Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:30

'İş yerlərinin qapadılmasının səbəbləri...'-Media icmalı


Çimərlik
Çimərlik

2018-ci ilin I rübündə Azərbaycanda iqtisadi göstəricilər, istirahət yerlərində qiymətlər, açılan və bağlanan iş yerləri medianın aparıcı mövzularındandır...

«Azərbaycanda istirahət bahadır»

«Exo» qəzetində «Azərbaycanda baha və əlçatmaz istirahət» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə istirahət yerlərində qiymətləri Azərbaycan Turizm Assosiasiyası sədrinin məsləhətçisi Müzəffər Ağakərimovla müzakirə edib.

«Məlumatlara görə, Xəzər sahillərində ikihəftəlik istirahət Rusiyadan gələn iki nəfərə 1600 dollara başa gəlir. Bu isə adambaşına gündəlik 100 manat deməkdir. Bu isə olduqca bahadır», - deyə M.Ağakərimov Azərbaycanda turizm sahəsindəki durumu dəyərləndirib.

Məsləhətçi deyib ki, MDB ölkələri vətəndaşlarından ötrü Bakıda istirahət əlçatmaz və baha olaraq alır. O vurğulayıb ki, indi dünya turizm bazarında sərt rəqabət gedir. M.Ağakərimovun fikrincə, Azərbaycan rəqabət qabiliyyətini artırmaqdan ötrü bazarı hərtərəfli öyrənməlidir: «Çox sadə şeyləri öyrənmək lazımdır. Məsələn əcnəbiləri Gürcüstan, Türkiyə və Rusiyanın kurort şəhərlərində nələr cəlb edir? Burada ikihəftəlik istirahət neçəyə başa gəlir? Bu məbləğə nələr daxildir? Beləcə öyrənməklə bazarı inkişaf etdirmək olar...».

M.Ağakərimov deyib ki, Azərbaycan mədəniyyəti, yeməkləri və tarixi insanları cəlb edir, amma qiymətlər «qorxudur».

Məsləhətçinin vurğulamasına görə, manatın devalvasiyasından sonra ölkədə bu sahədə durum müsbətə doğru dəyişib, amma yenə də turistlərin çoxu hesab edir ki, otel və restoran qiymətləri olduqca bahadır.

Mütəxəssis bildirib ki, Azərbaycan turist axınına sahib ola bilməkdən ötrü əvvəlcə qiymətlərdən başlamalıdır...

Bakıda fəhlə bazarında prezidentin dediyi yeni açılan iş yerlərindən xəbərsizdirlər
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

«Hər il 100 min iş yeri açılmalıdır»

«Novoye Vremya» qəzetində «Əmək bazarı çalxalanır?» sualı gündəmə daşınır.

Yazıda bildirildiyinə görə, baş nazirin müavini Əli Əhmədov bu günlər deyib ki, artan iş yeri tələbatını ödəməkdən ötrü ildə ölkədə 100 min iş yeri açılmalıdır: «Amma baş nazir müavini deməyib ki, bu müddətdə nə qədər belə iş yeri bağlana bilər. Dövlət Statistika Komitəsi elan edib ki, bu ilin ilk rübündə 11 min 500 iş yeri bağlanıb. Bunun da 80 faizi fərdi iş adamlarına aiddir».

Yazıda bütünlükdə ölkənin əmək bazarı belə dəyərləndirilir: «Göründüyü kimi, əmək bazarı sabit deyil. Deməli, məşğulluq problemi yenə də aktuallaşır. 11.5 min iş yerinin bağlanması barədə komitə danışır, bu qurum isə real mənzərəyə daim «əl gəzdirir». Yəni istisna deyil ki, işsiz qalan vətəndaşların sayı göstəriləndən çoxdur».

Müəllif diqqəti həmçinin, iş yerlərinin itirilməsinin özəl sektora aid olması üzərinə yönəldir. Onun fikrincə, bu, narahatedici meyldir. Yazıda vurğulanır ki, kiçik və orta biznesin inkişafı bütün iqtisadiyyatın inkişaf lokomotivi sayılır.

Müəllifin fikrincə, yoxlamaların dayandırıldığı bir vaxtda iş yerlərinin qapadılması anlaşılan deyil: «Dəfələrlə deyilib ki, yerlərdə hökumətin qəbul etdiyi qərarlar sabotaj edilir...».

Müəllif vurğulayıb ki, total yoxlamalar iş adamlarının yeganə problemi deyil. Onun fikrincə, gömrük və vergi qanunvericiliyi biznesin kölgəyə çəkilərək fəaliyyətini dayandırmasına yol açır: «Biz hələ inhisarçıların iş adamlarına öz şərtlərini diktə etməsi biabırçılığının davam etməsindən danışmırıq».

Müəllif hesab edir ki, iş yerlərinin qapadılması səbəblərindən biri də bank sistemindəki böhrandır. Yazıda bildirilir ki, hazırda kiçik biznesin inkişafından ötrü kredit almaq olduqca çətindir, özəl sektor isə kreditsiz keçinə bilmir: «İnhisarçılıq, korrupsiya və istehlak bazarındakı qeyri-sabitlik biznesi faydalı olmaqdan məhrum edir. Bir çox iş adamları müflis olurlar, məhkəmələr isə onları iflasa düşənlər kimi tanımır...».

İ.Əliyev Bakıda zavod açılışında
İ.Əliyev Bakıda zavod açılışında

«İqtisadiyyatın uğurlu dövrü»

«Azərbaycan» qəzetində «Azərbaycan iqtisadiyyatının daha uğurlu inkişaf dövrü başlayıb» sərlövhəli yazı dərc edilib. Yazıda bildirilir ki, bu günlər İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında son 15 ildə (İlham Əliyevin prezident olduğu dövrdə) ölkədə əldə olunan sosial-iqtisadi uğurlar dəyərləndirilib.

Müəllifin yazmasına görə, kollegiya iclasında vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, 2018-ci ilin I rübü də Azərbaycan iqtisadiyyatından ötrü uğurlu olub: «Bu dövrdə ümumi daxili məhsul (ÜDM) 2.3%, qeyri-neft sektoru təqribən 3%, qeyri-neft sənayesi 10%, kənd təsərrüfatı 4.2% artıb. 2018-ci ilin I rübündə valyuta ehtiyatları 2.2 milyard ABŞ dolları artaraq 44.2 milyard ABŞ dollarına çatıb. Bu dövrdə ölkə iqtisadiyyatına 3.5 milyard dollar sərmayə qoyulub ki, bunun da böyük hissəsi xarici investisiyalardır. Bu dövrdə həmçinin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib...».

Yazıda bildirilməsinə görə, kollegiyada qeyd olunub ki, 2018-ci ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 397 sahibkara geri qaytarılan kreditlər hesabına 64.4 milyon manat güzəştli kredit verib.

Müəllif sonra da yazıb: «Dövlət başçısının tapşırığına uyğun olaraq, 2018-ci ildə də sosial layihələrin icrasına xüsusi diqqət yetiriləcək. Bildirilib ki, prezident İlham Əliyevin Böyükşor gölünün təmizlənməsi barədə tapşırığına uyğun olaraq, hazırda Fransanın «Suez» şirkəti «Böyükşor gölünün bərpası» layihəsinin 2-ci mərhələsi üzrə layihələndirmə işlərini həyata keçirir...».

XS
SM
MD
LG