Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 07:09

Hökumət şərabçılığı inkişaf etdirmək istəyir


Salyanda üzüm bağları

Azərbaycan 2025-ci ilədək şərab ixracını 5 dəfə artırmağı planlaşdırır.

Prezident İlham Əliyevin mayın 3-də imzaladığı ««2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında» Sərəncamda bundan bəhs edilir.

Sənədə əsasən, dövlət proqramının məqsədi şəraba tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixrac imkanları nəzərə alınmaqla ödənilməsidir. Şərab müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, xammal təminatının yaxşılaşdırılması, bu məhsulların ixracının artırılması da məqsədlər sırasındadır.

Proqram həmçinin, kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsindən ötrü ölkədə üzümçülüyün və şərabçılığın inkişafının stimullaşdırılmasını da hədəfləyir.

Dövlət proqramına görə, qeyd olunan hədəflərə çatmaqdan ötrü bir sıra tədbirlər həyata keçiriləcək. Xüsusilə, bu məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi, şərab istehsalı, ixracının artırılması, istehsal infrastrukturunda geriləmənin aradan qaldırılması və milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması nəzərdə tutulur. İdxalda keyfiyyətsiz məhsullarla mübarizənin gücləndirilməsi də proqramda əsas vəzifələr sırasında qeyd olunur.

Sənəddə vurğulanır ki, dövlət proqramının icrası nəticəsində Azərbaycanda şərabçılıq ənənələri bərpa olunacaq. Şərab ixracının 2025-ci ilədək 5 dəfə artırılacağı bildirilir.

Bunun dövlət büdcəsi, büdcədənkənar fondlar, investisiyalar və başqa mənbələrdən maliyyələşəcəyi bildirilir.

Xatırlatma

Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalının 2017-ci ildə 1 milyon dekalitri ötdüyü bildirilir. Həmin məhsulların 375 min dekalitri ixrac edilib.

Azərbaycandan şərab məhsulları, əsasən, Rusiyaya (338 min dekalitr) və Çinə (27 min dekalitr) göndərilib.

Azərbaycan prezidenti 2016-cı ildə «İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» Fərman imzalayıb. Həmin sənədə uyğun olaraq, investisiya təşviqi sənədi almış şərab istehsalçıları 7 il müddətində qazanclarının 50 faizinə görə mənfəət vergisindən azad ediliblər. Habelə, onların həmin müddət ərzində idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğulara görə əlavə dəyər vergisi (ƏDV) ilə gömrük rüsumundan azad edildikləri bildirilir.

Ekspertlər Azərbaycanda bu sahənin monopoliyada olduğunu deyirlər. Hərçənd, rəsmilər bu iddiaları qəbul etmirlər.

XS
SM
MD
LG