Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:03

CHP-nin namizədi İlham Əliyevi tənqid edən Muharrem İnce oldu


CHP tərəfdarları, arxiv fotosu

Türkiyənin əsas müxalifət partiyası millət vəkili Muharrem İnce-nin prezidentliyə namizədliyini irəli sürüb. O, iyunda erkən seçkidə prezident Recep Tayyip Erdogan-la yarışmalı olacaq.

Dünyəvi Cumhuriyet Halk Partisi (CHP) İnce-nin namizədliyini bu gün – mayın 4-də keçirdiyi qurultayında açıqlayıb. İnce deyib ki, təkcə partiya tərəfdarlarını deyil, Türkiyənin 80 milyonluq vətəndaşını təmsil edəcək. Bu haqda “The Associated Press” agentliyi yazır.

ƏSAS NAMİZƏD AKSENER OLA BİLƏR

İnce 2002-ci ildən parlamentdədir, Türkiyənin qərbindəki Yalova şəhərindən seçilib. 54 yaşı var, ixtisasca fizika müəllimidir. Erdogan-ın və hakim AKP-nin qatı tənqidçisidir.

Meral Aksener
Meral Aksener

Türkiyədə parlament və prezident seçkisi 2019-cu ilin noyabrına təyin olunmuşdu, daha sonra bu il iyunun 24-nə keçirildi. Bu arada müxalifət alyanslar yaratmağa, namizədlərini irəli sürməyə çalışır.

CHP Erdogan-ın hakimiyyətdə olduğu son 15 ildə onu uda bilməyib. Partiya lideri Kemal Kilicdaroglu daha öncə demişdi ki, prezidentliyə namizədliyini verməyəcək, partiya sədri eyni zamanda dövlət başçısı ola bilməz.

İnce 2014 və 2018-ci illərdə CHP-də partiya seçkisində Kilicdaroglu-nun rəqibi olub.

“Reuters” yazır ki, onun bir namizəd kimi Erdogan-ın kəskin ritorikasıyla ayaqlaşa biləcəyi, partiyanın həm mühafizəkar, həm də sağ qanad seçicilərinin dəstəyini alacağı düşünülür.

Ancaq Erdogan-ın ən güclü rəqibi keçmiş daxili işlər naziri Meral Aksener ola bilər. O, ötən il MHP-dən ayrılaraq İyi Partini yaradıb. MHP Erdogan-ı dəstəkləyir.

Bu həftə CHP, İyi Parti və daha iki partiya bir araya gələcək, seçki alyansı, Erdogan-a qarşı böyük alyans yaratmağı müzakirə edəcək. Bu da belə bir spekulyasiyaya yol açıb ki, CHP səsvermənin ikinci raundunda namizədini geri çəkə, Akseneri dəstəkləyə bilər.

“KOMŞUDA PİŞER...”

Muharrem İnce ötən il Azərbaycanın hakim ailəsiylə bağlı tənqidi fikirlərinə görə də gündəmə gəlmişdi. O, həmin fikirləri Bursada mitinqdə 16 aprel referendumuna niyə “yox” deyilməsinin vacibliyindən danışarkən səsləndirmişdi. Azərbaycan prezidenti İlham Əliyevin öz xanımını birinci vitse-prezident təyin etməsinə toxunmuş, onu ilk təbrik edənin isə Türkiyənin enerji naziri, Erdogan-ın kürəkəni Berat Albayrak-ın olduğunu demişdi: “İlk kutlayan damat oldu damat, niye... Komşuda pişer bize de düşer de ondan”, – İnce söyləmişdi.

Ötən ilin aprelində Türkiyədə referenduma çıxarılan konstitusiya dəyişiklikləri prezidentin səlahiyyətini genişləndirib. Həmin dəyişikliklər məhz seçkidən sonra qüvvəyə minəcək.

Azərbaycanda 2016-cı ilin sentyabrında konstitusiyaya dəyişiklikləri, ondan sonra birinci xanım Mehriban Əliyevanı birinci vitse-przident postuna gətirilməsini tənqidçilər “hakimiyyətin bir ailənin əlində cəmləşməsi” adlandırır. Hakimiyyət təmsilçiləri isə tənqidləri rədd edir.

XS
SM
MD
LG