Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 11:01

Narkoloji Mərkəzin direktorunun həbs edildiyi deyilir


25 nəfərin ölümünə səbəb olan yanğın
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

25 nəfərin ölümünə səbəb olan yanğın

Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin direktoru Telman Məmmədhəsənovun həbs edildiyi bildirilir.

APA-nın xəbərinə görə, ondan başqa, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində də həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Xəbərdə bildirilir ki, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub və onlar barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

T.Məmmədhəsənov da daxil olmaqla, hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin 225. 2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma - zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bu maddələr üzrə təqsirli sayılarlarsa, sözügedən şəxslərə 7 ilə kimi həbs cəzası verilə bilər.

Onların ittihamlara münasibəti açıqlanmayıb. Bu deyilənlərə onların vəkillərindən də münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bu il martın 2-si səhər saatlarında Xətai rayonunda yerləşən Narkoloji Mərkəzdə yanğın baş verib, 25 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanları əvvəlcə bildiriblər ki, yanğına elektrik naqillərində qısaqapanma səbəb olub.

Sonra Mərkəzdə «alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları» diaqnozu ilə müalicə aldığı bildirilən Bakı şəhər sakini Məhəmməd Məmmədov həmin hadisədə şübhəli şəxs qismində tutulub.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında vurğulanırdı ki, ilkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

«Saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib», - rəsmi açıqlamada vurğulanırdı.

M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinə əsasən, qeyd olunan maddələrin hər biri üzrə 14 ildən 20 ilədək azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.

Bu açıqlamaya da M.Məmmədovun vəkili və yaxınlarından münasibət almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG