Mayın 25-dən Avropa Birliyinin yeni informasiyanı qoruma qanunları qüvvəyə minir. Brüssel bildirir ki, qaydalar istehlakçıların “adamların akvariumda çılpaq görünməsini” önləyəcək.
AB-nin İnformasiyanı Baş Qoruma Qaydaları (General Data Protection Regulation, GDPR) son həftələr dalbadal spam kimi göndərilən email-lərə, mesajlara görə ittiham olunub. Belə ki, şirkətlər istifadəçilərdən onlarla əlaqə yaratmaq üçün aydın icazə almağa çalışırlar.
***Buna da bax: Facebook-dan gizlilik vədləri və yanlışları
Bu qaydalar iki il öncə qəbul olunub, ancaq indi qüvvəyə minir. Şirkətlər isə ləng tərpəndiklərindən, son bir həftədə gərginlik yaranıb.
Britaniyanın datanı qoruma təşkilatı – İnformasiya Komissarının İdarəsi (ICO) son tarix yaxınlaşdıqca saytında “kəsilmələr” yarandığını, ancaq “indi hər şeyin yoluna düşdüyünü” bildirib.
ÖZÜ HAQDA MƏLUMATA NƏZARƏT ETMƏK
Brüsselin mövqeyincə, bu qanunlar adamların onlayn informasiyasını qoruyacaq. Bir müddət öncə Facebook-dan milyonlarla istifadəçinin məlumatının oğurlanması iddiaları yayılınca bu məsələ daha da kəskinləşdi.
***Buna da bax: Zuckerberg Avropa Parlamentində üzr istədi
“Yeni qaydalar avropalıların öz məlumatlarına nəzarəti ələ almasına gətirəcək”, – AB-nin ədliyyə komissarı Vera Jourova bildirib.
“Bu gün şəxsi informasiya adamların akvariumda çılpaq görünməyi kimi bir şeydir”, – o, sözlərinə əlavə edib.
500 milyon əhalisi olan AB-də bu qaydaları pozan şirkətlər 20 milyon avro (24 milyon dollar), yaxud illik dövriyyənin 4 faizi qədər cərimələnəcəklər.
Qayda odur ki, fərdlər özləri barədə informasiyadan istifadəyə icazə verməlidirlər. Qanun həmçinin istehlakçıların onların informasiyasını kimin emal etdiyini, nəyin istifadə olunacağını “bilmək hüququ”nu tanıyır.
***Buna da bax: Üztanımaya görə Facebook “qrup şəklində məhkəməyə verilməlidir”
Adamlar datalarının kommersiya məqsədilə istifadəsini əngəlləyə, hətta “unudulmaq hüququ”na uyğun olaraq pozdura biləcəklər.
Valideynlər övladları razılıq vermək yaşına çatanadək onların yerinə qərar verirlər. AB üzvləri bunu 13-16 yaş arası müəyyənləşdirir.
Facebook, WhatsApp və Twitter kimi böyük platformalar yeni qanunlara yaxşı hazırlaşmış kimi görünür, daha kiçik şirkətlərsə narahatlıq dilə gətiriblər.
Yaponiya, Cənubi Koreya, Hindistan və Tailand da Brüsseldən ilhamlanaraq oxşar qanunları müzakirəyə çıxarırlar, AB rəsmiləri belə deyir.