Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Maduro-nun seçkini udduğu açıqlanıb


Maduro (ortada), arxiv fotosu
Maduro (ortada), arxiv fotosu

Venesuelanın seçki şurası indiki prezident Nicolas Maduro-nun səsvermənin qalibi olduğunu açıqlayıb. Ancaq Birləşmiş Ştatlar seçkini “saxta” adlandırıb, opponentləri isə onu qanuni saymayacağını bildirib.

Şura mayın 20-də axşam bildirib ki, Maduro 5,8 milyon səs, rəqibi Henri Falcon isə 1,8 milyon səs qazanıb.

“Reuters” seçki mənbəyinə istinadla seçicilərin cəmi 32 faizinin səsverməyə getdiyini xəbərləyib. Rəsmi rəqəmlər bu göstəricinin 46 faiz olduğunu bildirib. 2013-cü il seçkisində seçicilərin 80 faizinin səsvermə hüququndan istifadə etdiyi bildirilmişdi.

Müxalifətdə olan Demokratik Birlik koalisiyası seçiciləri səsverməni boykot etməyə çağırıb, prosesi “məzhəkə” adlandırıb. Tənqidçilərsə prosesin diktatorun “başına tac qoymağı” hədəflədiyini iddia edib.

Seçki məntəqəsində Hugo Chavez-in portreti asılıb
Seçki məntəqəsində Hugo Chavez-in portreti asılıb

Falcon seçkinin nəticələrini tanımayacağını bildirib, onu “qanunsuz” adlandırıb. Onun deməsinə görə, yüzlərlə şikayət alıb, hakim partiya üzvlərinin seçki məntəqələri yaxınlığında və içərisində şəxsiyyət vəsiqələrinin üzünü çıxardığı, Maduro-ya səs verənlərə rüşvət vəd edildiyi bildirilib.

“SAXTA SEÇKİ HEÇ NƏYİ DƏYİŞMİR”

Falcon seçki müşahidəçilərinin bəzilərinin məntəqələrə buraxılmadığını, bəzilərini əsgərlərin döydüyünü açıqlayıb.

Birləşmiş Ştatlar, Avropa Birliyi və 14 Latın Amerikası ölkəsi seçkini pisləyib, iddia edib ki, dövlət resurslarından istifadə, Maduro-nun iki əsas rəqibinə qadağa qoyulması, hakimiyyətə sadiq seçki şurası hazırkı prezidentə üstünlük qazandırıb.

Yekun nəticə açıqlanmazdan öncə ABŞ dövlət katibi Mike Pompeo seçkini pisləyib. “Saxta seçki heç nəyi dəyişmir. Venesuela xalqı ölkəni idarə etməlidir... bu millət dünyaya çox şey verə bilər”, – o deyib.

Nicolas Maduro əleyhinə nümayişdə etirazçı, 3 may, 2017-ci il
Nicolas Maduro əleyhinə nümayişdə etirazçı, 3 may, 2017-ci il

55 yaşlı Maduro artıq ikinci müddətə bu posta seçilir. O, özünü sələfi, 2013-cü ildə dünyasını dəyişmiş Hugo Chavez-in başlatdığı “Chavismo” siyasi hərəkatının varisi kimi təqdim edir.

ABŞ prezidenti Donald Trump administrasiyası Maduro-nun solçu hökumətinə təzyiqi artırır, bəzi rəsmilərinə sanksiya qoyub, Birləşmiş Ştatların maliyyə bazarlarından borc almasını məhdudlaşdırır.

Vaxtilə zəngin bu neft ölkəsi hazırda iqtisadi və sosial böhran yaşayır. Ərzaq, dərman, gündəlik tələbat mallarının qıtlığı yüzminlərlə venesuelalının qonşu ölkələrə üz tutmasına səbəb olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG