyəti 2011-ci ildə təsis olunub. Bu cəmiyyətin müzakirələrində 20-dən çox ölkə iştirak edir.
«Dərman mafiyası...»
«Novoye Vremya» qəzetində «Azərbaycanlılar dərman mafiyasının ovcunda» sərlövhəli yazı oxumaq olar.
Yazıda ölkə vətəndaşlarının dərmanla təminatı səviyyəsi təhlil edilib.
Müəllif hesab edir ki, Azərbaycandakı apteklərdə keyfiyyətsiz dərman satılması çoxdanın problemidir: «İstehsal texnologiyasında, qablaşdırma prosesində, saxlanmasında pozuntular aşkara çıxarılan dərmanlar keyfiyyətsiz dərmanlar sayılır. Habelə, istifadə müddəti başa çatmış dərmanı qətiyyən satmaq olmaz».
Yazıda bildirilir ki, aprelin sonlarında qanunsuz dərman satışına görə 5 nəfərin həbs olunması ilə bağlı xəbərlər də yayılıb.
Müəllif hesab edir ki, dərmanların qiymətləri bir neçə dəfə qalxıb, amma onların keyfiyyətinin yaxşılaşması hələ də arzu olaraq qalmaqdadır: «Aydındır ki, inflyasiya bütün sahələrə təsir göstərir, nəticədə ərzaq mallarının da, geyimin də və dərmanların da qiymətləri bahalaşır».
Yazıda vurğulanır ki, adətən ölkədə mal və məhsulların qiymətləri tədricən artır. Müəllifin fikrincə, dərman bazarında isə bəzən qiymətlər sürətlə artır: «Təəccüblü deyil ki, qonşu Türkiyənin apteklərində dərman Azərbaycanla müqayisədə 3 dəfə ucuzdur. Bu, həm də onu göstərir ki, «dərman mafiyası» azərbaycanlıların hesabına qazanır. Bizim adamları təkcə aldatmırlar, həm də onlara keyfiyyətsiz dərman satırlar. Bir çox ekspertlər əmindirlər ki, bəzi aptek və topdansatış firmaları keyfiyyətsiz dərman aldıqlarının fərqindədirlər».
Müəllifin gəldiyi nəticəyə görə, ən ağrılısı isə budur ki, saxtalaşdırılmış dərman sayı getdikcə arta bilər.
«Siyasi və iqtisadi müstəqillik»
«Azərbaycan» qəzetində «İqtisadi və siyasi müstəqillik güclü Azərbaycanın zəminidir» sərlövhəli yazı dərc edilib.
Yazının girişində prezident İlham Əliyevdən sitat gətirilib.
«Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayıb. İqtisadiyyatımız üç dəfədən çox artıb. Aparıcı beynəlxalq təşkilatlar, Davos İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb, inkişaf edən ölkələr arasında isə biz 3-cü yerdəyik», - dövlət başçısı İ.Əliyev bunu keçmiş prezident Heydər Əliyevin 95 illik yubileyində bildirib.
Yazıda vurğulanıb ki, 2003-cü ildə ilk dəfə prezident seçilən İ.Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib. Müəllif fikirlərinin təsdiqi kimi yenə prezidentin çıxışından sitat gətirib: «Söz vermişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcək. Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir. Azərbaycanda sabitlik tam təmin olunur, sabitliyin təminatçısı Azərbaycan xalqıdır».
Yazıda gələcəyə də nikbin baxılır. Müəllif qeyd edib ki, 2018-ci ilin sürətli inkişaf ili olacağını prezident İ.Əliyev də söyləyib: «Həyata keçirdiyi siyasi-iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Son 4 ayın yekunları onu deməyə əsas verir ki, 100 yaşını qeyd edən müstəqil Azərbaycan üçün 2018-ci il ən uğurlu inkişaf ili kimi tarixə yazılacaq. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bundan sonra da daim irəli gedəcək».