Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:17

XİN: Səfirlik İraq hakimiyyəti ilə sıx təmasdadır


XİN

«İraqda Azərbaycan vətəndaşlarının məsələsi bu ölkədəki səfirliyimizin daimi diqqət mərkəzindədir».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Nazirlik sözçüsü deyib ki, səfirlik istər İraqda olan Azərbaycan qadınlarının vətənə gətirilməsi, istərsə də onlardan bu yaxınlarda ölüm hökmü çıxarılmış 3 şəxsin məsələsi ilə məşğuldur:

«Hələlik bu sahədə yeniliklər yoxdur. Amma Azərbaycanın səfirliyi məsələlərin həlli ilə bağlı istər İraq hakimiyyəti, istərsə də bu ölkənin hüquq-mühafizə orqanları ilə sıx təmasdadır», - mətbuat xidmətinin rəhbəri H.Hacıyev bildirib.

Keçən ilin sonlarında İraqın «İslam Dövləti» (İŞİD) adlı terror qruplaşmasından təmizlənən ərazilərində Azərbaycan əsilli uşaqların tapılması ilə bağlı məlumatlar yayılmışdı. Həmin uşaqlardan biri- Abdulla Azərbaycan gətirilərək babasına təhvil verilmişdi.

Rəsmilər İraqda 100-dən çox Azərbaycan əsilli qadın və uşaqların aşkarlanması ilə bağlı məlumatlar aldıqlarını və onların geri qaytarılması istiqamətində fəaliyyət göstərdiklərini açıqlamışdılar.

Üstəlik, hüquq-mühafizə orqanları da bildirirdilər ki, Azərbaycandan bir çox insanlar İraqa gedərək terror təşkilatları ilə əlaqəyə giriblər. Onların bəzilərinin Azərbaycan vətəndaşlığından çıxarıldığı açıqlanmışdı.

Ancaq bu ilin martında Bakıda keçirilən Qoşulmama Hərəkatının konfransına qatılan İraq Xarici İşlər Nazirliyinin təmsilçisi Azərbaycan əsilli qadın və uşaqlardan ötrü onlara rəsmi müraciət edilmədiyini bildirmişdi.

İraqın kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Azərbaycan əsilli 3 qadın barəsində ölüm hökmü İŞİD terror təşkilatı ilə bağlantılarının olması iddiası ilə verilib. Onların ittihamlara münasibəti açıqlanmır.

XS
SM
MD
LG