Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:58

'Boşalan kəndlər, aşıb-daşan paytaxt'-Media icmalı


Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

Müxalif düşərgədə son həbslər, hakimiyyət-xalq münasibətləri, Bakının demoqrafik vəziyyəti və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Şəxsi xoşbəxtlikdən zövq ala bilməyən adamlar...»

Azadliq.info saytında «Müqəddəs günah» sərlövhəli yazı oxumaq olar.

Yazıda son həftələr müxalifət partiyalarında baş verən həbslər gündəmə gətirilir.

Müəllif vurğulayıb ki, müxalifətin mübarizəsinə cəmiyyətdə birmənalı münasibət yoxdur. Hətta qeyd edildiyinə görə, bəziləri bunu hökumətə və hakimiyyətə qarşı mübarizə sayaraq «günah» adlandırır.

Müəllif isə hesab edir ki, bir çox insanlar baş verənləri tam düzgün anlayır, ölkədə zülm və ədalətsizliyin sərhəd tanımadığını görürlər.

Yazıda vurğulandığına görə, amma onların əksəriyyəti susmağı taktika hesab edir və bu yolla müdafiə olunduğunu düşünürlər:

«Amma başa düşmür ki, özünü repressiya maşınından qorusa da, ədalətsizlik maşınından, saxtakarlıq maşınından, səhiyyəsizlik maşınından qoruya bilmir. Bir də ayılırıq ki, hər yerimizdə təkər izi var».

Yazida vurğulandığına görə, həmin insanlar düşünür ki, bu gün mübarizə aparanlar ailələrini, övladlarını düşünmür, ağılsızcasına özlərini fəda edirlər:

«Halbuki, bir az düşünə bilsələr, bu mübarizənin həm də onların övladları üçün aparıldığını dərk edərlər. Dərk edərlər ki, mübarizə aparanların yalnız öz ailələrini xoşbəxt etmək üçün kifayət qədər imkanları var. Bəli, bu gün şərin girovluğunda olanlar şəxsi xoşbəxtlikdən zövq ala bilməyən adamlardır».

İ.Əliyev
İ.Əliyev

İlham Əliyev: «Demokratiyanın inkişafı əsas şərtdir»

AZƏRTAC saytında «Prezident İlham Əliyev: Bizim sözümüz ədalətdir və həqiqətdir» sərlövhəli yazı dərc edilib.

Yazıda oxucular yeni çapdan çıxan «İlham Əliyev. İnkişaf - məqsədimizdir» adlı kitabda yer alan bəzi fikirlərlə tanış edilir.

Yazıda bildirilir ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 62-ci kitabındakı materiallar 2014-cü ilin aprel-may aylarını əhatə edir.

«Bizim sözümüz bütün mötəbər tribunalardan səslənir. Biz sözümüzü deyirik. Bizim sözümüz ədalətdir və həqiqətdir. Ədalət və həqiqət bizim tərəfimizdədir. Ona görə strateji xəttimizi nəzərə alaraq biz öz ardıcıl addımlarımızı atırıq və atacağıq. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bu gün cəmiyyətdə mövcud olan həmrəylik, vətənpərvərlik duyğuları ilə fəxr edir. Fəxr edir ki, Azərbaycan bu zirvələrə çata bilmişdir», - yazıda prezidentə aid kitabda yer alan belə bir sitat təqdim edilir.

Kitabda prezidentin hakimiyyət və xalqın münasibətlərinə aid fikirləri də yer alıb:

«...Azərbaycan cəmiyyəti monolitdir. Bizi bir-birimizə bağlayan əsas amil həmrəylikdir və düzgün seçilmiş hədəfdir. Hədəf isə çox aydındır. Biz müasir dövlət qururuq, azad cəmiyyət yaradırıq, demokratiyanın inkişafı əsas şərtdir, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra daha da ciddi aparılacaqdır. Biz ancaq və ancaq öz gücümüzə güvənirik».

Bakı
Bakı

«Paytaxt lövhələri»

«Novoye Vremya» qəzetində «Rezin Bakı» sərlövhəli yazı yer alır.

Yazıda paytaxt əhalisinin artımı ilə infrastrukturunun uyğun gəlməməsindən bəhs edilir. Mövzu miqrasiya məsələsi üzrə ekspert Azər Allahverənovla müzakirə edilib.

Müəllif yazıb ki, Dövlət Statistika Komitəsi bu il yanvarın 1-də Bakıda əhalinin sayının 2 milyon 262 min 560 nəfərə çatdığını bildirib. Müəllif vurğulayıb ki, ötən il paytaxt əhalisi 16 min 770 nəfər artıb, Bir kvadratkilometrə 1015 nəfər düşür.

Ekspert A.Allahverənov isə qəzetə bunları deyib:

«Paytaxt tikinti bumu dövründə həm ərazi, həm də əhali baxımından artıb. Paytaxta iş, yüksək maaş dalınca gələnlər tədricən işlə, maaşla təmin olunaraq, torpaq və ev almaqla Bakıda məskunlaşıblar. Əyalətlərdə olmayan yaxşı təhsil, səhiyyə xidmətiylə təmin ediliblər».

A.Allahverənov deyib ki, Bakıda demoqrafik situasiya daxili miqrasiya və daha çox Gürcüstandan olan azərbaycanlıların onda daşınmaz əmlak almaları hesabına dəyişib:

«Onlar üçün komfort şəhər həyatı reallığa dönür. Amma bu miqrasiyada əsas məqsəd iqtisadi problemləri həll etmək, Bakıda yüksək maaşa, yüksək gəlirə malik olmaqdır. Rəsmi məlumatlara görə, hazırda paytaxtda orta aylıq maaş 786 manatdır».

Ekspert hesab edir ki, paytaxtda əhalinin sayı rəsmi göstəricilərdə qeyd ediləndən çoxdur:

«Paytaxt qəsəbələrində hüquqi icazə olmamasına baxmayaraq, yüzlərlə ev tikilib. Regionlarda maliyyə böhranı və yoxsulluq son vaxtlar bütün ailə ilə birgə daxili miqrasiyaya səbəb olub».

Ekspert vurğulayıb ki, Azərbaycanda tərk edilmiş yüzlərlə yaşayış məntəqələri vardır.

Yazıda vurğulanır ki, son illər paytaxt əhalisinin sayı artsa da, infrastruktur buna uyğun deyil.

XS
SM
MD
LG