Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 19:11

'Əfv sərəncamı yenə görüntü xarakteri daşıyacaqsa...'-Media icmalı


Neft

Keçmiş prezident Heydər Əliyevin 95 illiyinə hazırlıq, əfv gözləntiləri, iqtisadiyyatın şaxələndirilməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Neftin qiyməti bahalaşdı, ...»

«Exo» qəzetində «Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi planı axsayır?» sualı gündəmə daşınır.

Müəllif yazının başlığına çıxarılan mövzunu ekspert İlham Şabanla müzakirə edib.

İ.Şaban deyib ki, son vaxtlar neftin qiymətində yenidən bahalanma baş verib. Bu isə onun fikrincə, Azərbaycan hökumətinin diqqətini qeyri-neft sahəsindən hasilat sahəsinə yönəldib: «Yəni, iqtisadiyyatın şaxələndirilməsi üzrə plan yenidən axsamağa başlayıb. Son 10 ildə qeyri-neft məhsullarının ixracında hər hansı dəyişiklik baş verməyib. Qorxuram ki, yaxın illərdə də bu sahədə heç nə dəyişməyə».

İ.Şaban vurğulayıb ki, Azərbaycanın 2018-ci ilə aid dövlət büdcəsində neftin barreli 45 dollardan hesablanır. Hazırda Azərbaycan nefti 75 dollara satılır. Onun fikrincə, yaranan 30 dollarlıq fərqi qeyri-neft sahəsinin inkişafına sərf etmək olar.

Ekspert iddia edib ki, qeyri-neft sahəsində ancaq turizm sektoru inkişaf edir. Onun iddialarına görə, bu sektor inkişaf sürətini belə saxlasa, 2025-ci ilə Azərbaycan postsovet məkanında iri turizm mərkəzlərindən birinə çevrilə bilər: «Qeyri-neft sektorunun qalan sahələrinə gəlincə, burada hər hansı innovasiya, investisiya və struktur dəyişiklikləri yoxdur. Bu mənada 2015-ci ilə aid statistik göstəricilərlə indiki cari göstəricilər arasında ciddi dəyişiklik müşahidə olunmur».

İ.Şaban deyib ki, 2017-ci ildə Azərbaycan 1 milyard 538 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib. Bu isə yazıda xatırlanmasına görə, 2016-cl il ilə müqayisədə 24 faiz artım deməkdir. Amma bunun da 150 milyon dollarının Dövlət Neft Şirkəti müəssisələrinin ixracından gələn gəlirlər olduğu bildirilir.

İ.Əliyev
İ.Əliyev

Əfv gözləntisi

Azadliq.info saytında «Əliyev yeni əfvə hazırlaşır-xilas, yoxsa növbəti imitasiya?» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, ölkədə yaxın günlərdə yeni əfv fərmanının imzalanacağı ilə bağlı gözlənti var.

Müəllif xatırladıb ki, əvvəllər əfv fərmanı ilə yanaşı, Amnistiya Aktının imzalanacağından da söhbət gedirdi: «İndi belə bəlli olur ki, Amnistiya Aktından söhbət getmir. Amma əfv sərəncamı gündəlikdədir və bu, deyəsən, elə H.Əliyevin 95 illiyi ilə əlaqələndiriləcək. Aldığımız məlumatlara görə, növbəti əfv sərəncamı mayın 10-na, yəni məhz H.Əliyevin doğum gününə qədər imzalanmalıdır. Konkret olaraq mayın 8-ni göstərən mənbələr də var».

Müəllif hesab edir ki, əslində bu məsələdə maraqlı tərəf əfv sərəncamında hansı dustaqların adlarının olmasıdır: «Hazırda vəziyyət belədir ki, İ.Əliyevin 11 aprel növbədənkənar seçkisi Qərbin yekdil neqativ rəyini alıb. Az qala hər gün ailəsi və hökumət üzvləri ilə bağlı bir korrupsiya əməli beynəlxalq səviyyədə ifşa olunur...».

Müəllifə görə, belə bir vəziyyətdə hakimiyyətdən ötrü siyasi məhbus sayılan şəxslərin azadlığa buraxılması ən düzgün seçim olardı: «Gözlənilən əfv sərəncamı, buna qədər olduğu kimi, yenə də yalnız bir neçə nəfər artıq həbs müddəti bitməkdə olan siyasi məhbusu əhatə edəcək və görüntü xarakteri daşıyacaqsa, İ.Əliyev geniş mənada növbəti imkanı itirmiş olacaq».

Bununla belə, müəllif bütün siyasi məhbus sayılan şəxslərin tezliklə azadlığa çıxacağına bir qədər inamsız yanaşır: «Əlbəttə, İ.Əliyevin 160 nəfər siyasi məhbusun hamısına birdən haqq etdikləri azadlığı verəcəyi çox az ehtimal olunur. Belə siyasi səxavət onun praktikasında olmayıb. Onun öz sərəncamına siyasi dustaqlardan kimlərin adlarını salacağını da proqnozlaşdırmaq çətindir...».

H.Əliyev
H.Əliyev

«Hüquqi islahatlar banisi»

«Azərbaycan» qəzetində «Hüquqi islahatların banisi» sərlövhəli yazıda Azərbaycanın mərhum üçüncü prezidenti Heydər Əliyevin zamanında aparıldığı bildirilən hüquqi islahatlar dəyərləndirilir.

Müəllif H.Əliyevi «fenomenal şəxsiyyət» adlandırıb və bildirib ki, qarşıda onun 95 illik yubileyi gəlir.

Yazıda tək onun 1993-cü ildən 2003-cü ilə kimi prezidentliyi götürülmür, 1969-1982-ci illər arası Sovet Azərbaycanına rəhbərlik etdiyi dövr də unudulmur: «Ümumiyyətlə, hər bir xalqın tarixən formalaşmış dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtdir. Tarix göstərir ki, daxilən güclü, vətənpərvər və xarizmatik lideri olmayan xalqın yaranmış real şansdan düzgün faydalanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması mümkün deyil. Xalqların həqiqi azadlığına zəmin yaradan iqtisadi müstəqillik də məhz fenomen şəxsiyyətlərin milli resursları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanır».

Yazıda daha sonra 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyası üzərində dayanılır. Müəllif hesab edir ki, bununla müstəqil dövlət quruculuğu prosesinin əsas prioritetləri müəyyən edildi, bütün sahələrdə islahatlara qanunvericilik bazası yaradıldı.

Yazıda vurğulanır ki, həmin siyasət indi də ölkədə uğurla davam etdirilir: «Bu gün Azərbaycan öz intibahının yeni mərhələsini yaşayır. Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövləti prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir...».

XS
SM
MD
LG