Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 09:00

AXCP sədri: 'ABŞ rəsmisi ilə görüşü yüksək dəyərləndirirəm'


Ə.Kərimli

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink Bakıya qısa səfərində rəsmilərlə yanaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə də görüşüb.

Ə.Kərimli AzadlıqRadiosuna deyib ki, görüş mayın 31-də gerçəkləşib: «Görüşdə Azərbaycandakı ictimai-siyasi durum, demokratikləşmə prosesi və onun önündəki maneələri müzakirə etdik. Eləcə də siyasi məhbus problemi, AXCP-yə qarşı yeni repressiya dalğasının başlaması və sirə məsələləri nəzərdən keçirdik».

Ə.Kərimli vurğulayıb ki, görüşü çox yüksək dəyərləndirir.

Son həftələr AXCP-nin 5-dən çox fəalı həbs edilib. Onların bəziləri polisin tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada cəzalanıblar. Bəzi AXCP fəalları isə narkotik və çirkli pulların yuyulmasında ittiham edilərək məhkəməyə qədər həbs ediliblər.

AXCP ittihamları qurama sayır.

Bundan başqa, son günlər REAL Partiyasının 4 üzvü də polisin tələbinə tabe olmamaqda günahlandırılaraq sutkalıq həbs edilib. Müsavat Partiyasının bir üzvü isə bu yaxınlarda eyni ittihamla 30 sutka cəza alıb.

Hər iki müxalif partiya da həbsləri siyasi motivlərlə izah edir.

Hərçənd, Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsi ilə bağlı deyilənləri qəbul etmirlər.

Xatırlatma

ABŞ dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisinin müavini B.Brink mayın 31-də Azərbaycanda səfərdə olub.

ABŞ səfirliyinin yaydığı məlumata görə, B.Brink prezident İlham Əliyev, baş nazir Novruz Məmmədov, xarici işlər nazirinin müavini Araz Əzimov və siyasi müxalifət ilə görüşlər keçirib.

Açıqlamada bildirilirdi ki, görüşlərdə tərəflər enerji, təhlükəsizlik və bir çox məsələləri müzakirə ediblər.

«Rəsmi görüşlər zamanı B.Brink həmçinin vurğulayıb ki, sərbəst toplaşma azadlığı, qanun aliliyi və korrupsiyaya ilə mübarizə də daxil olmaqla, fundamental azadlıqlara hörmətlə yanaşma həm Azərbaycanın biznes mühiti, həm də ikitərəfli tərəfdaşlıqdan ötrü vacibdir», - deyə səfirliyin açıqlamasında vurğulanırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG