Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:40

Yeni hökumət haqqında yazılanlar-Media icmalı


Baş nazir N.Məmmədov
Baş nazir N.Məmmədov

Prezident seçkisindən sonra formalaşan yeni hökumət komandasının tərkibi, işsizliyə görə sığorta ödənişləri və başqa bu kimi məsələlər medianın aparıcı mövzularındandır...

«Yeni ad ilə gələn köhnələr»

Azadliq.info saytında «Başımıza gələn nazir» sərlövhəli yazı oxumaq olar

Yazıda aprelin 11-də keçirilmiş prezident seçkisindən sonra yeni hökumət komandasının formalaşdırılması ilə bağlı təyinatlar dəyərləndirilir.

Müəllif yazıb ki, «analoqsuz» 11 aprel seçkilərindən sonra elə «analoqsuz» kadr dəyişikliklərinin baş verəcəyi məlum idi: «Bəzi ekspertlər ümid bolluğuna düşərək yeni komandanın meydana çıxacağını proqnozlaşdırırdılar. Amma «sən saydığını say, gör əlahəzrət nə sayır» deyimi aktuallığını saxladı».

Müəllif hesab edir ki, əslində baş nazir postunda 82 yaşlı Artur Rasi-zadəni 71 yaşlı Novruz Məmmədovun əvəz etməsində təəccüblü heç nə yoxdur. Yazıda vurğulandığına görə, ağıllı adamlar başa düşürdü ki, yeni baş nazir müstəqil qərar qəbul etmək səlahiyyəti olmayan şəxs olmalı idi.

Müəllif daha sonra yeni baş nazirin anti-Qərb məzmunlu tvitləri ilə məşhur olduğunu deyərək, ondan seçmələr də təqdim edir: «Məsələn, «Azərbaycan xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alır», «Mövcud münaqişələr xüsusən Qərb dövlətlərinin siyasətinin nəticəsidir», «Varşava Müqaviləsinin fəaliyyətinin dayandırılmasından sonra dünya ədalət prinsiplərini saxlaya bilməyib» kimi fikirlərin müəllifi Novruz Məmmədovdur»

Müəllifə görə, N.Məmmədov bütün fəaliyyəti boyu Ermənistanın himayadarı Rusiyaya sevgisini, demokratik dünyaya tənqidi münasibətini gizlətməyib.

Yazıda vurğulanır ki, hökumətdəki «radikal» islahatlar 11 aprel seçkilərini nəticələrinə tam adekvatdır.

İ.Əliyev
İ.Əliyev

«İslahatlara başlandı»

«Azərbaycan» qəzetində «İlham Əliyev dövlət idarəetmə sisteminin növbəti və əsaslı islahatlarına başladı» sərlövhəli yazı dərc edilib.

Bu yazıda isə yeni hökumətin formalaşması ilə bağlı təyinatlar islahat kimi təqdim edilir. Müəllif komanda tərkibində həm yaşlıların, həm də gənclərin olmasını «dövlət başçısının inkişaf strategiyasının icrasını təcrübəli, həm də gənclərdən ibarət peşəkarlar komandaya həvalə etməsi» adlandırır.

Yazıda iddia edilir ki, ölkədə sistemli, geniş islahatlar gedir, hər sahə üzrə konkret layihə var: «İlham Əliyevin «daha güclü, daha inkişaf edən Azərbaycan, daha rifahlı vətəndaş» konsepsiyasının müasir dövrdə icrasını həyata keçirəcək hökumət də məhz bu yeni situasiyada fəaliyyət göstərəcək. Təşəbbüskarlıq, çeviklik, səmərəlilik, şəffaflıq, məsuliyyət kimi dəyərlər prezidentin məmurlardan hər zaman əsas tələbi olub».

Daha sonra müəllif baş nazir vəzifəsinə məhz N.Məmmədovun təyin olunması üzərində dayanır.

Müəllif yazıb ki, N.Məmmədovun xarici siyasət sahəsində peşəkar məmur, bacarıqlı nəzəriyyəçi alim olması, Azərbaycan əleyhinə qərəzli kampaniyalara reaksiya verməsi, Heydər Əliyev siyasi xəttinə, İlham Əliyev missiyasına sədaqəti və yüksək təşkilatçılıq qabiliyyəti onun baş nazir təyin olunmasının əsas səbəbləri sırasındadır.

Yazının sonunda da oxuyuruq: «Prezidentin inauqurasiya mərasimindəki çıxışının tezisləri, əslində, yeni hökumətin qarşısında konkret vəzifələri müəyyənləşdirir. Daha güclü Azərbaycanı qurmağı qarşıdakı yeddi ilin əsas hədəfi elan edən İlham Əliyevin etimadını doğrultmaq isə yeni hökumətin tək siyasi yox, həm də mənəvi borcudur...».

Bakıda əmək yarmarkası. 2007
Bakıda əmək yarmarkası. 2007

«İş adamlarına yeni cərimələr»

«Exo» qəzetində «Azərbaycanda iş adamlarına qarşı yeni cərimələr təklif ediblər» sərlövhəli yazı yer alır.

Yazıda işsizliyə görə sığorta ödənişləri məsələsi ekspertlərlə müzakirəyə çıxarılıb.

Müəllif bildirir ki, rəsmi statistikaya görə, ölkədə işsizlərin sayı bir elə də çox deyil. Yazıda vurğulanır ki, amma heç də bütün işsizlər məşğulluq idarələrinə müraciət etməyiblər.

Bu il yanvar ayının 1-dən işsizliyə görə müavinətlər ləğv olunub. Onları işsizliyə görə sığorta ödənişi əvəz edib. Bu sığorta ödənişlərini isə Sığorta Fondu ödəyir. İşsizliyə görə məcburi sığorta ödənişlərini icra etməməyə görə sanksiyalar təklif olunur.

Müəllif yazıb ki, bununla bağlı ağır cərimədən, iki il islah işləri və ya üç ilə kimi həbs cəzasından söhbət gedir.

Qəzetə danışan ekspert Nəriman Ağayev Fondun yaradılmasını müsbət hadisə adlandırıb. N.Ağayevin iddiasına görə, qeyri-formal əmək bazarında 400 min nəfərə yaxın şəxs çalışır. Ekspertin fikrincə, onların leqallaşdırılmasından ötrü sərt tədbirlər olmalıdır.

Ekspert Cəmaləddin İsmayılov isə bir qədər fərqli düşünür. O isə deyib ki, cərimələr əsaslı dönüşə səbəb ola bilməyəcək.

«Kimsə hansısa xoşagəlməz səbəb üzündən işini itirəcək. Elələri var ki, işləmək istəmir, başqasının hesabına yaşamaq istəyir. Buna görə səhər tezdən durub işə gedən, 8 saat işləyən şəxs qazandığının bir hissəsini ona verməlidir?», - deyə ekspert sual edib.

XS
SM
MD
LG