Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 08:25

Saleh Rüstəmli təcridxanaya köçürülüb


S.Rüstəmli

Gədəbəy Rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (bandotdel) Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə AzadlıqRadiosuna S.Rüstəmlinin ailələsindən bildiriblər.

Ailədən verilən məlumata görə, S.Rüstəmli mayın 29-da təcridxanaya köçürülüb. Onların bildirməsinə görə, bu barədə S.Rüstəmli özü telefonla məlumat çatdırıb.

Amma S.Rüstəmlinin qardaşı oğlu Vidadi Rüstəmovun hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı deyilir.

S.Rüstəmli 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, son illər Rusiyada yaşayıb. Qohumlarının bildirməsinə görə, Azərbaycana bir neçə günlüyə gəlibmiş

Xatırlatma

S.Rüstəmli mayın 8-də Gədəbəydən Bakıya qayıdarkən Şəmkir postunda saxlanıb. Sonradan onun qardaşı oğlu V.Rüstəmovun da həbs xəbəri yayılıb. Yaxınları S.Rüstəmlinin əvvəlcə narkotikdə ittiham edildiyini açıqlamışdılar. Ancaq bir müddət nə yaxınları, nə də vəkilləri onunla görüşə bilmişdilər. Sonradan yaxınları keçmiş başçının onların tutduğu vəkildən imtina etdiyini açıqlamışdılar. Onlar bunun işgəncə altında edildiyini ehtimal edirdilər.

Daha sonra qardaşlarından biri (Vidadi Rüstəmovun atası) S.Rüstəmli ilə görüşərək onun işgəncəyə məruz qalmadığını açıqladı. Ancaq yenə də ailəsinin tutduğu vəkillərin görüş cəhdləri nəticə verməyib.

Mayın 26-da isə Baş Prokurorluq S.Rüstəmliylə bağlı Daxili İşlər Nazirliyi ilə birgə açıqlama yayıb. Həmin açıqlamaya görə, Azərbaycan xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi funksionerləri və S.Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Rəsmi qurumların məlumatında S.Rüstəmli ilə yanaşı, bu işlə bağlı daha 3 cəbhəçinin də həbs edildiyi bildirilirdi. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları iddia olunur. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedir.

Onlar barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi açılıb.

AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti təzyiq dalğası olduğunu bildirib. O deyib ki, son illər Rusiyada yaşayan dostu S.Rüstəmli ümumilikdə 5 min dollara qədər yardım edib. Həmin vəsait isə həbsdə olan fəalların müdafiəsinə sərf edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG