Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 22:35

'Şəkər biznesi tənəzzüldə'-Media icmalı


İmişli Şəkər Zavodu

Şəkər istehsalının kəskin azalması, icbari tibbi sığortanın vəziyyəti, prezidentin Naxçıvan Muxtar Respublikasına səfəri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Şəkər istehsalı kəskin azalıb»

Marja.az saytında ««Azərsun»un şəkər biznesi böyük tənəzzüldə» sərlövhəli yazı oxumaq olar.

Müəllif rəsmi statistik göstəricilərə istinadən ölkədə şəkər istehsalının durumunu dəyərləndirib.

Yazıda vurğulanır ki, 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2018-ci ilin ilk dörd ayı ərzində Azərbaycanda qənd və şəkər tozu istehsalı 85.3 faiz azalıb.

Müəllifinin bildirməsinə görə, bu ilin yanvar-aprel aylarında 12.5 min ton şəkər və şəkər tozu istehsal edilib: «İstehsal göstəricilərinin kəskin azalmasının səbəbini Statistika Komitəsi şərh etməyib».

Müəllif yazıb ki, «Azərsun Holdinq»ə məxsus olan İmişli Şəkər Zavodunun qiymət seqmentində idxalçılarla rəqabət apara bilmədiyi bildirilir.

Yazıda vurğulanmasına görə, Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir ki, 2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 8 milyon 641 min dollar dəyərində 19.1 min ton şəkər idxal edilib. Bununla belə, həmin müddətdə ölkədən 7 milyon 287 min dollar dəyərində 12.1 min ton şəkər ixrac olunduğu qeyd edilib.

Müəllifin bildirməsinə görə, şəkər istehsalı sahəsindəki mövcud durumu dəyişməkdən ötrü yeni zavod tikilməsi nəzərdə tutulur. Yeni zavodun Yevlax rayonu ərazisində tikilməsi gözlənir.

Yazıda vurğulanır ki, zavodun xammalla təmin edilməsindən ötrü Yevlax və Goranboy rayonları ərazisində bir neçə min hektar sahədə şəkər çuğundurunun əkini planlaşdırılır.

Həkim
Həkim

«Tibb sahəsində islahatlar olmasa…»

«Novoye Vremya» qəzetində «İcbari tibbi sığorta (İTS) sistemləri- Terra Incognita» sərlövhəli yazı yer alır.

Yazıda ölkədə İcbari Tibbi Sığortanın durumu müzakirəyə çıxarılıb.

Hazırda ölkənin yalnız bir neçə bölgəsində bu məsələ pilot layihə kimi tətbiq edilir. Bir müddət öncə rəsmilər İcbari Tibbi Sığortanın 2019-cu ildən bütün ölkədə tam reallaşacağını bəyan etsələr də, indi çoxları buna şübhə ilə yanaşırlar.

Müəllif yazıda bildirir ki, bu sistemin maliyyələşdirilməsinin əsas mənbəyi dövlət büdcəsidir: «Mütəxəssislər deyirlər ki, sığorta ödənişlərini iş adamları etməlidir. Söhbət özəl və dövlət tibb müəssisələri ilə müqavilə imzalayan şirkət və dövlət müəssisələrindən gedir. Təəssüf ki, mütəxəssislər İTS-nin maliyyə baxımından vətəndaşa neçəyə başa gələcəyini belə bilmirlər».

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov icbari tibbi sığortanı «müasir tələb» adlandırır. Amma vurğulayıb ki, bu sahədə qanunvericilik zəifdir.

AİB sədri hesab edir ki, Azərbaycandakı tibb müəssisələrinin bir çoxu belə bir layihənin tətbiqinə hələ hazır deyillər.

E.Hüseynov deyib ki, əgər tibb sahəsində müəyyən islahatlar olmasa, icbari tibbi sığortanın ciddi səmərə verməsini düşünmək əbəsdir.

Naxçıvan şəhəri
Naxçıvan şəhəri

«Naxçıvanın yüksəlişi»

«Azərbaycan» qəzetində «Qürur doğuran yüksəliş» sərlövhəli yazıda Naxçıvan Muxtar Respublikasındakı iqtisadi vəziyyət dəyərləndirilir.

Müəllif dövlət başçısı İlham Əliyevin bu günlərdə Naxçıvana gerçəkləşən 14-cü səfəri fonunda bu muxtar respublikadakı vəziyyətdən bəhs edir.

Yazının əvvəlində vurğulanır ki, Azərbaycanın üçrəngli bayrağı XX əsrin sonlarında ölkə parlamentindən öncə Naxçıvan Ali Məclisinə gətirilib. Hakim Yeni Azərbaycan Partiyasının əsası da Naxçıvanda qoyulub: «Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində isə Naxçıvan davamlı inkişaf və əmin-amanlıq yolu ilə inamla addımladı. Muxtar respublikanın inkişafının 2003-cü ildən sonrakı dövrü isə ulu öndər Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün əyani ifadəsidir».

Müəllif yazıb ki, bütün bölgələr kimi, Naxçıvan da İ.Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində dinamik inkişaf yolu keçib. Son 10 ildə muxtar respublikada ümumi daxili məhsul (ÜDM) 10 dəfə artıb: «Muxtar respublikada sənaye məhsulunun həcmi 34.4 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 15.9 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 15.2 dəfə artıb. Yaradılan yüzlərlə istehsal müəssisəsində 72 mindən çox yeni iş yeri açılıb».

Müəllif vurğulayır ki, muxtar respublika 100 faiz qazla təmin edilib.

Yazının sonunda da oxuyuruq: «Azərbaycanın digər regionlarında olduğu kimi, Naxçıvanda da həyatın bütün sahələrindəki irəliləyişlər davamlıdır. Prezident İlham Əliyevin Naxçıvana bu günlərdə etdiyi səfər bunu bir daha təsdiq etdi. Dövlət başçısının açılışında iştirak etdiyi infrastruktur obyektləri göstərdi ki, qədim Azərbaycan yurdu olan Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində olmasına baxmayaraq, sürətli inkişaf və yüksəliş yolundadır».

Günün bütün mövzuları

XS
SM
MD
LG