Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:14

Google abort referendumu reklamlarını silir


İrlandiyada aborta etiraz aksiyası, arxiv fotosu
İrlandiyada aborta etiraz aksiyası, arxiv fotosu

Google İrlandiyada abort referendumuna bağlı reklamları silir. Şirkət mayın 9-da elan edib ki, bu addım “seçkinin bütövlüyü”nün qorunması məqsədilə atılır. Xəbəri “The Associated Press” agentliyi yayıb.

Bir gün öncə isə Facebook sosial şəbəkəsi İrlandiya kampaniyasında xaricdən dəstəklənən reklamları qadağan edib. Bu arada seçkiyə onlayn müdaxilə, seçicilərə internet reklamlarının təsiri sarıdan qlobal narahatlıq artmaqdadır.

Google bildirib ki, mayın 10-dan 25 may referendumuna bağlı reklamların yayımını dayandırır. İrlandiyada abortlara konstitusion qadağanın ləğvi müzakirəyə çıxarılır.

“ƏLAVƏ PROBLEM ARZULAMIRLAR”

Sözügedən reklam qadağası Google və YouTube şəbəkələrinə aiddir.

Google bu qərardan dolayı itirəcəyi reklam gəlirinin həcmini açıqlamayıb.

Arxiv fotosu
Arxiv fotosu

Birləşmiş Ştatlarda 2016-cı il prezident seçkisi zamanı Rusiyadan qaynaqlanan qrupların Google və Facebook-da reklamlar yerləşdirdiyi, seçicilərə təsir göstərməyə çalışdığı üzə çıxıb. Həmin reklamlar əsasən ölkədəki qaynar mövzularla bağlı amerikalılar arasında çaşqınlıq, qəzəb, narazılıq yaratmağı hədəfləyib.

eMarketer şirkətinin təhlilçisi Karin von Abrams-ın fikrincə, reklamların qadağan olunması mümkün mənfi nəticələrdən, nüfuzun zədələnməsindən qısamüddətli qorunma üsuludur:

Onlar uzunmüddətli perspektivdə seçki gəlirlərindən imtina etmək istəməyəcəklər, ancaq indiki məqamda əlavə problem arzulamırlar”.

Mayın 8-də Facebook da abort referendumuyla əlaqədar xarici reklamları yasaqlayıb.

Hazırda həm Google, həm də Facebook Birləşmiş Ştatlarda noyabr aralıq seçkisi öncəsi şəffaflığını artırmağa çalışır, artıq reklamvericilərin ölkəsinin göstərilməsi alətləri də hazırlanıb.

İKİCƏ HƏFTƏ QALMIŞ...

İrlandiyada xaricdən siyasi ianələr qadağandır, ancaq bu qanun sosial mediada reklama aid olunmayıb. Referendum kampaniyası zamanı İrlandiyada onlayn reklam alanlar içində Birləşmiş Ştatlarda mənzillənən, aborta qarşı çıxan təşkilatlar da var.

İllüstrasiya
İllüstrasiya

İrlandiyalı deputat, müxalifətdə olan Fianna Fail partiyasının sözçüsü James Lawless Google və Facebook-un addımlarını alqışlayıb, ancaq bunun səsvermə gününə ikicə həftə qalmış baş verməsinə diqqət çəkib.

Düzgün addımdır, amma gərək bunu altı ay qabaqdan də biləydik”, – o deyib. Deputatın İrlandiya parlamentinə təqdim etdiyi qanun layihəsi reklamvericilərin naşir və sponsorlarını açıqlamaları tələb olunub.

Əsasən katolik ölkəsi sayılan İrlandiyada aborta sərt qadağa var. Yalnız qadının həyatına təhlükə yarandığı halda dölün tələf olunmasına icazə verilir. Hər il minlərlə irland qadın abort etdirməyə qonşu Britaniyaya gedir.

Referenduma aborta konstitusion qadağanın saxlanması, yaxud ləğv olunması çıxarılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG