Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 09:33

Svastikaya görə cəza alanların şikayətlərinə baxılacaq


Strasburq məhkəməsi, arxiv fotosu

Avropa İnsan Hüquqları Məhkəməsi (AHİM) svastika simvolunun yayımına görə cəzalandırılmış rusiyalılardan 11 şikayəti baxışa qəbul edib. Bu haqda “Kommersant” qəzeti “Agora” beynəlxalq hüquq müdafiə təşkilatının vəkili Aleksei Glukhov-a istinadla yazıb.

Vəkilin sözlərinə görə, Strasburq məhkəməsi Rusiya hakimiyyətinə bir neçə sual göndərib. 2014-cü ilədək Rusiya qanunvericiliyi yalnız təbliğat məqsədilə göstəriyə cəza nəzərdə tuturdu, sonradan bu məhdudiyyət qaldırıldı. Bu səbəbdən məhkəmə maraqlanır ki, niyə 2014-cü ilədək dərc olunmuş məqalələrə görə adamları məsuliyyətə cəlb ediblər. Məhkəmə həmçinin svastikanın daxil olduğu kontekstin vacib sayılıb-sayılmadığını da sorğulayır.

“İDİOTİZMƏ QARŞI AKSİYA”

Şikayətlər içində Permdən 23 yaşlı Maxim Simonov-un iddiası da var. O, zibillikdə tapdığı bir kitabın fotosuna görə məsuliyyətə cəlb olunub. Kitabın üzərində Rusiya və SSRİ-nin simvolikasıyla yanaşı svastika da var imiş.

Aleksei Navalny
Aleksei Navalny

Daha bir şikayəti PARNAS partiyasından Andrei Linev təqdim edib. O, həmin cəzaya nasist formasında qızların fotolarını sosial şəbəkələrdə yerləşdirdiyinə görə yeddi sutka həbsə məhkum edilib.

2018-ci ilin qışında Arxangelsk sakini Mikhail Listov 1000 rubl cərimələnib. O, nasist simvolikasının ictimai şəkildə sərgilənməsində təqsirli bilinib. Belə ki, 1945-ci il Qələbə paradına aid fotolarda sovet əsgərlərinin əllərində məğlub etdikləri nasist Almaniyasının bayrağı olub. O zaman müxalifət lideri Aleksei Navalny “idiotizmə qarşı aksiya” elan edib, tərəfdarlarını internetdə bu fotonu yaymağa səsləyib. Sonucda məhkəmə cəriməni ləğv edib.

Ali Məhkəmənin statistikasına görə, 2017-ci ildə məhkəmələr bu maddə üzrə 1655 qərar çıxarıblar. Qanun pozucularının çoxu cərimələnib, 10 faizə yaxını həbsə atılıb.

Qeyd edək ki, Qərb dünyasında faşizmin rəmzi sayılan svastika minilliklər ərzində dünya mədəniyyətlərində uğur və bəxtiyarlıq simvolu kimi qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG