Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:06

'Neftin qiymətinin düşməsindən nəticə çıxarılmayıb'-Media icmalı


Büdcə. Karikatura
Büdcə. Karikatura

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ölkədəki bankların çoxunun vəziyyətinin ağır olması, neftin bahalaşması və bunun mümkün nəticələri medianın aparıcı mövzularındandır…

«Neft bahalaşır, büdcəyə yenidən baxılır»

«Novoye Vremya» qəzetində «Ağıl tamahkarlığı üstələməlidir» sərlövhəli yazı oxumaq olar.

Yazıda neftin dünya bazarında son vaxtlar bahalaşması və bunun mümkün nəticələri dəyərləndirilir.

Müəllif Rusiya rəsmilərinə istinadən yazıb ki, hazırda neftin barelinin 80 dollar olması yüksək qiymətdir və bu, «qara qızıl»dan asılı olan ölkələrin iqtisadiyyatında bir sıra risklər yaradır.

Yazıda vurğulanır ki, Azərbaycan da indiki neft qiymətlərini nəzərə alaraq, dövlət büdcəsinə yenidən baxmağa hazırlaşır:

«Buna təəccüb etməyinə dəyməz. Azərbaycan iqtisadiyyatı «qara qızıl»ın tarifləri hesabına inkişaf etməkdə davam edir və «Moody's» beynəlxalq reytinq agentliyi bunu təsdiqləyib. Azərbaycan əvvəlki kimi neft ixracından güclü şəkildə asılıdır. Ölkədə iqtisadiyyatın diversifikasiyası üzrə müxtəlif tədbirlər görülməsinə baxmayaraq, neft-qaz sektoru iqtisadiyyatda, xüsusilə ixracda yüksək paya malikdir».

Yazıda bildirilir ki, Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə Azərbaycan qaz ixracından da gəlirlərini artıracaq:

«Ölkənin qeyri-neft sektorunun inkişafının yerində saymasını qəbul etmək ağrılıdır. İxracın 90 faizi neft və qaz xammalından ibarətdir. Aydın olan budur ki, neftin qiymətinin düşməsindən nəticə çıxarılmayıb. Deməli, reytinq agentlikləri əbəs yerə demirdilər ki, məhz neftin qiymətinin artması ilə valyuta ehtiyatları çoxalıb, Mərkəzi Bank da maliyyə müdaxiləsi ilə manatın məzənnəsini inzibati qaydada saxlaya bilib».

Müəllif hesab edir ki, indiki siyasət ölkə iqtisadiyyatının gələcəyinə zərbə olar bilər. Yazıda vurğulanır ki, qiymətlərin nə qədər belə davam edəcəyi bəlli deyil.

Banklara nə qədər etibar edirsiz?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

«Bankların əksəriyyəti süni nəfəs altındadır»

«Yeni Müsavat» qəzetində «İqtisadiyyatın bir saylı problemi-banklar» sərlövhəli yazı yer alıb. Müəllif ölkənin bank sektorundakı durumu ekspert Pərviz Heydərovla müzakirə edib.

P.Heydərov ölkənin bank sektorundakı problemləri iqtisadiyyatın ən ağrılı problemləri adlandırıb:

«Bu sektordakı vəziyyət hazırda iqtisadiyyatımızın bir nömrəli problemidir. Bütövlükdə götürəndə, bu gün ölkə iqtisadiyyatında müəyyən canlanma var. Amma iqtisadi aktivlik elə bir şeydir ki, müvafiq maliyyə dəstəyi görməsə, bank kreditləşməsi əldə etməsə, qeyd etdiyimiz cüzi canlanma keçici xarakter daşıyacaq».

P.Heydərova görə, bankların kredit verə bilməmələri likvid vəsaitlərin olmaması ilə bağlıdır. Onun fikrincə, banklar hal-hazırda özlərini sığortalamaqla məşğuldurlar.

Ekspert deyib ki, bu, 2014-cü ildə neftin qiymətinin düşməsi ilə başlayan tendensiyadır.

P.Heydərov hesab edir ki, problem sonradan bir az da dərinləşib:

«Bu gün ölkədəki 30 bankın 3-4-nü çıxmaq şərtilə, yerdə qalanların hamısının «süni nəfəs» altında olduğunu söyləyə bilərik».

Ekspert hesab edir ki, bu vəziyyətdən çıxarmaqdan ötrü ilk növbədə problemli kreditlər məsələsi həllini tapmalıdır.

P.Heydərov kredit şərtlərini də əlverişli saymır:

«Neftin qiyməti düşdükdən sonra xarici maliyyə qurumları kredit şərtlərini çox ağırlaşdırıblar, Mərkəzi Bankın verdiyi kreditlər isə çox bahalıdır. Hazırkı 13 faiz özü də yüksək rəqəmdir».

Azərbaycan parlamenti. 1918
Azərbaycan parlamenti. 1918

Şərqin ilk cümhuriyyəti

«Azərbaycan» qəzetində «Müsəlman Şərqinin ilk cümhuriyyəti» sərlövhəli yazı dərc edilib.

Yazıda 1918-20-ci illərdə mövcud olan və mayın 28-də yaradılmasının 100 ili tamam olan Azərbaycan Xalq Cümhuriyyətindən (AXC) bəhs edilir.

Müəllif yazıb ki, artıq cümhuriyyətin qurulmasından 100 il keçib, bu yubileyin qeyd olunması ilə bağlı 2017-ci ilin mayında sənəd imzalanıb.

Yazıda vurğulanır ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında Azərbaycanın dövlət müstəqilliyini elan edib:

«Zaman etibarilə bu tarixi hadisədən uzaqlaşdıqca, onun təkcə Azərbaycan və müsəlman Şərqi deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıdığı daha aydın şəkildə özünü göstərir. Cümhuriyyət irsinə təkrarən müraciət olunur və çoxlu suallara olan cavabları yenidən oxumaq və ibrət almaq lazım gəlir».

Müəllif xatırladıb ki, sovet dönəmində Azərbaycan tarixinin bu hissəsi barədə danışmayıblar. Bu tarixə dair arxiv sənədləri daim «məxfi», «tam məxfi» qrifləri altında saxlanılıb.

Yazıda bildirilir ki, çar imperiyasının süqutu xalqlara azadlıq yolu açmışdı:

«Azərbaycanın gələcəyini düşünən ziyalılar müxtəlif yollar aramağa başladılar. Onlar daxili amillərlə yanaşı, xarici amilə də ümid edirdilər. Xarici amil isə Osmanlı dövləti idi».

Yazının müəllifi, tarixçi-deputat Musa Qasımlı AXC-nin süqutunu isə belə xarakterizə edir:

«Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində bolşevik Rusiyasının istilasına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi».

XS
SM
MD
LG