Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:34

'Anbara yığılan xalçalar...'-Media icmalı


Büdcə. Karikatura
Büdcə. Karikatura

Azərbaycanın iqtisadi əhəmiyyəti, neftin qiymətinin artmasına görə dövlət büdcəsinə dəyişikliklərin ediləcəyi ilə bağlı gözləntilər, «Azərxalça» ASC-nin durumu və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Büdcədə neftin qiyməti dəyişdirilə bilər

«Exo» qəzetində «Büdcəyə yenidən baxmaq Azərbaycana nə verəcək?» sualı gündəmə daşınır.

«Azərbaycan 2018-ci il büdcəsinə yenidən baxacaq. Büdcədə neftin barreli 45 dolardan 55 dollara qaldırılacaq. Bu da əlavə olaraq xəzinəyə 3 milyard manata yaxın vəsaitin daxil olması deməkdir. Bu vəsait, əsasən, təmir-tikinti və infrastruktur layihələrinə həsr olunacaq», - deyə iqtisadçı Natiq Cəfərli vurğulayıb.

N.Cəfərli deyib ki, «qara qızıl»ın qiymət dəyişikliyindən irəli gələrək Azərbaycanda dəfələrlə dövlət büdcəsinə düzəlişlər edilib: «Neftin qiymətinin enməsi, manatın devalvasiyası, ümumi daxili məhsulun (ÜDM) azalması, böhranın bir çox sahələri əhatə etməsi ilə 2015-ci və 2016-cı illərdə çətinliklər yaşandı. İndi də zəmanət yoxdur ki, bu dəfə neft indiki yüksək dəyərini qoruyub saxlayacaq».

N.Cəfərli hesab edir ki, qiymətlərin yenidən çökmə riski həmişə mövcuddur. Onun fikrincə, heç kəsə də sirr deyil ki, xammalın indiki qiyməti daha çox siyasi amilə əsaslanıb: «Qiymətlərin artması üçün real iqtisadi əsaslar olmayıb. Buna ABŞ-ın Rusiya və İran kimi dövlətlərlə hərbi-siyasi gərginlik yaratması səbəb ola bilər. Amma təkcə siyasi amilə əsaslanmaqla neftin qiymətini uzun müddət yüksək saxlamaq mümkün deyil».

Ekspert vurğulayıb ki, dünyada siyasi gərginliklər azaldıqca, neftin qiyməti yenidən düşə bilər.

Yazıda xatırladılıb ki, 2018-ci il üzrə dövlət büdcəsinin gəlirləri 20, xərclər isə 21 milyard manatdan bir qədər çox proqnozlaşdırılıb.

Xalçalar
Xalçalar

«Azərxalça» QSC-nin qeyri-neft sektorunun inkişafında payı

«Novoye Vremya» qəzetində «Kağız-qələm almağa gücü çatmayan dövlət şirkəti» sərlövhəli yazı oxumaq olar.

Müəllif «Azərxalça» Açıq Səhmdar Cəmiyyətinin (ASC) rüblük hesabatına istinadən onun vəziyyətini təhlil edib.

Yazıda vurğulanır ki, bəzi dövlət şirkətləri çox zaman belə rüblük hesabatlar verməkdən yayınırlar və nadir hallarda vədlərini yerinə yetirirlər.

Yazıda qeyd edildiyinə görə, «Azərxalça» ASC-nin hesabatında vurğulanıb ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə şirkətin aktivləri 3 dəfə artaraq 44.5 milyon manata çatıb. 2017-ci ildə bəzi rayonlarda bu sahədə bir sıra müəssisə və sexlər istifadəyə verilib.

Yazıda habelə bildirilib ki, 2016-cı ildə şirkətin balansında 3.7 milyon, bir il sonra isə 23.4 milyon manat nağd vəsait olub.

Müəllif bununla belə vurğulayıb ki, şirkətin illik dövriyyəsi çox azdır.

Yazıda həmçinin bildirilib ki, şirkətin dövlət qarşısında öhdəlikləri də artaraq 26 min manatdan 106 min manata yüksəlib. Bunun da 105 min manatı vergi öhdəlikləridir.

Müəllif xalça istehsalı və satışı sahəsindəki vəziyyətə də diqqət çəkib. Yazıda vurğulanmasına görə, şirkət 2016-cı ildə xalça satışı ilə məşğul olmayıb. Ancaq istehsal baş verib.

Yazıda o da bildirilib ki, 2017-ci ildə ölkədə 564.5 kv.metr xalça toxunub, satışa 714 kv.metr xalça göndərilib, anbarlarda isə 1222.6 kv.metr xalça qalıb.

Müəllifə görə, müəssisənin satdığı məhsul azdır.

Yazıda vurğulandığına görə, onun qazancı xərclərini ödəmir.

Müəllif hesab edir ki, indiki qiymətlərlə Azərbaycan xalçalarını satışa çıxarmaq rentabelli deyil. Yazıda belə bazarın qeyri-neft sektorunun inkişafına dəstək verəcəyi mümkünsüz sayılır.

Ələt limanı
Ələt limanı

«Beynəlxalq əhəmiyyətli tranzit ölkə»

«Azərbaycan» qəzetində «Azərbaycan indi beynəlxalq əhəmiyyətli ölkədir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, hazırda istənilən ölkənin inkişafını müəyyən edən şərtlərdən biri də infrastrukturun yaradılmasıdır: «Bu baxımdan müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən infrastruktur layihələri sayəsində Azərbaycan dünya əhəmiyyətli tranzit ölkəyə çevrilib. Hazırda şərqlə qərbi, şimalla cənubu birləşdirən nəhəng nəqliyyat dəhlizləri Azərbaycanda qovuşur. Beynəlxalq yüklərin ölkəmizin üzərindən daşınması üçün logistik imkanlarımız var».

Yazıda vurğulanıb ki, tarixi İpək yolunun qərargahı Bakıda fəaliyyətə başlayıb və bununla da Azərbaycan regional tranzit ölkədən beynəlxalq əhəmiyyətli tranzit ölkəyə çevrilib.

Müəllif mövzu ilə bağlı dövlət başçısı İlham Əliyevdən sitat da gətirir.

«Son illər ölkə daxilində nəqliyyat infrastrukturu ilə çox ciddi məşğul olmuşuq. Demək olar ki, nəqliyyat infrastrukturuna çox böyük vəsait qoyulub. Biz yeddi aeroport tikmişik, onlardan altısı beynəlxalq statusa malikdir, Aeroportlar indi işləyir, xaricdən gələn turistlərin sayı artır...», - deyə prezident bu yaxınlarda çıxışlarının birində qeyd edib.

Müəllif hesab edir ki, məhz belə layihələr hesabına Azərbaycan dünyanın nəqliyyat qovşaqlarından birinə çevrilir və açıq dənizlərə çıxışı olmadığı halda belə, Avrasiyanın nəqliyyat mərkəzi funksiyasını üzərinə götürüb.

Yazının sonunda da oxuyuruq: «Cari ilin dövlət büdcəsindən müxtəlif təyinatlı infrastruktur layihələrinin icrası üçün lazım olan qədər vəsait ayrılıb. İstər iqtisadi, istərsə də sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi ölkəmizin ümumi inkişafı deməkdir».

XS
SM
MD
LG