Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:04

Keçmiş icra başçısının daha 2 qohumunun saxlandığı bildirilir


Polis

Mayın 8-də narkotik ittihamı ilə həbs edildiyi bildirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun daha 2 qohumunun saxlandığı açıqlanıb.

S.Rüstəmov 1997-ci ildən Rusiyada yaşayıb və sahibkarlıqla məşğul olduğu bildirilir. Onun bir neçə günlüyə qohumunun yaş mərasimində iştirak etmək məqsədilə Azərbaycana gəldiyi deyilirdi.

Qardaşı Taleh Rüstəmovun açıqlamasına görə, elə mayın 8-də polis Bakının Nərimanov rayonunda onların qardaşı oğlu Vidadi Rüstəmovu da saxlayıb.

«Mayın 12-də də Vidadi Rüstəmovun dayısı oğlu Azər Adamov Türkiyədən qayıdarkən Bakı aeroportunda saxlanıb. Bundan başqa, bazar günü, mayın 13-də isə Gədəbəy rayonunda əslən bu rayondan olan Rusiya vətəndaşı Bəhruz Tağıyevin saxlandığını eşitmişik. Biz qohumlarımızın harada saxlanıldığını və nədə ittiham olunduğunu bilmirik. Vəkillərə də saxlanan şəxslərlə görüş verilmir», - deyə T.Rüstəmov bildirib.

Bu deyilənlərə Daxili İşlər Nazirliyi və məhkəmə orqanlarından münasibət almaq mümkün olmayıb.

S.Rüstəmovun mayın 8-də Gədəbəydən Bakıya qayıdarkən Şəmkir postunda saxlandığı bildirilirdi. Qardaşı T.Rüstəmovun deməsinə görə, həmin vaxt o da hadisə yerində olub.

T.Rüstəmov vurğulayırdı ki, onda post yaxınlığında çoxsaylı mülkigeyimli şəxslər və Yol polisi əməkdaşları dayanıb: «Elə çatan kimi, Salehi maşından düşürdülər, bizi isə düşməyə qoymadılar».

T.Rüstəmov deyib ki, S.Rüstəmovu saxlandıqdan sonra Şəmkir şəhərinə aparıblar. Onun bildirməsinə görə, sonradan vəkili vasitəsilə öyrəniblər ki, qardaşı haqqında narkotik ittihamı ilə Bakının Nərimanov Rayon Məhkəməsində 4 ay həbs-qətimkan tədbiri seçilib.

Bu məsələyə də məhkəmədən münasibət almaq cəhdləri nəticə verməyib.

Xatırlatma

S.Rüstəmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (ACXP) keçmiş üzvü olub. 1992- 93-cü illərdə Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy prezident olanda Gədəbəy rayonunda icra hakimiyyəti başçısı vəzifəsində çalışıb. Onun uzun illərdir Rusiyada yaşadığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG