İran xarici işlər nazirinin müavini deyib ki, Vaşinqtonun sazişdən çıxmasının ardınca 2015-ci il nüvə razılaşmasının xilas edilməsi istiqamətində Avropa və Çinlə danışıqlar davam etdiriləcək.
Abbas Araqchi bu bəyanatı mayın 25-də Vyanada vəzifəli diplomatların danışıqlarından sonra verib. O əlavə edib ki, bu danışqılar Vyana görüşündən sonra da davam etdiriləcək.
“Biz hələlik danışqılardayıq…baxaq görək onlar İranın sanksiyaların qaldırılmasından mənfəətlənməsini təmin edəcək paket təqdim edə bilirlərmi”.
Mayın 25-də keçirilən bu görüşdə Fransa, Britaniya, Almaniya, Rusiya və Çin diplomatları iştirak edirlər.
Araqchi deyib ki, sözü gedən paket həm hüquqi, həm də siyasi baxımdan sazişdə qalan imza tərəfləri üçün icbari olmalıdır.
Donald Trump mayın 8-də ABŞ-ın nüvə sazişindən çıxmasını elan etdikdən sonra İran liderləri 2015-ci il razılaşmasının şərtlərinə əməl etməkdə davam edəcəklərini bildiriblər. Bu sazişin şərtlərinə görə İran özünün nüvə proqramını məhdudlaşdırlmalıdır.
"Bu məsələdən heç əmin deyilik..."
İran diplomatlarından biri müxbirlərə deyib: “Düzünü desəm, biz bu məsələdən heç əmin deyilik”.
İran tərəfi Avropanın verəcəyi təminat paketinin mayın sonunadək təqdim olunmasını gözləyir.
Lakin Avropa İttifaqının vəzifəli rəsmilərindən biri AFP agentliyinə deyib ki, “ittifaq qarantiyalar verə bilməz, amma biz iranlıların nüvə sazişinin şərtləri əsasında sanksiyaların qaldırılmasından mənfəətlənməsi üçün şərait yarada bilərik”.
Onun sözlərinə görə bu halda İranla legitim biznes edərkən Avropanın maraqları qorunmalıdır.
Həmin diplomat bunu da bildirib ki, Avropa İttifaqı hazırda ABŞ-ın nüvə sazişindən çıxmasının nəticələrini aradan qaldırmağa çalışır. O əlavə edib ki, burada bir sıra məsələlərin həlli uzun vaxt istəyəcək.
İran nazirləri ali rəhbər ayətüllah Ali Khamenei-dən Avropadan İranın neft satışına və ticarətinə qarantiyaya nail olmaq təlimatı alıblar.
Khamenei mayın 23-də bu məsələdə İranın bir sıra şərtlərini irəli sürüb.
Bəzi Avropa rəsmiləri biznes və şirkətlərin İrandan çıxmasının qarşısının alına biləcəyinə şübhə ilə yanaşırlar.
Fransanın Total və Almaniyanın Allianz neft-qaz şirkətləri mümkün ABŞ sanksiyaları ilə bağlı İranla sazişləri tərk ediblər.
Nüvə sazişini xilas etməyə daha bir cəhd
Mayın 25-də İran və daha beş ölkənin aparıcı diplomatları Vyanada görüşəcək. Onlar İranla 2015-ci ildə imzalanmış nüvə sazişini iflasdan xilas etməyə çalışırlar. Birləşmiş Ştatlar mayın 8-də sazişdən çıxıb və İrana sanksiyaları bərpa edib.
İran nüvə proqramını məhdudlaşdıran sazişə əməl edəcəyini bildirir. Bir şərtlə ki, Britaniya, Fransa, Almaniya, Rusiya və Çin də öhdəliklərini yerinə yetirsinlər, İranın dünyayla biznesi davam etdirməsinə zəmanət versinlər.
“Asan olmayacaq, ancaq çalışacağıq”, – İran xarici işlər nazirinin müavini Abbas Araqchi danışıqlardan öncə deyib.
İRANIN ŞƏRTLƏRİ
İran nazirləri ali dini lider ayətulla Ali Khamenei-nin göstərişilə avropalılardan İranın neft satışı və ticarətinə zəmanət almağa çalışırlar. Daha bir istəkləri Avropa ölkələrinin Birləşmiş Ştatların Tehranla daha güclü və daha geniş saziş razılaşdırmaq cəhdlərini rədd etməsidir.
Khamenei mayın 23-də yeddi şərt irəli sürüb, İranın sazişdə qalmasından ötrü həmin şərtlərə əməl etməyin vacibliyini vurğulayıb.
Nüvə sazişini imzalamış Avropa ölkələri İranla biznes qurmuş Avropa şirkətlərini ABŞ sanksiyalarından qanuni yolla qorumağa çalışır.
Diplomatların deməsinə görə, Avropa Birliyi çalışır ki, bu şirkətlər özəlliklə İranın ABŞ dollarından, ABŞ maliyyə qurumlarından istifadəsini yasaqlayan sanksiyaların təsirinə məruz qalmasınlar.
AB rəsmiləri bu məqsədlə xüsusi tədbirlər paketi hazırlayıblar və İran təmsilçilərinin onları incələyəcəyi gözlənir.
“HƏQİQƏT ANI”
Avropanın bəzi rəsmiləri isə bu tədbirlərin şirkətlərin İrandan çıxmasını əngəlləyə bilməyəcəyini düşünür. Fransanın Total, Almaniyanın Allianz kimi böyük korporasiyaları sanksiyalardan istisna almasalar, İranı tərk edəcəklərini bildiriblər.
“Məncə, bu, avropalılar üçün həqiqət anıdır”, – AB-nin baş diplomatı Federica Mogherini bu həftə deyib.
ABŞ prezidenti Donald Trump nüvə sazişindən çıxanı sənədi imzalamış ölkələrin xarici işlər nazirləri ilk dəfə bir araya gəlir.
Trump-ın iddiasına görə, bu sənəd İranın atom başlığı hazırlamasını dayandırmır, ballistik raket proqramına nəzarət etmir, Yəmən və Suriyadakı regional münaqişələrdə iştirakını əngəlləmir.
Avropa və Rusiya liderləri isə sazişin hədəfinə çatdığını, İranın nüvə silahı hazırlamasını önlədiyini, Yaxın Şərqdə sabitliyə töhfə verdiyini deyirlər.