Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:57

Pashinian-ın Qarabağ münaqişəsindəki mövqeyi ‘yanlışdır’


Nikol Pashinian-ın Qarabağa səfəri, 9 may, 2018-ci il
Nikol Pashinian-ın Qarabağa səfəri, 9 may, 2018-ci il

Ermənistanda Serzh Sarkisian-ın baş nazir postundan getməsi, müxalifətçi Nikol Pashinian-ın hakimiyyətə gəlməsiylə sonuclanan inqilab hələ tam bitməyib. Karnegi Avropa fondunun aparıcı əməkdaşı Thomas de Waal bu inqilabın Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinə təsirindən yazır. Müəllifin fikrincə, Pashinian hökumətinin münaqişəylə bağlı mövqeyi yanlışdır. 30 ildir davam edən münaqişə üzrə danışıqlar prosesinə bir az silkələnmə lazımdır, ancaq elə çox da deyil.

Münaqişəyə dair ilk hərəkətlərində və şərhlərində Pashinian hadisələri silkələyib. O, diplomatdan çox kütlədən biri kimi danışıb, deyib ki, Qarabağ Ermənistanın ‘ayrılmaz hissəsi’dir. Baş nazir seçiləndən bir gün sonra Pashinian Qarabağa 9 may qələbə tədbirlərinə qatılıb. Orada deyib ki, Qarabağ erməniləri ‘danışıqlarda birbaşa iştirak etməli, danışıqlar masasına əyləşməlidir’”, – yazan müəllif bu sərt yanaşmanı qismən yerli siyasətə bağlayır. Onun fikrincə, Pashinian 1990-cı illərdə müharibədə savaşmış, Ermənistanı son 20 ildə idarə etmiş iki Qarabağ ermənisinin yoluyla gedir və Qarabağ ermənilərini əmin etmək istəyir ki, onları müdafiə edəcək. Ancaq digər tərəfdən, əksər erməninin kompromisə getməməklə bağlı qatı yanaşmasını nəzərə alanda Pashinian-ın səmimi olduğunu da söyləmək olar.

Nikol Pashinian (ortada) Xankəndində
Nikol Pashinian (ortada) Xankəndində

Təhlükə ondadır ki, Ermənistan lideri Dağlıq Qarabağın suverenliyini açıq bəyan edirsə, ətrafdakı Azərbaycan torpaqlarının qaytarılmayacağını deyirsə, Bakıyla danışmağa bir şey qalmır və tərəflər müharibəyə yol almış olur. 2016-cı ilin dördgünlük müharibəsi 200-dək ölümə səbəb olub, atəşkəs hələ də pozulur, bir Azərbaycan əsgəri mayın 20-də öldürülüb”, – Thomas de Waal yazır.

İLHAM ƏLİYEV NƏ VAXTADƏK SUSACAQ?

Ekspert münaqişənin həllindən ötrü ATƏT-in Minsk qrupunun hazırladığı baza prinsipləri sənədində iki əsas elementin olduğunu yada salır: Azərbaycan Qarabağ ermənilərinin özünüidarə hüququnu tanıyır; Ermənistan Qarabağ ətrafında işğal etdiyi ərazini qaytarır, bircə Ermənistanla quru dəhlizini saxlayır. “Dağlıq Qarabağın statusunun ilkin mərhələdə qeyri-müəyyən qalması daha faydalıdır ki, tərəflər digər məsələlər üzrə razılığa gəlsinlər”, – yazan De Waal bu ideyalara regionda az adamın inandığını, danışıqların son 15 ildə uzandığını qeyd edir.

Zakir Həsənov cəbhə xəttində, arxiv fotosu
Zakir Həsənov cəbhə xəttində, arxiv fotosu

Ermənistana qarşı aqressiv ritorika səsləndirməyə qadir olan Azərbaycan prezidenti ilham Əliyev indiyədək sakitliyini qorumaqla düzgün hərəkət edib, yalnız müdafiə naziri döyüşkən şərhlər verib, Xarici İşlər Nazirliyinin sözçüsü isə daha diplomatik bəyanatlarla etirazını bildirib”, – məqalədə deyilir.

Ancaq Azərbaycan prezidenti də nə vaxtadək dinməyəcək? Pashinian və silahdaşları bu tezliklə barışdırıcı mövqe sərgiləyənə oxşamırlar. Deməli, Ermənistanın münaqişənin həllinə dair yeni, möhkəm mövqe ortaya qoymağı bir neçə ay çəkə bilər.

Thomas de Waal qısa müddətdə müsbət ssenarilərin mümkün olduğunu vurğulayır. Onun fikrincə, Ermənistanın yeni xarici işlər naziri Zohrab Mnatskanian aşırı ehtiyatlı sələfi Eduard Nalbandian-dan fərqli olaraq yeni düşüncə sərgiləyə bilər. Mnatskanian ölkənin Avropa Birliyi ilə Assosiasiya Razılaşması danışıqlarına rəhbərlik edib. AB də prosesə daha artıq nəfəs verə, Minsk qrupunu dəstəkləməklə daha fəal rol oynaya bilər.

***Buna da bax: Cəhbə bölgəsində yaşayanların gözləri yoldadır

QARABAĞLILARIN PROSESDƏ İŞTİRAKI

Siyasi xal qazanmaq amilini kənara qoysaq, Qarabağ ermənilərinin danışıqlarda iştirakı da birbaşa prosesə dəxli olan məsələdir. Hər halda, müzakirəyə onların doğma torpağının taleyi çıxarılır. 1998-ci ilədək danışıqlara qatılırdılar. Sonra keçmiş liderləri Robert Kocharian Ermənistan prezidenti oldu və qərara gəldi ki, onların adından danışa bilər. Bu, Azərbaycanın xeyrinə idi, çünki münaqişənin Bakı və Yerevan arasında getdiyini təsbit etmək istəyirdi. Qarabağ ermənilərinin, eləcə də köçkünə çevrilmiş Qarabağ azərbaycanlılarının səsi eşidilməlidir. Onları danışıqlara daxil etməklə konstruktiv töhfə verib-verməyəcəklərini də sınamaq olar.

Qısası, can üstdə olan sülh prosesinin canlanmaya ehtiyacı var. Amma Ermənistanın yeni liderləri küçədə qazandıqları legitimlikdən ehtiyatla istiafdə etməlidirlər. Qarabağ danışıqları prosesi həssas strukturdur. Onun iflası ancaq bir yola – yeni münaqişəyə apara bilər”, – Thomas de Waal yazır.

***Buna da bax: Sarkisyanın getməsi Qarabağ danışıqlarını asanlaşdıracaqmı?

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG