Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:15

'Azərbaycanda pomidor ucuzlaşacaq'-Media icmalı


Pomidor
Pomidor

Dollarlaşmanın səviyyəsi, Türkiyənin aqrar məhsullarının Rusiya bazarlarına çıxarılmasına qoyulan qadağanın götürülməsinin Azərbaycana mümkün təsirləri və köçkünlərin sosial-məişət şəraiti medianın aparıcı mövzularındandır...

Rusiya bazarına «ayaq açan» türk pomidoru və...

«Yeni Müsavat» qəzetində «Rusiyadan Türkiyəyə «yaşıl işıq»: Azərbaycanda pomidor ucuzlaşacaq» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bu gün mayın 1-dən Rusiyanın Türkiyə pomidorlarına qoyduğu qadağa aradan qaldırılır. Müəllif bunun Azərbaycana mümkün təsirlərini ekspertlərlə araşdırıb.

İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Rusiya ticarətdən siyasi danışıqlar prosesində təzyiq vasitəsi kimi istifadə edir. O buna səbəb olaraq bir neçə il öncə Türkiyə ilə Rusiya arasında təyyarə vurma olayını göstərir: «Təqribən iki il öncə Türkiyədən Rusiyaya pomidor idxalı qadağan edilmişdi. Rusiya həmişə bu məsələdən Türkiyə ilə danışıqlarda bir təzyiq vasitəsi kimi istifadə edib».

Başqa bir iqtisadçı-ekspert Rəşad Həsənov isə deyib ki, iki ölkə arasındakı razılaşma Azərbaycanın daxili bazarında pomidorun ucuzlaşmasına səbəb olacaq: «Azərbaycanın qeyri-neft sektorunda əsas ixrac məhsulu kənd təsərrüfatı məhsullarıdır. Aqrar məhsulların strukturunda isə ən çox ixrac olunan pomidordur. Pomidorun əsas bazarı isə Rusiya bazarıdır».

Ekspert vurğulayıb ki, 2015-ci ildən sonra Rusiya ilə Türkiyə arasında yaranan siyasi böhranın nəticəsi olaraq bu ölkəyə pomidor ixracının məhdudlaşdırılması Azərbaycandan olan fermerlərin manevr imkanlarını artırıb.

R.Həsənov deyib ki, qadağa götürüldükdən sonra Rusiya bazarında üstünlük yenə Türkiyə məhsullarına aid olacaq: «Daxili bazarda təklifin məhdud olması səbəbindən əhali məhsulu yüksək qiymətə alırdı. Hazırda daxili bazarda pomidorun qiyməti Azərbaycan ailəsinin imkanlarına uyğun deyil. Rusiyanın Türkiyə pomidoruna olan qadağanı ləğv etməsindən sonra bizim sahibkarlar məhsullarının bir qismini daxili bazarda satmağa məcbur olarlarsa, bu, təklifin artmasına və qiymətlərin optimallaşmasına səbəb olacaq».

Dollar
Dollar

«Manat bəzi funksiyalarını itirir...»

«Exo» qəzetində «Bu gün heç kim manatla pul yığmır» sərlövhəli yazı yer alır.

Yazıda Azərbaycan manatının dəyəri ekspert Əkrəm Həsənovla müzakirə edilib.

«Azərbaycan MDB məkanında dollarlaşmanın səviyyəsinin yüksək olduğu ölkələrdən biridir. Amerika valyutası Azərbaycan iqtisadiyyatında çəkisini ilbəil artırır, bu isə manatın qeyri-sabitliyi ilə bağlıdır», - deyə Ə.Həsənov qəzetə bildirib.

Ekspert daha sonra deyib: «İqtisadi qanunlara görə, pul dəyər, dövriyyə və yığım vasitəsi kimi üç mühüm funksiyanı yerinə yetirdiyi zaman pul olur. Təəssüf ki, Azərbaycan manatı artıq bir neçə ildir ki, yığım vasitəsi və dəyər ölçüsü funksiyasını yerinə yetir bilmir».

Ə.Həsənov vurğulayıb ki, hazırda ölkədə bütün iri iqtisadi əməliyyatlar (avtomobil, daşınmaz əmlak alqı-satqısı və s.) dolların cari məzənnəsi ilə uyğunlaşdırılaraq aparılır: «İrihəcmli ödənişlərdə dollarlaşma səviyyəsi 100 faizə yaxındır. Qeyri-rəsmi ödənişlər də əvvəlki kimi manatla deyil, ancaq dollarla aparılır. Belə faktlar var».

Ekspert bildirib ki, ölkə vətəndaşları ancaq xarici valyutada pul saxlayır. O qeyd edib ki, manatla yalnız banklardakı əmanətlər saxlanır: «Birincisi, bu əmanətlər tam sığortalanıblar. İkincisi, maliyyə müəssisələri buna görə orta hesabla illik 10 faiz gəlir verir».

Ə.Həsənov əlavə edib ki, yüksək dollarlaşma səviyyəsi dövlətin maliyyə əsasını dağıda bilər: «İqtisadiyyatın dollarlaşması ciddi problemdir və bu dövlətin maliyyə əsaslarını dağıda bilər».

23 ildir yol kənarında yaşayan köçkünlər
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Kəlbəcər köçkünləri

«Azərbaycan» qəzetində «Sosial-məişət şəraiti yaxşılaşır» sərlövhəli yazı dərc edilib.

Yazıda Kəlbəcər rayonundan köçkün düşən insanların sosial-məişət şəraitindən bəhs edilir.

Müəllif yazıb ki, ölkənin 60-dan artıq bölgəsində məskunlaşan Kəlbəcər rayonu sakinləri köçkünlük həyatı yaşasalar da, aqrar sahənin inkişafı istiqamətində aparılan genişmiqyaslı işlərdə fəallıqla iştirak edirlər.

Yazıda vurğulanır ki, onlar məskunlaşdıqları ərazilərdə yorulmaq bilmədən çalışır, həm ölkə iqtisadiyyatının yüksəlməsi, həm də ailə büdcələrinin formalaşmasından ötrü əllərindən gələni əsirgəmirlər: ​«2017-ci ildə kənd təsərrüfatının müxtəlif sahələri üzrə irəliləyişlər əldə edən rayon sakinləri dənli bitkilərin əkin sahəsini 31.6 hektar genişləndirərək 343.6 hektara çatdırıblar. Hər hektardan nəzərdə tutulduğundan çox məhsul əldə ediblər. Bu nailiyyətdən ruhlanan taxılçılar cari ilin məhsulu üçün əkin sahələrinin həcmini bir qədər də artırıb, 91 hektarda dən üçün arpa, 76 hektarda yonca, 5 hektarda xəsillik arpa səpiblər. Qalan sahələrdə yazda günəbaxan səpilməsi nəzərdə tutulub».

Yazıda bildirilir ki, keçən il onlar ilk dəfə Bərdə rayonunun Lənbəran kəndində şəkər çuğunduru və pambıq əkiblər. Çuğundur sahələrindən 485 ton, pambıq sahələrindən isə 8690 kiloqram məhsul əldə edilib.

Yazının sonunda da oxuyuruq: «Kəlbəcərlilərin sağlamlıqlarının qorunması istiqamətində də xeyli iş görülüb. Dövlət başçısının tapşırığına əsasən, əhali pulsuz tibbi müayinələrə cəlb edilərək keçən il 18 min 474 nəfər kəlbəcərli müayinə və müalicə olunub. Bundan başqa, rayon sakinlərinə tibbi xidmətin səviyyəsini yüksəltmək məqsədilə Gəncədə fəaliyyət göstərən Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə və mama-ginekologiya şöbələri üçün yeni bina tikilərək istifadəyə verilib».

Kəlbəcər rayonu 1993-ci ildə işğal edilib.

XS
SM
MD
LG