Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:48

Deputatlar büdcənin icra hesabatını bəyəniblər


Milli Məclis

«2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub. Yeddi mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib».

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2017-ci il dövlət büdcəsinin icrası barədə müzakirələrdə belə deyib.

AZƏRTAC-ın məlumatına görə, həmin sənəd mayın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

V.Gülməmmədovun bildirməsinə görə, ötən il büdcə gəlirlərinin 46.8 faizi ilin birinci yarısında təmin olunub. Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi, ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə qeydə alınıb.

V.Gülməmmədov qeyd edib ki, divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir.

Maliyyə nazirinin müavini Azər Bayramov isə deyib ki, ötən il xarici ticarət illik müqayisədə 12.3, əmtəə ixracı 18.11, qeyri-neft əmtəə ixracı isə 24.4 faiz artıb.

«Ölkənin strateji valyuta ehtiyatları 4 milyard dollar artaraq ilin sonuna 41 milyard dollar səviyyəsini keçib», - nazir müavini bildirib.

Onun deməsinə görə, ötən il qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 2016-cı illə müqayisədə artıb. Dövlət Neft Fondundan 2017-ci ildə 6.100 milyard manat vəsait transfert olunub ki, bu da illik müqayisədə 19.9 faiz azdır.

Müzakirələrin yekununda deputatlar 2017-ci ilin dövlət büdcəsinin icrası barədə qanun layihəsini bəyənərək, plenar iclasa tövsiyə ediblər.

Xatırlatma

2017-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlcə 16 mlrd. 255 mln., xərcləri isə 16 mlrd. 900 mln. manat idi.

Ancaq həmin il iyunun 30-da büdcə sənədinə dəyişiklik edilmişdi. Gəlirlər 511 mln. artaraq 16 mlrd. 766 mln. manata çatdırılmışdı. Xərclər isə 1 mlrd. 41 mln. manat artırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG