Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 15:05

REAL-ın daha bir üzvü hakim qarşısına çıxarılıb


Polis

«Mayın 29-u və 30-u REAL Partiyasının azı 3 üzvü inzibati qaydada həbs edilib. Daha bir partiya üzvü isə hazırda Yasamal Rayon Məhkəməsindədir».

Bunu AzadlıqRadiosuna partiya üzvü Erkin Qədirli bildirib. Onun deməsinə görə, partiya üzvü Ərəstun Baxşəliyev Yasamal Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. E.Qədirli onu polislərin REAL-ın ofisindən apardıqlarını bildirib.

«Səhər Yasamal polisindən gəldilər. Ərəstun Baxşəliyev barəsində soruşdular. Hər şeydən anlaşılırdı ki, məhz Ərəstun bəyə görə gəliblər. Ərəstun bəy ofisdə idi, onu apardılar. Hazırda Yasamal Rayon Məhkəməsindədir. Çox güman ki, ona da inzibati həbs verəcəklər. Azər Qasımlıdan başqa, dünən saxlanılan daha bir üzvümüzə 25 sutka inzibati həbs cəzası verilib. Nəriman bəyə də 30 sutka həbs verilib. Daha iki üzvümüzün Suraxanıda saxlanıldığı bildirilir. Hələlik, dəqiqləşdirə bilməmişəm. Sahə müvəkkilliyinə çağırılan üzvümüz var. Onlarla bağlı nələrin olacağını bilmirik», - E.Qədirli qeyd edib.

Bu deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Daha bir fəala 30 sutka

REAL Partiyasından Nəriman İsmayılova da 30 sutka inzibati həbs cəzasının verildiyi deyilir.

Bu barədə qərarın Nizami Rayon Məhkəməsində çıxarıldığı bildirilir.

Verilən məlumata görə, o da polisin tələblərinə əməl etməməkdə günahlandırılır.

REAL-ın daha bir fəalının həbs edildiyi deyilir

«REAL Partiyası Ali Məclis üzvü, mayın 28-də keçirilmiş Cümhuriyyət yürüşünün iştirakçısı Elmin Həmzə inzibati cəza alıb». Bunu AzadlıqRadiosuna partiyanın təmsilçilərindən biri Natiq Cəfərli bildirib.

Onun deməsinə görə, bu gün, mayın 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Həmzə polisin tələblərinə tabe olmamaqda təqsirli bilinib və 25 sutka inzibati cəza alıb.

N.Cəfərlinin vurğulamasına görə, REAL-ın daha iki üzvü polisə gətirilib.

«Ərəstun Baxşəliyev Yasamal, Nəriman İsmayılov isə Nizami rayonunda saxlanırlar. Hər ikisi də E.Həmzə kimi polisin tələblərinə tabe olmamaqda təqsirli bilinirlər», - deyə N.Cəfərli bildirib.

Bu deyilənlərə Daxili İşlər Nazirliyi və məhkəmə orqanlarının münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

Mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL üzvlərinin iştirakı ilə yürüş keçirilib.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

Dünən, mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyasının təmsilçisi Azər Qasımlıya 30 sutka həbs cəzası verilmişdi. Polisə tabe olmamaqda günahlandırılan A.Qasımlı həbsini Respublika Günü şəhərin mərkəzində keçirilən yürüşlə izah etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG