Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:06

'Təsərrüfatı sığortalanmayan fermerin sahəsinə dolu düşəndə...'-Media icmalı


Selin Zaqatalanın kəndlərinə vurduğu fəsadlar
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Selin Zaqatalanın kəndlərinə vurduğu fəsadlar

İnnovativ islahatlar, fermer təsərrüfatlarının sığortalanmaması, problemli kreditlər, neftin bahalaşması və qeyri-neft sektorunun inkişafı medianın aparıcı mövzularındandır...

Fermer təsərrüfatlarının sığortalanmaması

«Yeni Müsavat» qəzetində «Fermer təsərrüfatlarını risklərdən necə qoruyaq» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, fermer təsərrüfatlarını risklərdən qorumaq aktual məsələyə dönüb. Son günlər bəzi rayonlarda hava şəraitinin pisləşməsi, leysan, dolu fermer təsərrüfatlarına ciddi ziyan vurub: «Lakin diqqət çəkən odur ki, bununla bağlı fermerlərə nəinki yardım edilmədi, hətta dəymiş ziyan araşdırılıb ictimaiyyətə təqdim olunmadı. Kənd təsərrüfatı bütövlükdə yüksək risk daşıyan və iqlim şəraitindən asılı olan bir sahədir. Belə olan halda fermerlərin bu sahəyə yatırdıqları vəsaitlərin sözügedən risklərdən sığortalanması məsələsi gündəmə gəlir. Hazırda bu istiqamətdə müəyyən işlər görülsə də, hər hansı işlək mexanizm yoxdur və sığorta şirkətləri də fermerlərlə işləməkdə maraqlı deyillər».

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli də qəzetə deyib ki, Azərbaycanda aqrar sahənin sığortası normal müzakirə olunmayıb və mexanizmlər yaradılmayıb: «Ancaq əslində aqrar sahənin inkişafı baxımından sığortanın tətbiqi çox vacib istiqamətlərdən biridir».

Ekspert deyib ki, Azərbaycanda sığorta şirkətləri buna maraq göstərmir, dövlətin də müvafiq təşviq proqramları yoxdur.

N.Cəfərli bildirib ki, qonşu ölkələrdə dövlət sığorta xərclərinin ən azı yarısını öz üzərinə götürür, bu da sığorta şirkətlərində maraq oyadır.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov isə deyib ki, məhsul istehsalçıları əkin sahələrini əvvəlcədən sığorta şirkətləri ilə sığorta etdirməlidirlər: «Bu məqsədlə hər il dövlət büdcəsindən 1 milyon manat ayrılır, lakin istifadə olunmadan qalır».

Dollar/Manat
Dollar/Manat

Deputatın problemli kreditlərlə bağlı mövqeyi

«Exo» qəzetində «Məgər bahalı manat yaxşıdır?» sualı gündəmə daşınır.

Yazıda deputat Rüfət Quliyevin düşüncələrinə yer verilib.

Müəllif bildirir ki, deputat son vaxtlar dünya bazarında neftin qiymətindəki bahalığı bazarın «tələb-təklif» düsturu ilə izah edir.

Bu bahalığın Azərbaycanı qeyri-neft sektorunun inkişafından yayındıra biləcəyinə dair sualı da cavablandıran R.Quliyev deyib ki, uzun illər enerjidaşıyıcılar xammalı üzərində dayanan iqtisadiyyatın yaxın 1-2 ilə bütünlüklə bundan xilas olacağına inanmaq sadəlövhlük idi: «Belə bir şey olmayıb, ola da bilməz. Neftdən asılılığa 5 ildən, ola bilər ki, 10 ildən sonra son qoyulsun. Qeyri-neft sektorunun inkişafı heç də xammal sektorunun iqtisadiyyatda payını itirməsi kimi başa düşülə bilməz və belə şərait varsa, bundan niyə istifadə etməməliyik».

Deputat vurğulayıb ki, dövlət gəlirlərinin çoxu sosial-iqtisadi və infrastruktur layihələrinin genişləndirilməsinə istifadə edilir: «Əgər neftin qiyməti belə yüksək səviyyədə qalsa, bu, infrastruktur və sosial-iqtisadi proqramların inkişafına kömək edəcək».

Əhalinin banklara borcunu ödəyə bilməməsi və hökumətin bu sahədə tutumunu dəyərləndirən deputat deyib ki, məsələ dəfələrlə parlamentdə müzakirə edilib: «Manatın devalvasiyası və iqtisadiyyatın artım tempinin azalması ilə problemli kreditlər ortaya çıxıb. Burada əhalinin də, bankların da günahı var».

Deputata görə, burada çıxış yolu bankların faizləri 2-5 faiz arasında azaltmasında ola bilər.

İxrac
İxrac

«İnnovativ islahatların yeni mərhələsi»

«Azərbaycan» qəzetində «İlham Əliyev innovativ islahatların yeni mərhələsinə başladı» sərlövhəli yazı dərc edilib.

Yazıda prezident İ.Əliyevin bu günlər Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət departamentinin yaradılması haqda fərmanı üzərində dayanılır: «Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsidir».

Müəllif vurğulayıb ki, ixrac-idxal prosedurlarının sadələşdirilməsi islahatların tərkib hissəsidir. Onun fikrincə, əsas məsələ vaxt itkisi probleminin yaranmaması, eyni zamanda, rüsum və vergi tətbiqi mexanizmlərində qiymət artımına yol verilməməsidir.

Yazının sonunda isə qarşıya qoyulan məqsədlərin izahı baxımından prezident İ.Əliyevin son çıxışlarının birindən mövzu ilə bağlı sitat da gətirilir: «Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm də bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq».

XS
SM
MD
LG