Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:36

Rusiya səfirliyi keçmiş icra başçısının işini diqqətdə saxlayır


Rusiya səfirliyi

Mayın 8-də narkotik ittihamı ilə həbs edildiyi bildirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun işi Rusiyanın Azərbaycandakı səfirliyinin diqqətindədir.

Bu haqda «Turan» agentliyinə səfirlikdən bildiriblər.

Səfirliyinin mətbuat xidmətindən deyiblər ki, S.Rüstəmovun işi üzrə onun ailə üzvlərinin onlara müraciəti daxil olub.

«Rüstəmovun ailə üzvləri ilə əlaqə saxlanır. Bundan başqa, səfirlik əməkdaşları məsələni araşdırmaq üçün hüquq-mühafizə orqanları ilə də təmasdadırlar», - səfirlikdən qeyd ediblər.

Qardaşı Taleh Rüstəmov isə bildirib ki, bu gün, mayın 23-də S.Rüstəmovun istintaq təcridxanasına köçürülməsi gözlənilir.

«Saleh Rüstəmov Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində saxlanır. Bu gün o, Penitensiar Xidmətin istintaq təcridxanasına köçürülməlidir», - deyən T.Rüstəmov hələ də onunla görüşməyin mümkün olmadığını bildirib.

Xatırlatma

S.Rüstəmovun mayın 8-də Gədəbəydən Bakıya qayıdarkən Şəmkir postunda saxlandığı bildirilirdi. Qardaşı T.Rüstəmovun deməsinə görə, həmin vaxt o da hadisə yerində olub.

T.Rüstəmov deyib ki, qardaşını saxladıqdan sonra Şəmkir şəhərinə aparıblar. Onun bildirməsinə görə, sonradan vəkili vasitəsilə öyrəniblər ki, qardaşı haqqında narkotik ittihamı ilə Bakının Nərimanov Rayon Məhkəməsində 4 ay həbs-qətimkan tədbiri seçilib. Sonradan isə onun qardaşı oğlu Vidadi Rüstəmovun da saxlandığı bildirilib.

Ancaq bu məlumatları Daxili İşlər Nazirliyi və Nərimanov Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.

Qardaşı həmçinin bildirirdi ki, S.Rüstəmov ailəsinin tutduğu vəkildən imtina edib. Ailəsi bunun təzyiq altında baş verdiyini güman edir. Üstəlik, S.Rüstəmovla ailəsinin onunla görüşmək cəhdləri də nəticə verməyib. Bundan sonra bir sıra dövlət qurumlarına müraciət edən keçmiş başçının ailəsi Rusiya Xarici İşlər Nazirliyinə də üz tutub.

S.Rüstəmovun təzyiqlərə məruz qalması ilə bağlı ailəsinin iddialarına da rəsmi qurumlardan hər hansı münasibət almaq mümkün olmayıb.

S.Rüstəmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (ACXP) keçmiş üzvü olub. 1992- 93-cü illərdə Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy prezident olanda Gədəbəy rayonunda icra hakimiyyəti başçısı vəzifəsində çalışıb. S.Rüstəmovun o vaxt torpaqların müdafiəsində yaxından iştirak etdiyi söylənir.

Sonradan onun Rusiyada yaşadığı, həmin ölkənin vətəndaşı olduğu bildirilir. Qardaşının deməsinə görə, o, Azərbaycana bir neçə günlüyə gəlibmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG