Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:05

Fransalı nazir Qarabağ münaqişəsinin həlli cəhdlərindən danışır


Jean-Yves Le Drian

Fransanın xarici işlər naziri Jean-Yves Le Drian deyir ki, ölkəsi Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli səylərini gücləndirməyi planlaşdırır.

“Ümid edirik ki, gələn aylar ərzində Qarabağ münaqişəsinin həlli yollarının axtarılması üçün daha fəal işləyəcəyik”, – Le Drian mayın 27-də Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

Le Drian mayın 28-də Ermənistanın paytaxtı Yerevanda danışıqlar aparacaq.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Bridget Brink də mayın 27-də Yerevana səfər etməliydi.

28 may – Azərbaycanın Respublika Günü münasibətilə bəyanatında ABŞ Dövlət Departamenti bildirib ki, “Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllinin tapılmasını dəstəkləyir və tərəfləri intensiv danışıqları mümkün qədər tez bərpa etməyə çağırır”.

***

Fransanın Avropa və xarici işlər naziri Jean-Yves Le Drian deyib ki, bu ilin sonunda prezident Emmanuel Macronun Azərbaycana səfəri gözlənilir.

APA-nın xəbərinə görə, O, bu barədə mayın 27-də Azərbaycandan olan həmkarı Elmar Məmmədyarovla görüşündən sonra mətbuata açıqlamasında deyib.

Nazir deyib ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub, iki dövlətin əlaqələri sıxdır.

O, Fransa və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsindən ötrü komissiya yaradılacağını da vurğulayıb:

“İki ölkənin iqtisadi əlaqələri genişdir, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə böyük perspektivlər var. Bununla bağlı Fransa-Azərbaycan komissiyası yaradılacaq ki, bu mövzular ətrafında müzakirələr aparılsın. Bütün bunlar əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir".

Jean-Yves Le Drian həmçinin bildirib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair variantın tapılmasına kömək edir:

“Ümid edirik ki, növbəti aylar ərzində bu həll variantının tapılması istiqamətində Fransa daha da aktiv olacaq. Biz bu istiqamətdə beynəlxalq müstəvidə də öz əlaqələrimizi davam etdirəcəyik".

Öz növbəsində Azərbyacanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, həmkarı ilə siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, ticarət sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər:

"Sənaye parklarında Fransa şirkətlərinin iştirakı ilə istehsal müəssisələrinin yaradılmasını müzakirə etdik. Bu gün Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. "Bakubus" da Fransaya məxsus şirkətdir".

Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin də müzakirə edildiyini deyib:

“İnanır ki, Fransa həmsədrliyi daha da faydalı olacaq və sülh yolu ilə münaqişəni həll edə bilərik".

Xatırlatma

Fransanın Azərbaycanda səfərdə olan Avropa və xarici işlər naziri Jean-Yves Le Drian mayın 27-dən rəsmi görüşlərə başlayıb. Əvvəlcə O, prezident İlham Əliyevlə görüşüb.

Onun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən bir sıra tədbirlərə də qatılacağı gözlənir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG