Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:36

Bu yay investorlar nəyi izləyir – dolların faiz dərəcəsi, neftin qiyməti...


Arxiv fotosu

İyunda gözlənən bəzi hadisələr bazarlarda silkələnmə yarada bilər. “Reuters” agentliyi investorların diqqətlə izlədiyi bu hadisələrin siyahısını hazırlayıb.

İSVEÇRƏ REFERENDUMU

İsveçrədə iyunun 10-da referendum keçiriləcək, "suveren pul sistemi"nin tətbiqi məsələsi səsverməyə çıxarılacaq. Qəbul olunarsa, kommersiya banklarının hər dəfə kredit verəndə pul "yaratması" qadağan olunacaq. Tərəfdarları İsveçrə Milli Bankının ölkədə yeni pul tətbiq edən yeganə səlahiyyətli qurum olmasını istəyirlər. Ancaq bankın arqumentinə görə, bu plan onun monetar siyasət yürütməsini əngəlləyəcək.

Referendumda “hə” düşərgəsi qalib gələrsə, investorların İsveçrə frankına inamı itə bilər, çünki daha pul çapının arxasında aktivlər dayanmayacaq. Bunun UBS Credit Suisse kimi İsveçrə banklarının gəlirlərinə də təsiri olacaq. Rəy sorğuları cəmi 35 faizin bu dəyişikliyi dəstəklədiyini göstərir. Ancaq Brexit və 2016-cı ildə ABŞ seçkisində olduğu kimi, gözlənilməz nəticələr də baş verə bilər.

DOLLARIN FAİZ DƏRƏCƏSİ

İyunun 12-13-də ABŞ Federal Ehtiyatlar Sisteminin bu il artıq ikinci dəfə dolların faiz dərəcəsini qaldıracağı gözlənir, üçüncü də planlaşdırılır. Faiz dərəcəsinin 1,75-2%-ə yüksələcəyi bildirilir. İndi əsas sual FED-in bu il dolların faiz dərəcəsini dördüncü dəfə qaldırıb-qaldırmayacağıdır. Dördüncü dəfənin gözləntisi mayda dolların məzənnəsini 2016-cı ilin noyabrından ən yüksək həddə qaldırıb.

İranda ABŞ dolları almaq üçün növbə, arxiv fotosu
İranda ABŞ dolları almaq üçün növbə, arxiv fotosu

Bu arada ABŞ iqtisadiyyatı 2-ci dünya müharibəsindən bəri ikinci dəfə uzunmüddətli artımını yaşayır, işsizlik son 17 ildə ən aşağı həddə düşüb. Digər tərəfdən Çinlə ticari gərginlik artıma təhlükə yaradır.

TRUMP KİM-LƏ GÖRÜŞƏCƏKMİ?

İyunun 12-nə gözlənən tarixi ABŞ-Şimali Koreya sammitinin taleyi sual altındadır. ABŞ prezidenti Donald Trump görüşün baş tutacağına ümidvar olduğunu bildirib. Bu danışıqların Şimali Koreyanın nüvə təhlükəsini önləyəcəyi ümidləri dünyada səhmlərin qiymətini qaldırıb.

NEFTİN QİYMƏTİ

İyunun 22-də Vyanada dünya neft ixracatçılarının təşkilatı OPEC-in toplantısı keçiriləcək. 2017-ci ilin əvvəlindən OPEC üzvləri neft hasilatını artırmır. Bu razılaşmanın müddəti bu ilin sonunda bitir və Vyana görüşündə müddətin uzadılması müzakirə olunacaq. Brent markalı neftin qiyməti bu yaxınlarda bareli 80 dollara qalxdı. 2016-cı ilin sonundan qiymətin yüksəlməsi inflyasiya sarıdan narahatlıq yaradıb. ABŞ-da onillik istiqrazların gəlirliliyi son yeddi ildə ən yüksək səviyyəyə çatıb.

Rusiyayla OPEC-in de fakto lideri olan Səudiyyə Ərəbistanı bu yaxınlarda hasilatın bərpasını müzakirə ediblər. Ancaq bəzi istehsalçılar hasilatın artırılmasına qarşı çıxdığından konsensusa gəlmək çətin ola bilər. Təhlilçilər Brent markalı neftin barelinin bu il 70 dollardan yuxarı həddə qalacağını proqnozlaşdırırlar.

OPEC-in Vyanadakı ofisi
OPEC-in Vyanadakı ofisi

TÜRKİYƏDƏ SEÇKİ

İnvestorların izlədiyi daha bir hadisə iyunun 24-də Türkiyədə parlament və prezident seçkisi olacaq. Prezident Recep Tayyip Erdogan-ın yenidən bu posta seçiləcəyi gözləntisi var, həm də bu dəfə prezident səlahiyyətləri də genişləndirilir. 15 illik hakimiyyəti dövründə ölkədə iqtisadi artım yaşansa da, iqtisadiyyata və monetar siyasətə daha çox nəzarət etməsi, opponentlərinə təzyiqlər xeyli investoru rahatsız edib. Rəy sorğuları Erdogan-ın AK Partisinə və onun millətçi tərəfdaşına dəstəyin 50% civarında olduğunu göstərib. Amma parlamentə nəzarətin itməsi onun prezidentin səlahiyyətlərinin genişləndirməsini kompensasiya edə bilər.

Türk lirəsi bu il 20%-dək ucuzlaşıb və hökumət məzənnəni sabitləşdirməyə çalışır. Mərkəzi bank iyunun 7-də görüşəcək və bu yöndə əlavə addımlar atıla bilər.

BREXİT-İN TALEYİ

Britaniya gələn ilin martında Avropa Birliyindən çıxmalı, o vaxtadək razılaşma əldə etməlidir. Di gəl, diplomatlar AB-nin 28-29 iyun sammitində fərqli gəlişməyə ümid edirlər.

Brexit-ə qarşı kampaniya
Brexit-ə qarşı kampaniya

Bu arada baş nazir Theresa May çox çətin durumda görünür. Brexit tərəfdarları AB ilə münasibətləri kəsməyi, əleyhdarları isə blokla gömrük əməkdaşlığının saxlanmasını istəyirlər. Britaniyanın AB ilə münasibətlərinin qeyri-müəyyənliyi iqtisadiyyata, funt-sterlinqə təsirini göstərməkdədir.

AB deyir ki, London İrlandiya ilə sərhəd məsələsinin həlli üçün mexanizm ortaya qoysun. Belə ki, AB üzvü İrlandiya ilə Britaniya ərazisi olan Şimali İrlandiya arasında fiziki sərhədin bərpası bu ərazidə zorakılığı artıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG