Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:15

Sarkisian: 'Baş nazir postundan gedirəm' [Reaksiyalar]


Serzh Sarkisian

Rasim Musabəyov: “O, hakimiyyətdən üzüağ, vaxtı bitəndə, özü də hörmətlə uzaqlaşa bilərdi”

Deputat Rasim Musabəyov deyir ki, Serzh Sarkisian uzun zamandır hakimiyyətdə qaldığından reallıqla rabitəni itirmişdi:

“Nəticə də göstərdi ki, o, hakimiyyətdən üzüağ, vaxtı bitəndə, özü də hörmətlə uzaqlaşa bilərdi. Amma o, yanlış addım atdı. Həm erməni xalqı, həm də öz ətrafı artıq ondan bezmişdi. Ona görə də prosesin nəticəsi göz qabağındadır”.

Rasim Musabəyov müxalifətin Azərbaycanda da siyasi iqtidarın uzun zamandır hakimiyyətdə olduğundan dəyişmək zərurəti və dəyişikliklərə getmək tələbini normal qarşılamır: “Onu deyən çıxsın ortalığa. Hanı o deyənlər? “Facebook”da oturub post yazmaqla bu cür məsələlər həll olunmur. Demək asandır”.

Deputat AXCP sədri Əli Kərimlinin Ermənistanın vətəndaş cəmiyyətinin inkişafı, siyasi-iqtisadi azadlıqların təminatı baxımından Azərbaycandan hər zaman öndə olması fikrini də rədd edir: “O sözü deyənlər hakimiyyətə gələndə ölkəni hansı vəziyyətə saldıqlarını xatırlayın. Düşünürəm ki, Azərbaycan xalqı bunu hələ ki yaddaşından çıxarmayıb”.

Elman Məmmədov: “Azərbaycanla Ermənistanı müqayisə etmək kökündən yanlışdır”

“Sarkisian və komandası bir dəstə hərbi cinayətkar idi. Onlar Azərbaycan ərazilərinin işğalında, xüsusən də Xocalıda soyqırımı törədilməsində iştirak etmişdi. Ermənistanda hakimiyyəti zəbt etmişdilər. Erməni xalqını fəlakətə aparırdılar. Xalq çoxdan bu cinayətkarlardan yaxa qurtarmalı idi. Bunu da etdi”, – hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi, əslən Qarabağdan olan deputat Elman Məmmədov belə deyir.

Qeyd edək ki, Sarkisian müxtəlif müsahibələrində, beynəlxalq tribunalardakı çıxışlarında barəsindəki bu iddiaları təkzib edib.

Deputat Elman Məmmədov da həmkarı Rasim Musabəyov kimi Azərbaycanla Ermənistanın müqayisə edilməsini düzgün saymır. Deputat Azərbaycanda hər şeyin yolunda-qaydasında olduğunu, prezidenti xalqın seçdiyini, onun artıq yeni komandasını formalaşdırdığını bildirir:

“Hakimiyyət dəyişikliyinə ehtiyac yoxdur. Azərbaycanda həm kadr, həm də struktur islahatları gedir. Azərbaycan inkişaf edir. Azərbaycanla Ermənistanı müqayisə etmək kökündən yanlışdır”.

Əli Kərimli: "Proses tək Sarkisian-ın istefası ilə bitə bilməz"

AXCP sədri Serzh Sarkisian-ın istefasını “erməni xalqının böyük qələbəsi” adlandırır və demokratikləşmə istiqamətində atılan çox mühüm addım sayır.

Əli Kərimlinin sözlərinə görə, Ermənistan əvvəlki dövrdə də həm siyasi, həm də iqtisadi azadlıqlara görə Azərbaycandan öndə olub:

“Ermənistanda Azərbaycanla müqayisədə həm müxalifətin, vətəndaş cəmiyyətinin, qəzetlərin vəziyyəti, həm də iş adamlarının vəziyyəti çox yaxşıdır. Çünki burda iqtisadi azadlıqlar yüksək səviyyədə təmin olunub. Amma ümid edirəm ki, hadisələrin məntiqinə uyğun olaraq proses parlament seçkilərinin keçirilməsinə qədər gedəcək. Proses tək Sarkisian-ın istefası ilə bitə bilməz. Çünki son seçkilər demokratik keçirilməmişdi. Yeni parlament seçkilərinin keçirilməsi ilə Ermənistan demokratikləşmə baxımından yeni mərhələyə adlamış olacaq”, – Kərimli söyləyir.

