Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:27

FSB Krım tatarlarını “ekstremizm”də suçlayır


Krım tatar fəallarının axtarışı, arxiv fotosu
Krım tatar fəallarının axtarışı, arxiv fotosu

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Krımın tatar fəallarını Kiyevin dəstəyi ilə hücumlar düzənləyib gerçəkləşdirməkdə ittiham edib. Ukrayna təhlükəsizlik xidmətləri isə bu iddiaları “fantaziya” adlandırıb.

FSB mayın 21-də bildirib ki, sui-qəsdçilər olduğu deyilən qrupa ukraynalı deputat, Krım tatarlarının veteran lideri Mustafa Dzhemilev-in parlamentdəki köməkçisi Erol Veliyev rəhbərlik edib.

İnsan haqları qrupları və Qərb hökumətləri Krımda tatar azlığı və Rusiyanın 2014-cü ilin martında yarımadanı ilhaqına etiraz edənlərə qarşı “repressiya kampaniyası”nı pisləyir.

Krım tatarlarının əksəriyyəti Rusiyanın ilhaqına qarşı çıxırdılar.

İTTİHAMLAR

FSB bildirir ki, tatar fəallar ekstremist qrup yaratmaqda, ona qoşulmaqda və ona üzv toplamaqda ittiham olunurlar. Bu ittihamlara görə 10 ilədək həbs cəzası nəzərdə tutulur.

Refat Chubarov
Refat Chubarov

Veliyev-in rəhbərlik etdiyi qruplaşmanın Krım tatarlarının Məclisinin sədri Refat Chubarov-un göstərişi, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) dəstəyi ilə hərəkət etdiyi bildirilir. Rusiya Məclisi qadağan edib.

SBU-nun sözçüsü isə AzadlıqRadiosuna deyib ki, FSB-nin “son fantaziyası”nı şərh etməyəcək.

FSB-nin bəyanatında qruplaşmanın yanvarda Krımın Moskvanın dəstəklədiyi baş müftisi Emirali Ablayev-in evini yandırdığı qeyd olunur.

Rusiya apreldə bu qrupun üzvü olduğu deyilən Oleksandr Steshenko-nu saxlamışdı, onun Krıma “təxribat” hazırlamaqdan ötrü girdiyi iddia olunurdu.

O zaman Ukraynanın Xarici İşlər Nazirliyi Moskvadan izahat tələb elədi.

Sonradan Rusiya televiziyası FSB-nin kadrlarını yayıb, Steshenko olduğu görünən, adı çəkilməyən bir şəxs təhqiqatçılara informasiya açıqlayır.

Dzhemilev-in köməkçisi Veliyev daxil olmaqla daha iki Krım tatarı barəsində Rusiyada axtarış elan olunub.

Rusiya Krımı ilhaq edəndən sonra Dzhemilev-in yarımadaya girişini beş il müddətinə yasaqlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG