İran prezidenti Hassan Rohani qadınların stadionlara buraxılmaması ilə bağlı on illərdir mövcud olan qadağanın ləğvinə çağırır. Bu haqda prezidentin idarəsi və media məlumat yayıb.
“İslama görə, qadınlarla kişilərə fərq qoyulmamalıdır. Bu səbəbdən qadınlar da idman tədbirlərinə buraxılmalıdır”, – Rohani mayın 22-də iranlı atletlərlə görüşündə deyib.
“İSLAM DEMİR Kİ...”
1979-cu il islam inqilabından sonra İranın şiə ruhaniləri qadınların stadionlara girişini yasaqlayıb.
Rohani isə dini hakimiyyətin qadınları oyunlara niyə buraxmamasını sual edib, deyib ki, iranlı qadınlar idmanda fəaldırlar, idman yarışlarında mükafatlar qazanıblar.
“Qadınların idman arenalarına tamaşaçı kimi buraxılmaması islamın xeyrinədir?” – Rohani deyib. Onun deməsinə görə, ruhanilər qadağanı onunla izah edirlər ki, qadınlar oyunlar zamanı kişilərin işlətdikləri sözləri, söyüşləri eşitməməlidirlər.
Rohani bu iddiaları rədd edib, deyib ki, kişilərin idman yarışlarında vulqar danışığına görə qadınlar cəzalandırılmamalıdır.
“Buna görə qadınlarımız bədəl ödəməlidir? Əsl İslam qadınların sosial iştirakını əngəlləmir. İslam demir ki, bütün qadınlar evdə oturmalıdır. Din deyir ki, qadınlar sosial işlərdə hicabla iştirak edə bilərlər”, – Rohani bildirib.
STADİONLARDA XÜSUSİ YER AYRILSIN
Prezident qadınların idman yarışlarının da televiziyada yayımlanmasını təklif edib.
“Niyə bu tədbirləri göstərə bilmərik, özəlliklə də onlar dünyaca məşhur komandalarla cəsarətlə mübarizə aparır və böyük qələbələr qazanırlarsa?” – o deyib.
Üç ay öncə dünya futbol federasiyasının prezidenti deyib ki, Rohani onu qadınların tezliklə futbol yarışlarına buraxılacağına əmin edib.
“Mənə söz verdilər ki, İranda qadınlar tezliklə stadionlara buraxılacaq. O mənə dedi ki, İran kimi ölkələrdə bu məsələlər bir az vaxt alır”, – FIFA rəhbəri Gianni Infantino martın 2-də bildirib.
Bu arada İranın Qadınlar və Ailə Məsələləri üzrə vitse-prezidenti Masoumeh Ebtekar bildirib ki, futbol arenalarında qadınlar və ailələr üçün xüsusi bölmələrin yaradılması ilə stadion qadağasına son qoymaq olar. Ancaq ruhanilər bu təklifi daha öncə rədd etmişdi.
Son aylar bu qadağaya etirazlar yüksəlib. Özəlliklə də sentyabrda Dünya Kubokunun təsnifat mərhələsi çərçivəsində Tehranda keçirilən Suriya ilə yarışmada suriyalı qadınlar oyuna buraxılıb, iranlı qadınlarsa yox.
İranın bəzi deputatları bu davranışı “təəssüf doğuran və qıcıqlandırıcı ayrıseçkilik” adlandırıb.