“Qarabağ məsələsində haqlı ikən haqsız duruma düşəcəyik”

AXCP sədrinin qənaətincə, Azərbaycanda dəyişikliklər getməsə, bu, həm ölkə, həm də Ermənistan-Azərbaycan rəqabəti baxımından pis nəticə verəcək:

“Artıq Ermənistan hakimiyyəti xalqın seçdiyi, dünyada demokratik sayılan hakimiyyət olacaq. Əks tərəfdə tək adam rejimi davam edərsə, bu Azərbaycanın maraqlarına çox ciddi ziyan vuracaq. Çünki biz Qarabağ məsələsində haqlıyıq. Ancaq başqa məsələlərdə haqsız olduğumuza, bizə rəhbərlik edənlərə dünya inanmadığına görə, Qarabağ məsələsində haqlı ikən haqsız duruma düşəcəyik. Bu baxımdan hesab edirəm ki, Ermənistanda baş vermiş bu demokratik, dinc inqilab Azərbaycan xalqını da öz haqları uğrunda mübarizəyə səfərbər edəcək. İndiyə kimi çox şişirdirdilər ki, Rusiya bölgədə dəyişikliyə imkan verməz. Amma o heç öz forpostunda dəyişikliklərin qarşısını ala bilmədi”.

“Hərbi avantüra ssenarisi”

Azərbaycan və ya Ermənistan bu qarışıqlıqda hərbi avantüraya gedə bilərmi? Əli Kərimli bir gün öncə bununla bağlı narahatlığını “Facebook” sosial şəbəkəsində bölüşmüşdü. O, prezident İlham Əliyevə müraciətlə yazmışdı ki, erməni xalqı “əliqanlı” Sarkisianı cəzalandırmaq istəyirsə, Azərbaycan buna mane olmamalıdır:

“Aprel döyüşlərində gördük ki, ordumuz qələbə qazansa belə, Rusiya bunun daimi olmasına imkan verməyəcək. Bu halda Sarkisianın hakimiyyətinin möhkəmləndirilməsi üçün atəşkəsin pozulması, yeni qurbanların verilməsi cinayət olardı. Bu günsə Ermənistanda hadisələr sürətlə getdi. Məncə, həm də ona görə sürətlə getdi ki, görünür, Sarkisian Rusiyadan təklif olunan ssenaridə iştirak etmək istəmədiyindən başını götürüb qaçdı, çünki bu, daha çox qanlara səbəb ola bilərdi”.

Azər Qasımlı (REAL): "Sarkisyan korrupsiyaya bulaşmışdı"

“Bu istefanı müsbət qiymətləndirirəm. Ermənistan Azərbaycana düşmən ölkə olsa da, erməni xalqının özünə rəhbər seçmək, istəmədiyi rəhbərini istefaya göndərmək hüququ var. O da bu hüququndan istifadə etdi”, – Ermənistandakı etirazları, baş nazirin istefaya getməsini şərh edən REAL partiyası sədrinin sözçüsü Azər Qasımlı deyir:

“Serzh Sarkisian da eyni postsovet məkanındakı digər ölkə rəhbərləri, siyasi elitalar kimi korrupsiyaya bulaşmışdı, siyasəti monopoliyada saxlayırdı. İki dəfə prezident olduqdan sonra üçüncü dəfə baş nazir olmağa cəhd etməsi yanlış idi. Bu, yaxşı bitmir. Suriya kimi ölkələrin nümunəsi göz önündədir”.

O, Ermənistanda “klassik, əsl məxməri” inqilab baş verdiyi qənaətindədir. “Burda bir nəfərin də burnu qanamadı”, – siyasətçi əlavə edir.

“Baş nazir Pashinian olacaqsa...”

Erməni siyasi elitasının, erməni iqtisadiyyatının hər zaman Rusiyanın təsiri altında olduğunu söyləyən partiya funksioneri Moskvanın Serzh Sarkisianın getməsini istəmədiyini bildirir:

“Amma proseslər o qədər sürətlə cərəyan etdi, kütləviləşdi ki, artıq Rusiya öz müttəfiqini qoruya bilmədi. Bu hadisə digər ölkələr, o cümlədən Azərbaycan iqtidarı üçün də nümunə olmalıdır”.

Sarkisian-dan sonra ölkədə nələr dəyişə bilər, ölkə Rusiyanın təsirindən qurtulmağa çalışacaqmı? Azər Qasımlı deyir ki, bu, Sarkisian-dan sonra kimin baş nazir olmasından asılıdır. Hərçənd o, Moskvanın Ermənistanı çox asanlıqla əldən verməyəcəyinə, Ermənistan uğrunda mübarizəni sona qədər davam etdirəcəyinə əmindir. Bunun üçün Kremlin əlində yetərincə rıçaq olduğunu da əlavə edir:

“Bu inqilabın başında duran Pashinian baş nazir olacaqsa (indiki parlament qalacağı halda onun baş nazir olmaq ehtimalı yüksək deyil, onun hakimiyyətə gəlməsi ölkənin parlament seçkilərinə gedib-getməməsindən asılıdır), Ermənistan xarici siyasətini 180 dərəcə dəyişməsə də, Qərb institutlarına daha çox inteqrasiya yolunu tutacaq, rusiyayönlü siyasətlə yanaşı avrointeqrasiya siyasəti aparılacaq. Bu, qabarıq şəkil alacaq. Xarici siyasət ikivektorlu olacaq”.

“Ukrayna ilə Ermənistanı müqayisə etməyin”

Azər Qasımlı Ukraynayla Ermənistanda baş verənləri müqayisə etməyin tərəfdarı deyil:

“Ukraynada vəziyyət daha qəliz idi. Rusiya Ermənistan kimi Ukraynanı da nəzarətindən buraxmaq istəmirdi. Amma bunlar etnik baxımdan bir-birinə yaxın dövlətlər və xalqlar idi, bunun da təsiri vardı. Rusiyameylli adamlar, Rusiya agentləri Ukraynanın Müdafiə, Daxili İşlər nazirliklərinə sızmışdılar. Ona görə Ukraynada proses çox ağrılı getdi”.

Qasımlı Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmağa cəhd edəcəyi halda Gürcüstan, Ukraynanın aqibəti ilə üzləşəcəyini qaçılmaz sayır. Amma o, Qırğızıstan nümunəsini də yada salır: “Rusiya faktorunun olması o demək deyil ki, postsovet məkanında olan ölkələr daxili siyasətdə yeni qərar verməməlidirlər, iqtisadi-siyasi monopoliyanı aradan qaldırmamalıdırlar, demokratik, hüquqi dövlət qurmamalıdırlar, islahatlar keçirməməlidirlər və s. Hər halda, Rusiya xarici siyasətdə dəyişiklik istəmir, NATO qoşunlarının bölgəyə gəlməsini istəmir, avrointeqrasiyanı istəmir və sair. Məsələn, Qırğızıstan qərbyönümlü dövlət deyil, amma islahatlar aparır, hakimiyyət son illərdə dəfələrlə dəyişib, ədalətli seçkilər keçirilib, pis-yaxşı sistem qurmağa cəhd edirlər. Bir şeylər də alınır”.

Zərdüşt Əlizadə: «Deyiblər, «getməlisən». O da getdi»

«Bu istefa gözlənirdi. Əgər hakim zümrədə çat varsa, Serjikin hakimiyyətinin uzadılmasının əleyhinə çıxan qüvvələr varsa, onlar mütləq aşağıları irəli verib onun istefasına nail olacaqdılar. Belə də oldu», – azərbaycanlı politoloq Zərdüşt Əlizadə Ermənistanın yeni baş naziri S.Sarkisyanın istefası haqda danışarkən belə söyləyir:

«Mən orda baş verənlərə internetdə baxırdım. Ermənistanın sanballı adamları, o cümlədən Bako Saakyan, azadlıq hərəkatının liderlərindən Vazgen Manukyan, keçmiş baş nazir Karapetyan və başqaları oturmuşdular, Serjik də başını aşağı salmışdı. Görünür, Sarkisyana deyiblər ki, «getməlisən». O da getdi».

Hərçənd, politoloq yeni baş nazirin demokrat olacağını və ya fərqli idarəçilik üsulu gətirəcəyini güman etmir: «Yeni baş naziri hakim zümrə təyin edəcək. O da mafioz olacaq. Keçmiş baş nazir qədər biabırçı səviyyədə olmasa da».

