Türkiyə prezidenti Recep Tayyip Erdogan Avropada yaşayan həmvətənlərini “gücünü bütün dünyaya göstərməyə” çağırıb. O, dünən – mayın 20-də Sarayevoda seçkiqabağı mitinq keçirib.
Xaricdə yaşayan minlərlə türkiyəli Bosniya-Herseqovinanın paytaxtına mitinqə qatılmağa gəlib. Belə ki, Avropa Birliyi ölkələrindən bəziləri ərazilərində belə toplantı keçirilməsinə icazə verməyiblər.
Sarayevonun Zetra idman mərkəzində 15 min adamın qatıldığı tədbir zamanı sərt təhlükəsizlik tədbirləri görülüb. Burada bir gün öncədən Erdogan-ın və Türkiyənin ilk prezidenti Mustafa Kemal Ataturk-un portretləri asılmışdı.
ONLARIN YERİNƏ SİZ OLMALISINIZ
Erdogan çıxışında xaricdə pensiyaya çıxmış türkiyəlilər üçün iş yerləri yaratmağa, övladlarının türkcəni öyrənməsindən ötrü yeni proqramlar gerçəkləşdirməyə boyun olub.
O, tərəfdarlarını Avropa siyasətində fəal iştiraka, anti-türk əhval ruhiyyəsini önləməyə çağırıb.
“Ölkəmizə xəyanət edənlər əvəzinə həmin parlamentlərdə siz olmalısınız”, – deyən Erdogan türk kökənli avropalı deputatlara eyham vurub.
Ötən il Avropa ölkələrindən çoxu referendum öncəsi Türkiyə hökumətinin təbliğat tədbirləri keçirməsinə icazə verməyincə AB ilə Ankara arasında gərginlik artıb. Referendum Erdogan-ın xeyrinə nəticələnib, ölkədə prezidentin səlahiyyətləri gücləndirilib.
Hazırda Avropada 3 milyonadək səsvermə hüququ olan türk var, onların 1,4 milyonu Almaniyada yaşayır. Türkiyədə iyunun 24-nə parlament və prezident seçkisi planlaşdırılır.
Avstriya və Niderland ötən ay bildiriblər ki, türkiyəli siyasətçilərin onların ərazisində kampaniya aparmasına icazə verməyəcək.
Ancaq Sarayevonun Ankarayla sıx münasibətləri var. Türkiyə 1990-cı illər müharibəsindən sonra Bosniyanın yenidən qurulmasında aparıcı rol oynayıb.
SƏRMAYƏ VƏDİ
Erdogan Bosniya paytaxtına mayın 20-də gedib, onu bir neçə nazirinin daxil olduğu böyük nümayəndə heyəti müşayiət edib.
O, Bosniya prezidentliyinin müsəlman üzvü Bakir Izetbegovic-lə görüşüb. Izetbegovic 2016-cı ildə Erdogan-ın qızının toyunda iştirak etmişdi.
Görüşdən sonra Erdogan deyib ki, ikitərəfli ticarəti gücləndirəcək. O, Belqrad və Sarayevo arasında əsas magistral yolun tikintisinə bir neçə milyard dollarlıq sərmayə vəd edib.
“İnanıram ki, türk şirkətləri Bosniyada daha çox infrastruktur layihələri quracaq. İnanıram ki, Belqrad-Sarayevo yol layihəsi uğurlu nəqliyyat layihəsi olacaq”, – Türkiyə prezidenti söyləyib.
Izetbegovic ilə əlavə edib ki, “Türkiyə bizim Avropa Birliyi və NATO üzvlüyümüzlə bağlı niyyətlərimizi, eləcə də Bosniya-Herseqovina iqtisadiyyatını dəstəkləyir”.
Bosniya iki muxtar qurumdan – əhalisi boşnak və xorvatlar olan Müsəlman-Xorvatiya Federasiyasından və pravoslav serblərin üstünlük təşkil etdiyi Srpska Respublikasından ibarətdir.
Erdogan ölkə rəhbərliyinin serb və xorvat üzvləri ilə görüşməyib.
Bosniyada bəzi qüvvələr Erdogan-ın toplantısına qarşı çıxmışdı.