Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 09:56

Cümhuriyyətin ilk bayrağının əks olunduğu xalça aşkarlanıb


Xalça

«Azərxalça» Açıq Səhmdar Cəmiyyəti (ASC) üzərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk bayrağının əks olunduğu xalça aşkar edib.

Bu barədə ASC-nin yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, Azərbaycanın müstəqil olacağına inanan insanlar müxtəlif vasitələrlə cümhuriyyətçilik ideyalarını yaşatmağa çalışıblar.

««Azərxalça» Açıq Səhmdar Cəmiyyətinin aşkara çıxardığı qədim və nadir xalça da belə nümunələrdən biridir.

1926-cı ildə Qarabağda - Şuşa şəhərində toxunmuş bu xovlu xalça Azərbaycan xalçaçılığında unikal hadisədir. Ölkəmizin mədəniyyət tarixində ilk dəfə olaraq dövlət rəmzi - bayraq xalça üzərində öz əksini tapıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 21 iyun - 9 noyabr 1918-ci il tarixlərini əhatə edən ilk bayrağı xalq ustaları xalça üzərində əbədiləşdirib. Xalçanın yazıları və təsvirləri ərəb kalliqrafiyasının qaydalarına müvafiq şəkildə soldan sağa doğru toxunub», -məlumatda yazılır.

Xalçanın üzərində onun hicri tarixi ilə 1345-ci ildə (miladi tarixi ilə 1926-cı il) toxunduğu qeyd olunub.

Ölçüsü 178 x129 olan xovlu xalça yundan toxunub.

«1926-cı ildə müstəqil dövlətçilik atributunu əks etdirən belə bir xalçanın toxunması böyük cəsarət tələb edirdi. Bu, o dövr idi ki, müstəqillik ideyalarını təbliğ edən, Azərbaycanı azad görmək istəyən ziyalılar təqib olunur, 1930-cu illər repressiyasına hazırlıq gedirdi», - ASC vurğulayır.

Məlumatda o da bildirilir ki, Azərbaycanda şəxsi kolleksiyada saxlanılan bu xalça nümunəsi 2013-cü ildə Hollandiyada şəxsi kolleksiyadan alınaraq ölkəyə gətirilib.

Xatırlatma

AXC 1918-ci il mayın 28-dən 1920-ci il aprelin sonlarına kimi mövcud olub. 1920-ci il aprelin 28-də Rusiya qoşunlarının müdaxiləsi nəticəsində süqut edib.

Bu il ölkədə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG