Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 22:50

İ.Əliyev: ABŞ hökumətinin dəstəyini yüksək qiymətləndiririk


İ.Əliyev

Prezident İlham Əliyev bu gün, mayın 29-da ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ münasibətlərinin siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb. Tərəflər əlaqələrin bundan sonra genişlənəcəyinə əminlik ifadə ediblər.

İ.Əliyev qlobal enerji layihələrinin reallaşdırılmasında ABŞ hökumətinin dəstəyini yüksək qiymətləndirdiyini, iki ölkənin uzun illər həyata keçirdiyi tərəfdaşlıq əlaqələrinin çox yaxşı nəticələr verdiyini deyib.

Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimini iki ölkə arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirən İ.Əliyev ABŞ prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə göndərdiyi məktuba görə təşəkkürünü çatdırıb.

Rəsmi xəbərə görə, iki ölkə arasında energetika sahəsində möhkəm əsaslara söykənən əlaqələrin həyata keçirildiyini bildirən S.Oudkirk bunun regionda əməkdaşlığın genişləndirilməsi və Avropanın enerji təchizatının şaxələndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Xatırlatma

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olub.

ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini S.Oudkirk Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycana gəlib.

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, Trans Anadolu Kəməri (TANAP) və Trans Adriatik Kəmərinin (TAP) tikintisi üzrə layihədir.

Bu layihə çərçivəsində hasil edilən təbii qaz boru vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya çatdırılacaq. Kəmərin uzunluğu 3500 kilometrdir.

Layihə 2020-ci ildə tam işə düşməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG