Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 14:05

'Neft bahalaşır, idxal artır'-Media icmalı


Süd

Şopinq festivalı, neftin bahalaşmasının Azərbaycana mümkün təsirləri, aqrar sektorda məhsulun maya dəyərinin baha başa gəlməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Ətin də, südün də Azərbaycanda maya dəyəri baha başa gəlir»

«Novoye Vremya» qəzetində «Aqrar sahə: artım var, amma hələ o deyil» sərlövhəli yazı oxumaq olar.

Yazıda iddia olunur ki, illərdir kənd təsərrüfatı haqqında iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahəsi kimi danışılsa da, hələlik burada uğurlar o qədər də nəzərə çarpan deyil: «Kənd təsərrüfatı məhsullarının ixracının artması hələ o demək deyil ki, ölkədə bu sahə hansısa yeni inkişaf mərhələsinə qədəm qoyub. Keçmiş illə müqayisədə hansısa hərəkət var, amma «Azərbaycan məhsulları dünya bazarında rəqabətqabiliyyətlidir» demək hələ çox tezdir».

Müəllif «Süd və Süd Məhsulları İxracatçıları» İctimai Birliyinin sədri Samir Eyyubova istinadən qeyd edib ki, Azərbaycan Rusiya, Qazaxıstan bazarlarını süd məhsulları ilə təmin etməkdə çətinlik çəkir. Onun deməsinə görə, həmin sahəni Belarus istehsalçıları tutublar. S.Eyyubov buna səbəb kimi Azərbaycanda süd məhsullarının maya dəyərinin çox yüksək olmasını göstərib: «Biz Kənd Təsərrüfatı Nazirliyi ilə birgə südün maya dəyərinin aşağı salınması üçün proqram hazırlamaq istəyirik. Hazırda fermerlər zərərə işləyirlər. Yüksək maya dəyəri bazarın xarici məhsullar tərəfindən tutulmasına səbəb olur və bu, ixracı məhdudlaşdırır».

Yazıda vurğulanır ki, tək süd yox, regionda ən baha ət də Azərbaycandadır.

Müəllif hesab edir ki, fermerlərin kifayət qədər maliyyəsinin olmaması istehsalı artırmağa imkan verməyib.

Yazıda vurğulanır ki, burada daha bir problem yüksək faiz üzündən banklardan kreditlərin götürülməməsindədir.

Neft buruğu. Karikatura
Neft buruğu. Karikatura

Neftin bahalaşmasının mümkün təsirləri...

Musavat.com saytında «Hakimiyyət neft gəlirlərinə güvənən siyasətə qayıtmamalıdır» sərlövhəli yazı yer alır.

Yazıda dünya bazarında neftin qiymətinin bahalaşması və bunun Azərbaycana təsiri iqtisadçı-ekspert Qubad İbadoğlu ilə təhlil edilib.

Yazıda vurğulanır ki, hazırda Azərbaycan «qara qızıl»ının 1 bareli 80 dollara yaxınlaşıb.

İqtisadçı-ekspert Q.İbadoğlunun fikrincə, qiymətlərin yüksəlməsi Azərbaycan kimi orta və aşağı səviyyəli neft ixracatçılarından ötrü daha effektlidir: «Azərbaycan üçün düşünürəm ki, indiki qiymət səviyyəsi məqbuldur, çünki yüksək maliyyə resurslarına çıxış imkanları yaradır. Xarici ticarət balansında müsbət saldonu artırır. Tədiyə balansının pozitiv qalığı yaranır ki, bu da manatın məzənnəsinin tənzimlənməsi sahəsində əlavə imkanlar formalaşdırır».

Amma Q.İbadoğlu deyib ki, neft qiymətlərinin artması bəzi arzuolunmaz hallara da səbəb olur. O diqqətə çatdırıb ki, dövlət büdcəsində neftin payı çoxalır.

Q.İbadoğluna görə, neftin qiymətinin belə artması, ölkəyə əlavə valyuta vəsaitlərinin gəlməsi iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafına yönəlik islahatların sürətləndirilməsinə mane olur, arxayınçılıq yaradır.

Üstəlik, ekspert hesab edir ki, neftin qiymətinin artması idxalı stimullaşdırır. Onun vurğulamasına görə, bu ilin dörd ayının yekunları göstərir ki, əvvəlki illərə nisbətən idxal xeyli artıb, ölkədə manatın məzənnəsi sabit saxlanılır.

Ekspertə görə, neft qiymətləri həmişə belə yüksək qalmaya bilir. Ona görə də ölkə qeyri-neft sektorunu inkişaf etdirməyə məcburdur.

Şopinq
Şopinq

Qaytarılan ƏDV-lər artır

«Azərbaycan» qəzetində dərc edilən «Bakı bölgənin sərfəli ticarət mərkəzinə çevrilir» sərlövhəli yazıda iki həftədən çoxdur ki, Bakıda təşkil olunan Şopinq festivalı dəyərləndirilir.

Müəllifin iddiasına görə, beynəlxalq ictimaiyyətin marağına səbəb olan bu festival qısa zamanda yüksək etibar qazanıb: «2017-ci ildə iki uğurlu festival keçirilib. Bu müddətdə, ümumilikdə, 665 mağaza iştirakçı qismində festivala qoşulub. Həmin mağazalarda festival çərçivəsində 71 min 331 ədəd əlavə dəyər vergisi (ƏDV) qaytarılması əməliyyatı həyata keçirilib. Yerli alıcılarla yanaşı, ƏDV qaytarılması imkanından yararlanan turistlərin sayı isə 6 min 534 nəfər olub».

Yazıda bildirilir ki, şopinq-festivallar davam etdikcə, qaytarılan ƏDV-lərin həcmi də artır. Müəllif şopinq-festivalların məqsədinə də toxunur.

«Festivalın məqsədi Azərbaycanda ticarət dövriyyəsini inkişaf etdirmək, genişləndirmək, turizmə əlavə stimul yaratmaq, yerli istehsalı və sahibkarlığı hərəkətə gətirmək, qeyri-neft-sektorunun yeni bir yolla canlanmasına nail olmaqdır», - müəllif vurğulayır.

Yazının sonunda da oxuyuruq: «Dövlət başçısının 1 sentyabr 2016-cı il tarixli, «Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» sərəncamına əsasən keçirilən festivalın təşkili Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması «Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi»ndə də öz əksini tapıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG