ABŞ-da xüsusi prokuror Robert Mueller sentyabrın 1-dək Rusiya istintaqı çərçivəsində bir bənd üzrə araşdırmanı tamamlayacaq. Söhbət Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilə iddialarından gedir. Prezident Donald Trump-ın vəkili Rudolph Giuliani “The New York Times” qəzetinə bu haqda danışıb. Mueller həm də bir məsələylə bağlı qənaətini açıqlamalıdır – prezident Rusiya istintaqına təsir göstəribmi.
Giuliani-nin deməsinə görə, xüsusi prokuror istintaqın bitməsi tarixi haqda bir neçə həftə öncəki müzakirədə bildirib.
İSTİNTAQ UZANSA...
Daha öncə CNN də bu haqda xəbər vermişdi. Vəkilin deməsinə görə, istintaq uzansa, bu, noyabrda ABŞ konqresinə aralıq seçkilər zamanı seçicilərə təzyiq göstərə bilər.
“The New York Times” aprelin sonunda yazırdı ki, Mueller Trump-ın vəkillərinə 40-dan çox sual göndərib. Suallar Rusiyanın ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsi, bir hissəsi isə prezidentin keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-lə münasibətləri haqdadır.
Federal Təhqiqat Bürosunun (FTB) keçmiş rəhbəri James Comey barədə də suallar var. Bir neçə sualsa ABŞ-ın keçmiş prokuroru Jeffrey Sessions haqdadır. Qəzetin yazdığına görə, qalan suallar Rusiyanın 2016-cı ildə seçkiqabağı kampaniyaya müdaxiləsi haqda iddialarla bağlıdır.
Xüsusi prokuror Robert Mueller Trump-ın seçki kampaniyasının Kremllə işbirliyinə gedib getmədiyini araşdırır. İddialara görə, Rusiya Trump-ın qalib gəlməsinə kömək etməkdən ötrü demokrat rəqibi Hillary Clinton-u gözdən salmağa çalışıb.
Moskva isə digər ölkələrdə seçkilərə müdaxiləsiylə bağlı iddiaları rədd edir.