«Moskvaya qarşı çıxmaq yeni erməni liderlərinin planına daxil deyil»

Əlizadə Ukraynada baş verənlərlə Ermənistanda yaşananlar arasında paralel aparır:

«Viktor Yuşşenko gələndə necə sevinirdilər, sonradan köhnə hamam, köhnə tas oldu. Ya da Yanukoviçi devirəndə necə sevinc vardı, amma sonrakı daha betər çıxdı. Əminəm ki, Ermənistanda da quruluşun, hakimiyyətin mahiyyəti dəyişməyəcək. Sarkisyan gedəcək, yenisi gələcək, yavaş-yavaş yeyib, cibini dolduracaq».

O ki qaldı baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə, politoloq konfliktin nizamlanmasında yenilik gözləmir. Buna səbəb də son günlər Ermənistandakı etirazlarda müşahidə etdikləridir:

«Buna ən parlaq sübut odur ki, mitinqlərdə Rusiya əleyhinə bir kəlmə söz səslənmədi. Bu o deməkdir ki, Rusiyanın Cənubi Qafqazı idarə etmək üçün Qarabağı alət kimi, qarmaq kimi istifadəsinə qarşı çıxmaq yeni erməni liderlərinin planına daxil deyil. Onlar da Rusiyaya biət edəcəklər və buna görə də bu məsələdə ciddi dəyişiklik olmayacaq».

Ermənistanda aprelin 17-də baş nazir postuna təsdiqlənmiş S.Sarkisyan bu gün – aprelin 23-də istefa verib. Ölkədə 11 gündür antihökumət etirazları keçirilir, Sarkisyan və hökumətinin istefası tələb olunurdu.

+++

Sarkisian-ın istefası barədə onun vebsaytında bəyanat yerləşdirilib.

Aprelin 23-də Yerevanda və başqa şəhərlərdə etirazların 11-ci günü başlayıb. Nümayişçilər baş nazirin istefasına çağırırdılar.

Sarkisian aprelin 17-də parlament tərəfindən baş nazir postuna seçilmişdi və bu vəzifədə heç bir həftə qala bilmədi.

Pashinain “haqlı idi. Mən səhv elədim”, – bəyanatda Sarkisian-a istinadla bildirilir. O, etirazçılarla qarşıdurmada digər mümkün həll yollarının olduğunu, ancaq onlara əl atmayacağını deyir.

Baş nasir postundan gedirəm”, – Sarkisian bəyan edir.

***

Ermənistan baş nazir Serzh Sarkisian istefa verdi.

Bu gün - aprelin 23-də Ermənistanda əsgərlər də etirazçılara qoşulub. ƏTRAFLI BURADA

Serj Sarkisian istefa verdi, etirazçılar bayram edir
Gözlə

No media source currently available

0:00 0:00:20 0:00

***

Aprelin 13-dən minlərlə etirazçı Yerevanda nümayişlərə çıxıb. Onlar 2015-ci ilin dekabrda konstitusiya edilmiş dəyişikliyə etiraz səslərini ucaldırlar. Həmin dəyişiklik prezidentin səlahiyyətini məhdudlaşdırıb, baş nazirinkini gücləndirib.

Serzh Sarkisian-la qohumluq bağlı olmayan Armen Sarkisian parlament tərəfindən seçilib və aprelin 9-da and içib.

Aprelin 17-də Ermənistan parlamentində keçirilən səsvermədə Sarkisyan 76-17 nisbəti ilə baş nazir seçilib. Ölkə qanunlarına edilmiş dəyişiklik baş naziri siyasi hakimiyyətin birinci fiquru edir.

Bu təyinatdan sonra etirazların lideri Nikol Pashinian ölkədə "məxməri inqilab"a çağırmışdı.

Serzh Sarkisian 2014-cü ildə vəd eləmişdi ki, ölkəsi prezident sistemindən parlament sisteminə keçsə, baş nazir postuna “iddia etməyəcək”. İndi Pashinian və müxalifətin digər liderləri onu vədini pozmaqda suçlayırlar.

Sarkisian-ın opponentləri Ermənistan hökumətini korrupsiya və iqtisadi səriştəsizlikdə suçlayır. 1991-ci ildə Sovet ittifaqı dağılandan sonra müstəqillik qazanmış Ermənistan yardım, investisiya baxımından Rusiyadan asılıdır.

XS
SM
MD
LG