Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:47

Trump-ın keçmiş kampaniya rəhbəri şahidə təsir göstərmək cəhdində suçlanır


Paul Manafort
Paul Manafort

ABŞ-da xüsusi prokuror prezident Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort-a yeni ittihamlar irəli sürüb. Onun Ukraynanın maraqlarının təbliği üçün birgə işlədiyi şirkətdən şahidlərə təsir göstərməyə çalışdığı bildirilir.

Xüsusi prokuror Robert Mueller iyunun 4-də məhkəməyə təqdim etdiyi sənəddə bildirir ki, hazırda zaminə buraxılmış Manafort “dəfələrlə” "The Hapsburg Group" şirkətindən iki nəfərlə kommunikasiya yaratmağa çalışıb. O, həmin şirkətlə 2014-cü ilədək, Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukovych-in maraqlarının təbliği üçün işləyib.

ZAMİNƏ BURAXILMASININ QAYDALARINI POZUB

Məhkəmə sənədində qeyd olunur ki, Federal Təhqiqat Bürosunun (FTB) əlində sənədlər, bəyanatlar və telefon söhbətlər var, Manafort-un zaminə buraxılmasının şərtlərini pozaraq fevralda iki potensial şahidlə kommunikasiyaya cəhd göstərdiyini ortaya qoyur.

Robert Mueller
Robert Mueller

Manafort-a daha öncə irəli sürülmüş ittihamlar sırasında çirkli pulyuma, xarici agent kimi qeydiyyatdan keçməmək, bank və vergi fırıldağı var. O, özünü təqsirli bilməyib.

Manafort Trump-ın seçki kampaniyasının indiyədək ittiham irəli sürülmüş ən vəzifəli üzvüdür. Ancaq ittihamlardan heç biri onun 2016-cı ilin ortasında kampaniyaya qısa müddətə rəhbərlik etdiyi dönəmə aid deyil.

İttihamların bir neçəsi onun Yanukovych üçün işlədiyi müddəti əhatələyir. Yanukovych 2014-cü ilin küçə etirazları nəticəsində devrilib, hazırda Rusiyada mühacirətdə yaşayır.

Bu ilin əvvəlində irəli sürdüyü ittihamnamədə Mueller bildirirdi ki, Manafort 2012 və 2013-cü illərdə “Avropanın keçmiş yüksəkçinli siyasətçilərini” Yanukovych hökuməti üçün Vaşinqton və Avropada lobbiçiliyə cəlb edib.

2 milyon avrodan çox pul aldığı bildirilən keçmiş siyasətçilərin lobbiçilik üçün pul aldıqlarını açıqlamadıqları vurğulanır.

ŞAHİDƏ MƏQALƏ GÖNDƏRİB

Məhkəməyə iyunun 4-də təqdim olunmuş sənəddə iddia olunur ki, Manafort Hapsburg-dan şahidlərə zəng edərək, onlara “qabaqcadan informasiya vermək” istəyib, ancaq duyuq düşən şahid dəstəyi asıb.

Viktor Yanukovych
Viktor Yanukovych

Manafort daha sonra həmin şəxsə bir neçə mesaj göndəribmiş. Onların içində “Business Insider”dən bir məqalə də varmış: “Mueller Paul Manafort-a ittiham verəndən sonrada Avropanın keçmiş liderləri durumu izah etməyə çalışırlar”.

Daha bir mesajda deyilib: “Danışmalıyıq. Aydın şəkildə demişəm ki, onlar Avropada işləyiblər”.

Şahidin müstəntiqlərə bildirməsinə görə, o, Manafort-un cəhdlərini onun potensial bəyanatlarına təsir göstərməkdən ötrü onunla əlaqə saxlamaq istəməsi kimi yozub. Şahid Hapsburg Group-un təkcə Avropada deyil, Birləşmiş Ştatlarda da lobbiçilik etdiyini vurğulayıb.

Manafort-un məhkəməsi sentyabrın 17-də Vaşinqtonda olmalıdır.

Mueller Trump-ın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlbirliyi araşdırır. Trump və Rusiya bu ittihamları qəti təkzib edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG